“Meta” şirkətinin baş direktoru Mark Zukerberq “X” şirkətinin sahibi İlon Maskla döyüşə hazır olduğunu yenidən təsdiqləyib və döyüşlə bağlı yeni detallar açıqlayıb.
“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, o bu barədə “Threads” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Maska avqustun 26-sı döyüş keçirməyi təklif etsə də, ondan təsdiq cavabı almayıb.
Mask isə öz növbəsində bildirib ki, Zukerberqlə qəfəs döyüşü “X” sosial şəbəkəsində canlı yayımlanacaq. Mask qeyd edib ki, tədbirlə əlaqədar toplanan vəsaitlər veteranlara köçürüləcək.
Qeyd edək ki, biznesmenlər arasında mübahisə hələ iyunun əvvəli başlayıb. Bu zaman “Meta”nın menecerlərindən biri şirkət rəhbərliyinə tviterə rəqib hesab edilən “Threads” (yaxud Project 92) tətbiqinin necə olacağını təqdim edib. Bunun ardınca Mask sözügedən məlumatları tənqid etdikdə sosial şəbəkə istifadəçilərindən biri milyarderə Zukerberqin ciu-citsu idman növü ilə məşğul olduğunu və ehtiyatlı olmasını tövsiyə edib. Mask isə “Qəfəs döyüşünə hazıram” deyə milyarderə çağırış edib. Bir müddət əvvəl, Zukerberq sözügedən döyüşə hazır olduğunu bildirib.