İllər əvvəl taksi sürücüsünü öldürən müştərinin yenidən məhkəməsi başladı

İllər əvvəl taksi sürücüsünü öldürən müştərinin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində 19 il əvvəl qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2003-cü ilin dekabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, B.Dadaşov tanışı İlham Məmmədovla birlikdə 2003-cü ilin dekabrın 19-da “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər. Bunun üçün QAZ-24 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını bildirərək, sərbəst buraxılması müqabilində pul tələb ediblər.

Lakin bir müddət sonra B.Dadaşov və İ.Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün R. Əmirovu boğaraq qəsdən öldürüblər.

Keçirilən zəruri istintaq hərəkətləri nəticəsində 2021-ci il dekabrın 15-də B.Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı İ.Məmmədov vəfat etdiyinə görə, onun cinayət işi üzrə icraata xitam verilib.

Share: