Müstəqil.Az şair YETİM QACARIN şeirlərini təqdim edir:
Ürəyim demirəm sənə, ürəyim
Dönmüsən ürəkdə ev adamına.
A cırtdan sevgilim,mən necə deyim
İlişdin sevginin div adamına.
Bu eşqə giriş var, cıxışı yoxdu
Nə etdim söyləmə toxunub simə.
Mən səndən sevməyi tələb etmirəm ,
Sən də unutmağı məndən istəmə.
Məni aldadaraq yola gətirmə,
Yolunu azanlar meşədə olur .
Gülüm, o nağıldı, nağılda cox vaxt
Divlərin ürəyi şüşədə olur.
Bu eşqdən döndərməz hec ölüm məni
Ayıra bilərmi de, həsrət necə .
Qorxma hörüyündən asmaram səni,
Qoynunda yatmaram qırx gün, qırx gecə.
Bizə gərək deyil nə səhra, nə qum
Səhra söhbətini daha bitirək.
Tutub əllərimdən sən gözünü yum,
Qaranlıq dünyaya işıq gətirək.
Demirəm yolunu ölüb gözlüyüm,
Demirəm bir olaq bir ömür boyu.
Sənin əllərində ölümsüzlüyüm,
Sənin dodağında dirilik suyu.
Qəm də gözlərində nura bürünür ,
İcimdə saxlayım səni sirr kimi?
İki tək bir yerdə inan görünür ,
Dünyada ən xoşbəxt olan bir kimi.
İnciyə bilərsən, küsə bilərsən
Sən get söyləyirsən, mənsə getmirəm.
Sən mənim zəngimi kəsə bilərsən ,
Mən səni ərinə halal etmirəm.
Ürəyim demirəm sənə, ürəyim
Dönmüsən ürəkdə ev adamına .
A cırtdan sevgilim, mən necə deyim
İlişdin sevginin div adamına.
………………………………………
Məni tək yaratmısan,
Tək yoğurub xəmrimi,
Tənhalığa atmısan.
Bilirsən təklik nədir ?
Üstəgəl tənhalığı ,
İntihar bu yaşımda
Qocanın uşaqlığı.
Qara günə işarə ,
Tellərimin ağlığı.
Mən niyə tək qalmışam ?
Məni tək yaratmısan…
Məni tək yaratmısan ?
Cismim nə,
Dinim nədi ?
Tanrı özü də təkdi ,
Mənə bu təsəllini
Cüt olan adam cəkdi.
Bəndənin təkliyinə,
Bu təsəlli, uzağı
Ya əfsanə ,
yada ki
quruca bəhanədi…
Məni tək yaratmısan ?
Cavab bildirəcəksən?
Varmı əzabın sonu
Məni güldürəcəksən ?
Ədalətin budurmu ,
Tək yaratdın deyə sən
Qərarın bu deyəsən,
Tənha öldürəcəksən!..
Məni tək yaratmısan ?
Dərdə ortaq etmisən.
Ya bəlkə dərd darıxıb ,
Dərdə qonaq etmisən .
Bircə demə dunyada ,
Biz qonağıq, Qonağı
Sən də sınaq etmisən .
Cək məni öz yanına,
And verdim söz canına.
Əl qoyub vicdanına ,
De, burdasan, getmisən ?
Məni tək yaratmısan ,
Tək də bağışla məni .
Bağışla, bağışla ki ,
Sən dura dura Tanrı,
Sevdim sənin bəndəni.
Məni tək yaratmısan,
Tək yoğurub xəmrimi,
Tənhalığa atmısan.
Bilirsən təklik nədir?
Üstəgəl tənhalığı…
İntihar bu yaşımda ,
Qocanın uşağlıqı.
Qara günə işarə,
Tellərimin ağlığı.
Mən niyə tək qalmışam?
Məni tək yaratmısan ?
………………………………..
Mən tapa bilmirəm ürək hardadı ,
Sən demə ürəksiz yaşamaq olur.
Bəzən göz yaşları ruhu aldadır ,
Cismi də yük kimi daşımaq olur.
Uşaq tək ağlayıb, ara vermədən
Həsəd eləyərsən uşaqlara sən.
Yanında duranı sanki görmədən ,
Baxarsan durmadan uzaqlara sən.
Şəfa umduğunun çəfası qalır ,
Sənin bəlan olur balım dediyin.
Səni göz qırpmadan zindana salır ,
Yanında bir ömür qalım dediyin.
Dünən atasından icazə alan,
Bu gün də ərinin icazəsində.
Bilirmi bu yolla heç xoşbəxt olan,
Baş rolda özgənin faciəsində.
Həyatdır, işini bilmək olmayır
Ən acı soqan da bəzən bal dadır .
Yol öz yolcusunu vecə almayır ,
Halva şirinliyi dodaq aldadır.
Vüsalı göylərdən yerə endirib ,
Həsrətə qul olub dözənə yazıq.
Acı həqiqətə don geyindirib
Susmaqda qızılı gəzənə yazıq.
Mən tapa bilmirəm ürək hardadı ,
Sən demə ürəksiz yaşamaq olur.
Bəzən göz yaşları ruhu aldadır,
Cismi də yük kimi daşımaq olur.
Müstəqil.Az
i