Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tibb elmləri doktoru, oftalmoloq-vitreoretinal cərrah, Dr. Tural Qəlbinurdur. Müsahibimiz vitreoretinal cərrahiyyə və beynəlxalq tibbi konfranslarla bağlı suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Oftalmoloq-vitreoretinal cərrah Dr. Tural Qəlbinur 2001-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2002-2005-ci illərdə Türkiyə Cümhuriyyətində Qureba Vəqfi Təhsil və Araşdırma Xəstəxanasının Göz xəstəlikləri kafedrasında, 2006-2008-ci illərdə İsrailin Hadassah-Hebrev Tibb Universitetində və 2008-2010-cu illərdə Kanadanın Toronto Universitetində vitreoretinal cərrahiyyə üzrə təhsil alıb.
Hazırda National Prime Hospitalda çalışır və xəstəxananın Oftalmo Retina Mərkəzinin müdiri vəzifəsini icra edir. Həmçinin Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasının dosentidir.
-Vitreoretinal cərrahiyyə nədir?
-Vitreoretinal cərrahiyyə oftalmologiya sahəsində tətbiq olunan, gözün içərisində, göz büllurunun arxasında, yəni torlu qişada icra edilən bir cərrahiyyə növüdür.
-Hansı göz xəstəliklərini əhatə edir?
-Bir çox göz xəstəliklərini əhatə edir. Vitreoretinal cərrahiyyə uzağı zəif görən, yəni miopiyası olan xəstələrdə, erkən doğulmuş körpələrdə, şəkərli diabet xəstəliyinə, yaşa və genetik faktorlara bağlı yaranan bir sıra göz dibi xəstəliklərinin müalicəsində tətbiq olunur. Bir sıra ağır göz xəstəliklərində məhz vitreoretinal cərrahiyyənin sayəsində görməni bərpa etmək mümkündür.
-Vitreoretonal cərrah ixtisasına harada yiyələnibsiniz?
-Bu ixtisasa yiyələnməyə 2006-cı ildə İsrailin Yerusəlim şəhərində yerləşən Hadassah-Hebrev Tibb Universitetində başlamışam. 2 illik təhsil müddətində tək praktika deyil, elmi fəaliyyətlə də məşğul olmuşam. Düşünürəm ki, bir vitreoretinal cərrahın inkişafı tək praktika ilə bağlı olmamalı, həmçinin elmi işlərə də önəm verməlidir. Bir sıra beynəlxalq tibbi dərgilərdə vitreoretinal cərrahiyyəyə dair elmi məqalələrim dərc olunub. Xüsusən də yaşa bağlı sarı ləkə xəstəliyi, torlu qişa qopmaları, diabetik retinopatiya kimi xəstəliklərlə bağlı oftalmologiyaya aid dünyanın bir sıra sayılıb-seçilən dərgilərində məqalələrim nəşr olunub.
Eləcə də 2008-2010-cu illərdə Kanadada Toronto Universitetinin Göz xəstəlikləri kadefrasında vitreoretinal cərrahiyyə üzrə təhsil almışam. Burada da tək təhsil deyil, praktika və elmi fəaliyyətim də olub.
-Hansı tibbi cəmiyyətlərin üzvüsünüz?
-Azərbaycan Oftalmologiya Cəmiyyətinin, Türk Oftalmologiya Dərnəyinin, Amerika Vitreoretinal Cərrahlar Cəmiyyətinin, Avropa Vitreoretinal Cəmiyyətinin, Misir və digər ölkələrdə fəaliyyət göstərən vitreoretinal cərrahiyyəyə bağlı dərnəklərin də üzvüyəm.
-İxtisasınız üzrə indiyədək hansı beynəlxalq konfranslarda iştirak etmisiniz?
-2001-ci ildə oftalmologiya ixtisasına yiyələndiyim vaxtdan bu günədək, yəni son 22 ildə 30-dan çox ölkədə keçirilmiş beynəlxalq konfranslara qatılmışam. Məruzəçi kimi iştirak etdiyim konfranslar da çox olub.
-Son iştirak etdiyiniz konfrans haqqında oxucularımıza məlumat verərdiniz. Həmin tədbirdə dəvətli məruzəçi kimi iştirak etdiniz.
-Bəli, dəvətli məruçəzi kimi qatıldım. Bu, Azərbaycanın oftalmologiya sahəsində bir ilkdir. İlk dəfədir ki, bir azərbaycanlı oftalmoloq beynəlxalq konfransa dəvətli məruzəçi kimi qatıldı. Tədbir 24-25 avqust tarixlərində Misirin İsgəndəriyyə şəhərində keçirildi. İsgəndəriyyə Vitreoretinal Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan VII beynəlxalq konfrans idi. Dünyanın bir çox ölkəsindən həkimlər qatılmışdı. Mən isə 15 qonaq məruzəçidən biri idim.
-Sizdən başqa da azərbaycanlı oftalmoloq iştirak edirdi?
-Xeyr, ölkəmizi mən tək təmsil etdim.
-Hansı mövzuda məruzə etdiniz?
-İlk məruzəm torlu qişa qopması və buynuz qişa problemi olan tək gözlü xəstəmizdə tətbiq etdiyim kombinə cərrahiyyə haqqında idi. Çıxışım tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Bu cür konfransların başqa bir müsbət tərəfi yeni həmkarlarımızla tanış olmaq, ölkəmiz haqqında məlumat vermək, yeni dostluqların qurulmasıdır.
-Yaxın vaxtlarda hansı konfranslara qatılmağı planlaşdırırsınız?
-Avqustun 30-dan sentyabrın 3-dək Avropa Vitreoretinal Cəmiyyətinin XX beynəlxalq konfransına da məruzəçi kimi dəvət almışam. Türkiyənin Kapadokya şəhərində keçiriləcək. Daha sonra oktyabr ayında Özbəkistanda, noyabrda isə İtaliyada keçiriləcək beynəlxalq konfranslara da qatılacağam. Onu da qeyd edim ki, ardıcıl bir neçə konfransa dəvətli məruzəçi kimi qatılmaq mühüm bir hadisədir.
-Konfransların əsas məqsədi nədir?
-Tibbi konfransların əsas məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən həkimləri bir araya toplamaq, təcrübə və bilik mübadiləsi aparmaq, yeniliklərlə tanış olmaqdır. Təcrübəni paylaşmaq gözəl bir hissdir. Əgər təcrübəmizdən kimsə faydalanıb öz praktikasında tətbiq edəcəksə, bu, cərrah üçün böyük uğurdur.
-Qeyd etdiniz ki, ilk dəfədir bir azərbaycanlı oftalmoloq beynəlxalq konfransa məruzəçi kimi dəvət alır. Necə oldu sizi dəvət etdilər?
-Beynəlxalq konfraslar tibbi cəmiyyətlər, qurumlar tərəfindən təşkil edilir. Bu cəmiyyətlərin üzvləri ilə müxtəlif tədbirlərdə birgə iştirak edib tanış olmuşuq. Məni azərbaycanlı oftalmoloq kimi tanıyan, məruzələrimi dinləmiş həmkarlarımdır. Onlar da konfrans təşkil etdikləri zaman məni məruzəçi qismində görməyi arzulayıb dəvət ediblər. Ciddi bir uğurdur. İlk dəfədir ki, ölkəmizi dəvətli məruzəçi kimi təmsil etdim. Biri var, elmi işini konfransa göndərirsən, əgər qəbul edilərsə qatılırsan, biri də var, səni şəxsən məruzəçi kimi dəvət edirlər. Bu, əlbəttə daha böyük qürur və məsuliyyətdir. Düşünürəm ki, ölkəmizi layiqincə təmsil edə bildim.
– Adətən məruzələrdə hansı mövzulara üstünlük verirsiniz?
-Əsas istiqamətim vitreoretinal cərrahiyyə olduğu üçün məruzələrimi də bu yöndə hazırlayıram. Daha çox tolu qişa qopmaları ilə bağlı təcrübəmi xarici həmkarlarımla bölüşməyə üstünlük verirəm.
-Türkiyədə keçiriləcək konfransa hazırsınız?
-Bəli. Düşünürəm ki, etdiyim ağır əməliyyatlar və nəticələri bu dəfə də konfrans iştirakçıları tərəfindən maraqla qarşılanacaq. Onu da qeyd edim ki, konfransda iştirakım tək məruzə ilə bitmir. Eyni zamanda bir neçə paneldə moderator kimi də iştirak edəcəyəm.
Qeyd: Tibb elmləri doktoru, vitreoretinal cərrah Dr. Tural Qəlbinur 22 ildir göz xəstəliklərinin müalicəsi ilə məşğul olur. Maraqlananlar həkimlə (050) 310-11-55 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin feysbuk, eyniadlı “turalgalbinur” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.