Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uzman plastik, rekonstruktiv və estetik cərrah Araz Salmanovdur. Müsahibimiz mamoplastika (süd vəzinin plastik cərrahiyyəsi) haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Uzm. Dr. Araz Salmanov 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2010-cu illərdə Türkiyə Respublikasında İzmir Doqquz Sentyabr Universitetinin Plastik, estetik və rekonstruktiv cərrahiyyə kafedrasında uzmanlıq təhsili alıb. O, Türkiyə Plastik Cərrahiyyə Dərnəyi, Balkan Plastik Cərrahiyyə Dərnəyi və Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin üzvüdür. Hər il Avropada plastik cərrahiyyə üzrə keçirilən beynəlxalq tədbir və təlimlərdə iştirak edir. Dr. Araz Salmanov bütün növ plastik əməliyyatları peşəkarlıqla icra edən yüksək təhsilli mütəxəssisdir. Hazırda Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.
-Mamoplastika nədir?
-Mamoplastika süd vəzinin estetikası, plastikası deməkdir. Mamoplastikanı üç yerə ayıra bilərik: süd vəzinin böyüdülməsi, kiçildilməsi və dikləşdirilməsi. Süd vəzi çox böyük ölçüdə olan xanımlar var. Bu həm sağlamlıq, həm də estetik baxımdan qadın üçün problem yaradır. Həmçinin istədiyi paltarı geyinə bilmir, həyatında ciddi bir diskomfort hiss edir. Kiçiltmə mamoplastikası o cür xanımları bu sıxıntıdan xilas edir. Bəzən isə normadan çox kiçik süd vəziləri ilə qarşılaşırıq. Bu, xüsusən də gənc, uzun boy, incə bədənli qızlarda olur. Silikon implant, piy toxuması ilə məmənin həcmini norma ölçüsünə gətirib çıxara bilirik. Eləcə də süd vəzi sallanan qadınlar da var. Bu hal xüsusən də süd vermiş xanımlarda daha sıx rast gəlinir. Dikləşdirmə mamoplastikası ilə süd vəzini dikləşdirir, pasiyentin məmnun qaldığı şəklə sala bilirik.
-Süd vəzi implantı ilə bağlı standartlar varmı?
-Əlbəttə ki, implantla bağlı ölçülər çox önəmlidir. Qadınlarda bədən ölçüsü, döş qəfəsinin eni, uzunu, proyeksiyası fərqlidir. Hər pasiyent bir ölçü ilə qarşımıza çıxır. Onların ölçüləri nəzərə alınaraq implant seçilir. Onu da qeyd edək ki, implantlar da eyni cür deyil. Onlarla implant çeşidi var. Əlbəttə, pasiyentin istəyi, gözləntisi də önəmlidir. Bütün amilləri nəzərə alaraq ən uyğun implanta qərar veririk.
-Bəzi qadınlar çox böyük implant seçirlər. Estetik olaraq da gözəl görünmür…
-Ümumiyyətlə, hər sahədə abartının tərəfdarı deyiləm. Öz işimdə də norma ölçülərinə riayət etməyə çalışıram. Plastik cərrahiyyənin də qırmızı xətləri olmalıdır. Peşəkar plastik cərrah estetika ilə yanaşı, pasiyentin sağlamlığını da nəzərə almalıdır. Mən şəxsən pasiyentlərimə ətraflı izah edir, onlara doğru istiqamət verməyə çalışıram. Əgər yenə də israrla çox böyük implant istəyirsə, özüm əməliyyat etmir, başqa plastik cərrahlara yönəldirəm.
-Keyfiyyətli və doğru implantı necə seçməli?
-Bütün halda silikon implant bir istehsal məhsuludur. Odur ki, keyfiyyətli implant seçmək üçün onu hazırlayan firmanı araşdırmaq lazımdır. Mən şəxsən ABŞ-ın FTİ agentliyinin, Avropanın sağlamlıqla bağlı təşkilatlarının təsdiq etdiyi markalara üstünlük verirəm. Demək olar ki, bütün plastik cərrahlar hansı firmanın daha keyfiyyətli olduğunu bilir. Çünki dünyada silikon implantı istehsal edən cəmi bir neçə müəssisə var.
-Qoyulmuş implant zamanla keyfiyyətini itirə bilərmi?
-Silikonlar ömürlük istehsal olunur. Heç birinin məlumatında yararlılıq müddəti yazılmayıb. Əgər xarici zərbə ilə implant deşilməsə, kəsilməsə, olduğu kimi ömürlük qala bilər, pozulmaz. Amma onu da qeyd edim ki, bu məsələ ilə bağlı da fikir ayrılığı var. Bəzi plastik cərrahlar hesab edirlər ki, süd vəzi implantı hər 15 ildən bir dəyişdirilməli, yenilənməlidir. Bəziləri isə bunun ömürlük olduğunu bildirirlər. Yəni mübahisəli mövzudur.
-İmplant qoyulan süd vəzi ilə bağlı hansı məhdudiyyətlər var?
-Pasiyent ilk bir ay karset geyinməli, iki ay süd vəzini xarici zərbələrdən qorumalıdır. İki-üç ay sonra isə heç bir məhdudiyyət qalmır.
-Pasiyent iç geyimi geyinməzsə, zamanla süd vəzində deformasiya yarana bilərmi?
-Əməliyyat düzgün edilib, implant doğru qoyulubsa, büstqalterə ehtiyac yoxdur. Amma sağlamlıq baxımından istər implantsız, istərsə də implantlı qadınların büstqalter geyinmələri tövsiyə olunur.
-Bəzi qadınlarda mamoplastikadan bir neçə il sonra yenidən süd vəzi sallanır. Bu daha çox nə ilə bağlıdır?
-İmplant qoymaq o demək deyil ki, biz daşa, dəmirə forma vermişik. Unutmayaq ki, süd vəzi piydən, əzələdən, bağlardan ibarət canlı toxumadır. Əgər pasiyent çox kökələr, yaxud da çox arıqlayarsa, süd vəzinin şəkli dəyişəcək. Eləcə də hamiləlikdən sonra demorfasiya olunması mümkündür.
-Bədəndən liposaksiya ilə çəkilən piydən məmə həcmini böyütmək üçün də istifadə oluna bilərmi?
-Bəli, piy toxuması ilə də süd vəzini böyüdə bilirik. Bu, qəbul edilən metodlardan biridir və çox yaxşı nəticələr əldə edə bilirik.
-Piy toxuması implantı əvəz edirmi?
-Xeyr, piy toxuması ilə süd vəzinin böyüdülməsi hər zaman ikinci seçimdir. Çünki piy toxumasının 40-60 faizi zamanla əriyir. Bu hər orqanizmdə fərqlidir. Odur ki, piy toxumasının nəticəsi ilə bağlı öncədən dəqiq bir fikir yürütmək olmur. Bəzən piy toxuması əriyir, bəzən isə tam əksinə şişir. İmplantın isə dəqiq bir ölçüsü var və bu rəqəm ömürlük dəyişmir.
-Subay qızlar da mamoplastika üçün müraciət edir. Ana olduqları zaman implant süd verməyə problem yarada bilərmi?
-Xeyr, heç bir problem yaratmır. İmplant sadəcə məməyə forma verir, qətiyyən funksional pozuntuya səbəb olmur.
-Bəzi pasiyentlərdə tikişlərin açılması, nekroz kimi hallar baş verir. Bu nə ilə bağlıdır?
-Əməliyyatla bağlı müəyyən fəsadların olma ehtimalı var. Bütün cərrahlar bu kimi hallarla qarşılaşa bilər. Ən çox rast gəldiyimiz tikişlərin açılması, dəri kənarında kiçik bir nekroza bağlı yaranın əmələ gəlməsidir. Bundan qorxmaq lazım deyil. Əgər peşəkar cərrah seçibsinizsə, belə fəsadları aradan qaldıra biləcək. Ona görə də həkim seçimini doğru etmək lazımdır ki, qarşıya çıxan problemlərinizi həll edə bilsin.
Qeyd: Maraqlananlar Uzm. Dr. Araz Salmanovla (051) 971-55-09 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin feysbuk və instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.