İlk dəfə qadınla duet oxuyan, xanımların sevimlisi olan yaraşıqlı meyxanaçı

İlk dəfə qadınla duet oxuyan, xanımların sevimlisi olan yaraşıqlı meyxanaçı

Bu gün məşhur meyxanaçı Nizam Rəmzinin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.


Nizami Rəmzi 1947-ci ildə Bakıda anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. Ailənin ilk övladı olan Nizami atasını çox erkən itirdiyindən ailənin bütün yükü onun üzərinə düşüb.

***

Nizami Rəmzi anasını həddindən çox sevib. İlk ailəsi dağılandan sonra ikinci dəfə Hicran adlı qadınla evlənib. Lakin anasının bu evlilikdən xəbəri olmayıb. Ona görə də evli ola-ola anası Nizamidən yenidən evlənməsinin tələb edirmiş. Nizami anasına deyib ki, kimi istəyirsə evinə gəlin gətirsin. Lakin, anasının gəlin gətirdiyi qadına qarşı soyuq davranandan bir müddət sonra həmin qadın evdən gedir. Nizami isə onun gedişində həmişə özünü günahkar bilib. Hicran adlı qadından isə onun dörd övladı doğulur. Bir qızı və oğlu faciəli şəkildə həlak olur. Nizami oğlunun adını özünə təxəllüs götürür. Ancaq Nizami Hicrandan da ayrılır. Ayrılığa səbəb isə qadın qısqanclığı olur.

Gallery

Həddindən artıq ağır xasiyyəti olub. Onu güldürmək çox çətin imiş. Qapı döyüləndə qapıya qadın xeylağının getməsinə qarşı çıxacaq qədər mühafizəkar imiş.

***

Nizami qadınla duet ifa edən ilk meyxanaçı olub. Çox yaraşıqlı kişi olduğundan qadınlar özləri onu çay içməyə dəvət edib, şəkil çəkdirirmişlər.

***

Üçüncü evliliyi sonbeşiyim adlandırdığı özündən 23 yaş balaca Sevda adlı qadınla olub. Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edərək deyib: “Mənimlə qalarsan?” Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşulub qaçıb.

Atası üç yaşında rəhmətə getdiyindən Sevdanı ana babası saxlayır. Nizami ilə qoşulub qaçdığı üçün babası onu heç vaxt bağışlamır. Hətta öləndə də vəsiyyət edir ki, nəvəsini yasına buraxmasınlar.

***

Müğənni Nadir Qafarzadəni uşaq yaşlarından özü ilə toylara aparırmış. Bir dəfə Nizaminin başı meyxanaya bərk qarışır. Yalnız səhərə yaxın o, Nadiri xatırlayır və onu avtomobillərdən birinə qısılaraq ağlayan vəziyyətdə tapır. Bu hal ona çox pis təsir edir. Pencəyini on iki yaşlı Nadirə geyindirib onu qucağına alır. Səhərə qədər Nadiri qucağında yatırdır.

Çox punktual insan olub. Əgər “saat 6-da gələcəyəm”, deyirdisə, demək, saat 6-da dediyi yerdə olmalı idi. Əgər “iki dəqiqə gecikirəmsə, bilin, Nizami ölüb deyirmiş”.

Gallery

İnsanlara qarşı münasibətdə də elə olub. Kiməsə toyunu aparmağa söz verirdisə, sonradan ona milyon təklif etsələr də, söz verdiyi toya gedirmiş. Bir dəfə isə onu toyuna dəvət etmək istəyən subay oğlanın pulu olmur. Oğlan çıxarıb üzüyünü beh əvəzi vermək istəyəndə Nizami onun əlini kənara itələyib, toyunu aparacağına söz verir.

Gallery

Həyat yoldaşı Sevda xanım müsahibələrinin birində deyir: “Çox əliaçıq insan idi. Bizim qonşuluqda onların qohumu yaşayırdı. Qadının əri ölmüşdü. Nizaminin vəfatından sonra o qadın bayramda xonça tutub, bizə gəldi. Dedi, Nizaminin mənim boynumda o qədər haqqı var ki, ömrüm boyu o haqqı qaytara bilmərəm. Dedi, o hər gün gələndə evinə nə bazarlıq edirdisə, bizə də onu alardı. Əvvəlcə bizim qapını döyüb, verərdi, sonra evinə keçərdi”.

Sonuncu evliliyindən Seyla adlı bir qızı olub. Qızının iki yaşı olanda Nizami Rəmzi dünyasını dəyişib. Onun ölümündə Ağasəlim Çıldağın adı hallansa da bu barədə heç nə sübut olunmayıb.

***

Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Buna səbəb isə Ağasəlimin musiqili meyxananın əleyhinə olması olub. Onun fikrincə meyxana ancaq nağara ritmi üzərində deyilməli idi. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb.

Gallery


Nizami Rəmzinin əvvəlki evliliklərindən olan övladlarının hamısı ilə münasibəti yaxşı olub. Ölən günə qədər onlarla əlaqəsi olub.

Ölümündən on gün əvvəl meyxanaçı dostu Kəbirlə birgə söhbətləşirmişlər. Kəbir kəndlərində dəfn olunan ölünün qəbirdə dirilməsindən, kəfəninin cırmasından söhbət edib deyib, “Nizami, sən də öləcəksən, Ağasəlim də. Mən isə meyxananın kralı olacağam”. Nizami isə cavabında belə deyib. “Elə şey yoxdur, biz ikimiz də bir yerdə öləcəyik”. Bu söhbətdən 19 gün sonra 1990-cı il yanvarın 19-da hər iki dost avtomobil qəzasına düşərək həlak olublar.

***

Deyilənə görə Nizami az yaşayacağını bilirmiş. Bir qaraçı qadın fal açaraq deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan.

Gallery

Nizami rəhmətə gedəndə Sevda 4 aylıq hamilə olub. Oğlu olacağını bilsə də, Nizaminin dəfnindən 40 gün sonra uşağı tələf etdirib.

***

Nizaminin anasının oğlunun ölümündən xəbəri olmayıb, evdə qutab bişirəndə gəlini qapıdan içəri girib. Heç nədən xəbərsiz ana gəlinin simasından anlayıb ki, oğluna nə isə olub. Xəmirli əlləri ilə dizinə çırpıb qışqırıb: “Nizami hanı? Balama nəsə olub?”

***

Nizami Rəmzi meyxananı yazanda elə yazırmış ki, beytlərin ilk hərflərindən də bir misra yaranırmış.

Share: