Ülkər NİCATLInın yeni şeirləri
Həsrətimin Lənkəran qoxusu
Mənim Lənkəranım sənsən əzizim,
Sənsiz bir Lənkəran nəyimə gərək
Baş qoyub dağların dizi üstünə,
Sənsiz Xəzər – Xəzər ağlayır urək.
Kövrələ – kövrələ baxır içimdən,
Sənin həsrətinlə yanan duyğular.
Yuvası dağılmış qaranquş kimi,
Daha gözlərimə dönmür yuxular.
Sərmişəm Xəzərin suları ustə,
Xatirə ətirli duyğularımı.
Qaratel misralar ovcunda tutub,
Mənim həsrətimi mənim ağrımı.
Yumub gözlərini xatırla məni,
Qəlbində bir misra yerimi saxla.
Bu baxtsız sevgimin qoxla ətrini,
Bir misra gülümsə, bir misra ağla.
Bir ovuc kənd ətri
Yamyaşıl nəgmədir bu kənd, bu həyət,
Yaşıllıq hopubdur baxışlarına.
Pıçıltı – pıçıltı könül açıram,
Bu kəndin bəmbəyaz yağışlarına.
Bir zaman keçdiyim kənd yollarında,
Kövrək duyğuların həniri qalıb.
İlk görüş yerində ilk öpüş ətri,
Mənim ürəyimi ovcuna alıb.
Uzaqlardan gələn payız qoxusu,
Bələnir qəlbimin bahar ətrinə.
“Hələ yaşamağa dəyər” İlahi,
Bu sevgi qoxulu yerin xətrinə.
Saçını oxşayır xatirələrin,
Əsir həzin-həzin yaşıl küləklər.
Döyünür hələ də o, ağac altda,
Qoşa misra kimi sevən ürəklər.
Yuxusu üşüyən körpə
Yurd uğrunda şəhid olub atası,
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan dili üstə, İlahi,
,,Ata” sözün qoxusuna qar yağır.
Vətən qədər tarixi var yaşı var,
Bax üstündə uyuduğu mundirin.
Başqa dili anlamaz o, bilmez o,
Bu körpəni yurd dilində dindirin.
Böyüdukcə böyüyəcək dərdi də,
Ürəyindən ağrı acı yiğışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.
Ta oxşamaz bu körpənin boyunu,
Döyüşdədir atasının qolları.
Bu körpənin xatirinə yol gəlir,
Uzaqlardan qələbənin yolları.
28.08.20.
Günah nağılı
Gözlərinin gözlərimə yazdığı,
O məktubun gözlərindən gen düşək.
Duyğuların əlifbası gizlidir,
Gəl bu gizli əlifbada görüşək.
Al ovcuna əllərimi şeirtək,
Xatirələr heca-heca oxunsun.
Sevgi-sevgi çiçəkləyən dodaqlar,
Bir meh kimi yanağıma toxunsun.
Əl eyləyək ötüb gedən anlara,
Çıxarmasın bu sevgini yadından.
Bircə misra məktub yazaq Allaha,
Bu bir anlıq xoşbəxtliyin adından.
Günahına qurban olum, ay Allah,
Bu günahım oğurlayıb ağılı.
Bələnibdir taleyimin ətrinə,
Sevgi dolu bu günahın nağılı.
27.08.20.