Erməni vandallığı nəticəsində dağıntılara məruz qalan Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksində bərpa işləri davam etdirilir.
-nın Qarabağ bürosu xəbər verir ki, Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.
Kompleksin bərpası 2022-ci ildə xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya dövlət başçısına təqdim olunduqdan sonra kompleksinin bərpasına başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
“İmarət” kompleksində aparılan bərpa və konservasiya işlərində italiyalı mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Biançidə iştirak edir. O, İtaliya ilə yanaşı, Türkiyə, Gürcüstan, İsrail, İraq, Albaniya, Efiopiya və sair ölkələrdə bərpa və konservasiya işləri üzrə fəaliyyət göstərib, bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi layihə, treninq və proqramlarda mütəxəssis kimi iştirak edib.
“İmarət” Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının tullantılarından təmizlənib. Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri – başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb.
Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Buradakı qəbirlərin böyük bir hissəsi vandalizmə məruz qalıb. Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.
Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu mütəxəssislərdən ibarət elmi ekspedisiya burada apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, “İmarət” Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir.