“İlk xatirələr” nəğməsi hansı xatirələrə həsr olundu?! – VİDEO

Tapındığım səs: ixtiyarımı, qüvvəmi alan, mənə həm bəxtiyarlıq, həm də göz yaşları verən səs. Xalqın kəmənçə ruhu Nərminə…

Nərminə öz müasiri olan demək olar ki, bütün müqtədir bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa etmişdi. Nərminənin oxuduğu “Pıçıldaşın ləpələr”, “Ay işığında”, “Qərənfil”, “İlk xatirələr”, “Hardasan yar”, “Alagöz”, “Sirrimi bilmədin…” , “Habelə”, “Aman ovçu”, “Azərbaycan maralı”, “Nar-nar” … bu adları sadalayıram və Sara xanım Qədimovanın 90-cı ilərdə mənə qətiyyətlə dediyi “elə mahnılar var ki, onu gərək Nərminədən sonra heç kim oxumasın” sözləri yadıma düşür. Vətən şirinliyində, əziz ana laylası həzinliyində oxunan mahnılar. Bu səsin sehri ilə radiodan- mübhəm divarların sanki arxasından gəlsə də xəyallarda məhzun, məsum bir el qızı canlanır. Canlandırıırsan, qəlbin titrəyə – titrəyə min boyadan rəng vurur, nağıllardan bir xilqət oluşdurursan…

Yazıçı Anarın Türkiyədə Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdikdən sonra mühacirətə düşən doğma dayısı ilə 1975-ci ildə görüşündən: Ege dənizi sahili. Dayımın gözləri yol çəkir, harasa məchul bir nöqtəyə baxır, sanki qəfilcən Nərminəni soruşur. Təəccüblə: sağ-salamatdır,- deyirəm,- sən onu haradan tanıyırsan? Dayım köksünü ötürür:-eh bilsən o qız mənə nə qədər rakı içirdib,-deyir.” Mən də bunları oxuduqca düşünürəm. Düşünürəm ki, o qəribin badələrdə içdiyi şərab deyil, həsrət imiş, ömür boyu qətrə-qətrə göz yaşı imiş udduğu.

Vətəndən gələn bu səs artıq ayrılıq ağısı tək məni vahimələndirir, çəkilməyən bir kədər qəlbimə çökürdü. Mənim qürbətdə qocalan əsgərimin hüznü, kədəri mənə aydın idi. Vətənə çağıran səs. Ana səsi, bacı səsi, yalqız qocala-qocala vüsalı qiyamətə qalan yar səsi.

Ürəyim yanar, hey səni anar

Hardasan yar, de harda?

Gözüm qaldı yollarda

deyə-deyə vətəndən intizarı, əhdi-vəfanı yetirirdi quş səkə bilməyən sərhədlərin o üzünə; bağlı qapıları dəlib keçirdi. Təpəsi buz bağlamış dərdli dağların üstündən uçub keçirdi bu qızın isti, məhrəm pıçıltıları: Səbrim tükəndi, hardasan ey yar?!

Vətəndən gələn bu səs hicranla dolu olsa da vüsal vəd edirdi. 50-ci illərdə radioda işləyən, vaxtı ilə söhbətinə dərildiyim mərhum Hacı Firuz Əhmədlinin həmin illərdən Nərminə ilə bağlı təsirli xatirələri qalıb: O illərdə “Bağlı qapılar arxasında” adlı veriliş hazırlayıb vaxtaşırı efirə verirdik. II Dünya müharibəsindən sonrakı illər idi; əsirlikdən sonra vətənə dönməyə ürək etməyən həmvətənlərimizi həvəsləndirib geri qaytarmaq üçün çox çalışırdıq. Bu verilişdə səmimi, hərarətli söhbətlər qururduq, milli müsiqilərimiz səsləndirilirdi. Onların arasında Nərminənin mahnıları xüsusi yer tuturdu. Yaxşı yadımdadır, biri Şəmkir bölgəsindən idi, Qərbi Almaniyada yaşayırdı. Nərminənin mahnılarının sehrinə düşüb qorxunu vecinə almamış, durub gəlmişdi. Firuz müəllim dəqiqləşdirir: onda Nərminə

“İlk xatirələr” mahnısını oxumuşdu:

Səbrim tükəndi, hardasan ey yar,

Bəxt ulduzumsan parla ey ülkər,

Oyanar qəlbimdə ilk xatirələr…

PS.: “İlk xatirələr” nəğməsinin müəllifləri: bəstəkar Qənbər Hüseynli və şair İslam Səfərli.

Bəli, o tilsimli şərqi, bu şərqinin “hicrana düşən vüsal gözləyər” deyə arzu-istəyi o əsgəri layla çəkər kimi Azərbaycana çəkib gətirmişdi. Axı Nərminə özü körpəlikdən bu nisgili, bu əzabı dadmışdı. Bəlkə gedər-gəlməz səfərdə olan, üzünə baxmağa həsrət qaldığı atasını haraylayırdı bu sızıltılı xatirələrdə?!

60-cı illərin əvvəllərində ailə qurur- nəcib bir ailədən olan ziyalı bir şəxslə Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli-indi tibb elmləri doktoru, professor) doğulur. Ən böyük məhəbbətini bu ufacıq varlıqda tapır Nərminə.

…Bir isti yay günüdür; müsahibim Nahid Hacızadədir. Nahid müəllimin“Nərminə oxuduğu mahnılara bənzəyirdi” sözlərindəki dəqiqliyin sanki əfsununa düşürəm . Yayın bürküsü, nəfəs təngişdirən boğanağı hara gedir bilmirəm.

Gözlənilməyən bir anda qonağımız olur Nərminə… bir ərməğanı, hədiyyəsi ilə, dadlı –dəyərli bir bəxşişi səsi ilə… Könüllər ram olur, eşqdən, mehri-vəfadan, barışdan başqa nə varsa hamısı bir yana çəkilir. Beləcə bu dilə ana dilim, bu vətənə anam deyən neçə-neçə soydaşımsa öz eşqini, sevgisini bu həzin pıçıltılarda, çəmən ətirli bu zərif səsdə tapır…hələ tapacaq.

Minaxanım Nuriyeva Təkəli,

Professor

 

 

 

 

Share: