İlin son kitabı, Tofiq Nurəlinin “Darıxan nəğmələr” adlı şeirlər kitabı çapdan çıxdı.

Müstəqil.Az xəbər verir ki, tanınmış və sevilən həkim/şair Tofiq Nurəlinin ilin son kitabı olan “Darıxan nəğmələr” adlı şeirlər kitabı işıq üzü görmüşdür.

Kitabda şairin ancaq sevgi şeirləri toplanmışdır.
Kitab Azərbaycan Yazıçılar Birliyinin “AybKitab “ seriyasındandır.

Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu) 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini “Şəfqət”, indiki “Tibb qəzeti”ni yaratmış və 1991-1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir.

Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk “Şehli kəpənəklər” adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin “Literaturnaya qazeta” da dərc olunması həmin müvəffəqiyyətin davamı idi.

“Şehli kəpənəklər” (1983), “Yağışdan sonra” (1989), “Tənha bir qüssə” (1998), “Tənha payız yarpağı” (2003), “Yarpaqlarım “ağrıyır” (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub. 1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən “Qaçaq Mayıl” kinopovestinin də müəllifidir.

Şairə daha böyük yaradıclıq uğurları arzulayırıq.

 

Aysel Səfərli

Müstəqil.Az

 

Share: