“İnanın, əlim-ayağım, hətta saçım sevinir…” – Yazıçıların şok təəssüratları

Məlum olduğu kimi sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına qarşı Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçib. Nəticədə Füzuli və Cəbrayıl rayonlarının 7 kəndi işğaldan azad edilib.

Teleqraf.com yazıçıların cəbhədə baş verənlərlə bağlı fikirlərini təqdim edir:

“Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov bildirib ki, uzun zamandır bir çayın səsinin həsrətini çəkirdiksə, bu gün torpaqlarımız işğaldan tam azad olunmaq ərəfəsindədir: “İnanın, əlim-ayağım, içim-çölüm, hətta saçım sevinir. İllərdir həsrətlə, yanğı ilə torpaqların işğaldan azad ediləcəyi günün gələcəyini gözləyirdik. Bunu sözlə demək çətindir. Kəlbəcərin işğaldan azad olmasını həsrətlə gözləyirəm. Allah ordumuza qüvvət versin.

Əminəm, hətta arxayınam ki, təkcə Kəlbəcər yox, Şuşa, Laçın və digər rayonlarımız da işğaldan azad olunacaq. Çünki ordumuz Ali Baş Komandanın əmri üzrə öz qətiyyətini göstərir. Hesab edirəm ki, bu, artıq qələbədir. İnşallah, tam qələbə müjdəsini eşidək”.

Əlövsət Ağalarov hesab edir ki, Ordumuzun keçirdiyi uğurlu əməliyyatlar fonunda dəstəyimizi ifadə etməyə çalışmalıyıq: “Biz “Azərnəşr” olaraq öz daxili imkanlarımız hesabına Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürmüşük. Bu təşəbbüsə hər kəsin qoşulmasını istəyirik”.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas qeyd edir ki, işğal altındakı kəndlərimizin azad olmasını xəbərinə bir uşaq sevinən kimi sevinib: “Hələ döyüşə başlamazdan öncə də demişəm, indi də deyirəm Ordumuza inanıram. Ordumuz irəli gedəcək. Biz 7-8 kəndlə kifayətlənməyəcəyik”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, sentyabrın 27-dən bütün Azərbaycan ayaq üstədir: “Hətta məni zəng vurub təbrik edənlər olub ki, Ağdamı, Füzulini işğaldan azad etmişik. İnsanlarımız qələbə arzusu ilə yaşayırlar. Uzun illərdir ki, biz məğlub xalq kompleksini içərimizdə daşıyırıq. Ona görə də hadisələr və Azərbaycan Ordusunun Ermənistanın hücumlarına qarşı əks həmlələri və qazanılan qələbələr hər bir insanda qürur hissi, göz yaşları doğurur. Ordumuzun uğurları ilə bağlı dünəndən gözlərim 4-5 dəfə yaşarıb.

Ali Baş Komandanın xalq müraciətinə və Təhlükəsizlik Şurasındakı çıxışına çox diqqətlə yanaşırıq. Sosial şəbəkədə ən fəal profil Azərbaycan Prezidentinin “İMZA” profilidir və ən dəqiq məlumatları da oradan əldə edirik”.

Rəşad Məcid katibi olduğu Azərbaycan Yazıçılar Birliyinin sentyabrın 28-də yekdil bəyanat qəbul etdiyini və hadisələrə münasibətilərini bildirdiklərini deyib: “AYB üzvləri İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun düşmən təxribatını dayandırmaq, torpaqlarımızı azad etmək naminə bütün cəbhə boyu əks hücuma keçməsini böyük ruh yüksəkliyi ilə qarşılayır.

İnanıram ki, uzun illər ürəyimizdə bir nisgil kimi qalan arzularımız həqiqətə çevriləcək və torpaqlarımız işğaldan azad olunacaq. Ermənistanda baş verən panika və çaxnaşma açıq göstərir ki, biz qalibik və haqlı tərəfik. Haqq bizdədir və torpaqlarımızı işğalçılardan mütləq azad edəcəyik. Rayonlarımızın işğaldan azad edilməsi xəbərini gözləyirik. Tezliklə qələbə xəbərlərini paylaşacağıq. Ümidlərimiz azalmasın, dualarımız gerçək olsun”.

Yazıçı-publisist Fəxri Uğurlu deyir ki, bütün Azərbaycan vətəndaşları qələbə müjdəsini gözləyir: “Hamının gözü yoldadır, qələbə sevinci gözləyirik. Allah əsgərlərimizi qorusun, itkilərimiz mümkün qədər az olsun, Şuşaya, Laçına gedib çıxa bilək. Artıq bıçaq sümüyə dayanıb. Düşmən bizi hər gün təhqir edir, gedib Şuşada yallı gedir, Şuşanı paytaxt etmək istəyir. Hamı bilir ki, Şuşa şəhərini kimlər qurub, orada kimlər yaşayıb.

Əlimizdən dua etməkdən, mənəvi dəstək verməkdən başqa nə gəlir?! Arzu edirik ki, hər şey yaxşı olsun, ordumuz yeni zəfərlər qazansın, millətimizi sevindirsin”.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin fikrincə, qələbə xəbərini rəsmiləşdirməyə bir az tələsirik: “Biz bunu 4 günlük davam edən Aprel döyüşlərində də yaşadıq. Məlum səbəbindən Azərbaycan Ordusu çox irəliləyə bilmədi. Əgər doğurdan da Qarabağ, vətən anlamı hər kəs üçün dərindirsə, bu mövzuya həssas yanaşmağı xahiş edirəm. Əli qələm tutan, klaviatura arxasında oturan azərbaycanlılardan xahiş edirəm ki, yenidən bu məsələni çox şişirtməsinlər.

Çox təəssüf ki, rast gəldiyim yazılarda Azərbaycan Ordusunun hücuma keçdiyini yazırlar. Halbuki sentyabrın 27-də səhər saat 6-da erməni tərəfi Azərbaycana hücuma keçib. Biz erməni hücumunu dəf etməklə məşğuluq. Efirdən çıxıb deyirlər ki, Murovu ələ keçirmişik, təbrik edirik. Biz Murovu ələ keçirməmişik, biz Murovu işğaldan azad etmişik. Ələ keçirmək başqa ölkənin ərazisinə aiddir.

Murov da, Kəlbəcər də, Şuşa da, Ağdərə də, geri qaytarılan kəndlərin hamısı Azərbaycan torpaqlarıdır. Bunu erməni tarixçiləri belə saxtalaşdıra bilməyib. Qarabağ Azərbaycanındır”.

Qulu Ağsəs inanır ki, 30 illik həsrətə çox yaxın günlərdə son qoyulacaq: “Ali Baş Komandanın və Azərbaycan Ordusunun səbri tükənməz deyil. Azərbaycan Ordusu istəsə, çox qısa bir vaxtda nəinki Dağlıq Qarabağı və 1992-ci ildə ilhaq olunmuş torpaqları, hətta 200 il bundan əvvəl ilhaq olunmuş torpaqlarımızı da almağa qadirdir.

Ermənistan yeganə ölkədir ki, bütün qonşularına – Rusiyaya, Gürcüstana, Türkiyəyə, Azərbaycana, hətta İrana qarşı torpaq iddiası qaldırıb. Bu cür iddia qaldıran bir toplumun varlığı ondan xəbər verir ki, onlar bu ərazilərə gəlmədir və onların heç vaxt nə torpaqları, nə də ölkələri olub.

Artıq bir neçə kəndimiz işğaldan azad olunub. Bütün millətimizin sevincinə qoşuluram və onları təbrik edirəm.

Ağdamda görmək istədiyim yerlər var. Ağdam məscidinin, çay evinin, kitab evinin, Ağdam rayon Üzeyir Hacıbəyov adına musiqi kollecinin qalıqlarını və bir də Qaraağacı qəbiristanlığını görmək istəyirəm”.

Müstəqil.Az

Share: