İlin sonuna qədər Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması şansı var.
Bunu Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin -nın Moskva müxbirinin müvafiq sualına cavab verərkən deyib.
Sülh sazişinin perspektivlərinə toxunan Qaluzin bildirib ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması şansı həmişə var.
“Yəqin ki, bu sualı Ermənistan və Azərbaycan diplomatlarına ünvanlamaq daha məqsədəuyğundur, lakin demək istərdim ki, şans hər zaman var. Ermənistan və Azərbaycanın bu şansdan istifadə edəcəklərmi, bu, sualdır” – deyə nazir müavini vurğulayıb.
Qaluzin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün perspektivlərini şərh etməkdən yayınıb.
“Mən bir diplomat kimi proqnoz verməkdən çəkinməyə üstünlük verərdim. Rusiya tərəfinin Ermənistan və Azərbaycana ölkələrimizin liderlərinin 2020-ci ilin noyabrında və ondan sonra formalaşdırdıqları prinsiplər əsasında sülh yolu ilə nizamlanma üzrə dialoqu davam etdirməklə bağlı dəvətləri qüvvədədir”, – deyə Lavrovun müavini əlavə edib.