İnanmırsan bax gözümə, Bədənim külqabıdır, Ruhumsa tüstü, tütün… – Arzu Hüseyn (ŞEİRLƏR)

İnanmırsan bax gözümə, Bədənim külqabıdır, Ruhumsa tüstü, tütün… – Arzu Hüseyn (ŞEİRLƏR)
33
 
Son yazdığım şeir idi o gecə,
Təyyarə edib pəncərədən atdığım.
Son xəyal idi səninlə qurduğum,
Ruhumda yaşatdığım.
Son idi içdiyim o qədəh də,
Elə o zəng də son idi.
Saat sabaha işləmişdi,
Göy üzü dan idi.
Nə deyim ötüb keçən ömrə,
Borcumuz yox bir-birimizə.
Qıfılladım bəxtimi, açarın
Tulladım mavi dənizə.
Heç də bədbin deyiləm,
Fəlsəfəyəm büs-bütün.
İnanmırsan bax gözümə,
Bədənim külqabıdır,
Ruhumsa tüstü, tütün…
 
 
***
 
Artıq bizi xilas etməz gümanlar,
Bağışlayar nə göy, nə də yer bizi.
Yanımızda ögey-ögey adamlar,
Yanımızda yad nəfəslər var bizim.
 
 
Dodağında neçə öpüş izi var,
Bu idimi inamımın bədəli?
Yatağında fərqli-fərqli qadınlar,
Yastığında neçə qərib saç teli.
 
Başqasına sarılmışam özüm də,
Ümüdsüzlük ürəyimi sıxanda.
Heç onda da getməmisən gözümdən,
Heç onda da düşməmisən yaxamdan.
 
Bir ümüdü min yalana yem etdin,
Xatırlayıb saflığımı gülürəm.
Nə etdinsə ikimizə sən etdin,
Nə etdimsə mən elədim bilirəm.
 
Başqaları göz yaşımı qurutdu,
Ürəyimi ovutmadı bağışla.
Dodaqlarım öpüşünü unutdu,
Yanaqlarım unutmadı bağışla…
 
Yollarından əl üzübdür nəzərim,
Xəbərsizdi ölümümdən küçələr.
Yuxudadı balıqları Xəzərin,
Mürgüləyir yuvasında sərçələr…
 
 
***
 
Sonuncu yarpaq da endi budaqdan,
Başını dumanlar aldı dağların.
Yenə bir əlvida qopdu dodaqdan,
Yeni bir yolçusu var uzaqların.
 
Ağlasam göz yaşım səni durdurmaz,
Verdiyin qərarda qətisən bəlkə.
Bu boyda dünyada kədər tapılmaz,
Mənə yaşatdığın kədərdən yekə.
 
Nə deyim, son sözün sussdurdu məni,
Təpədən dırnağa təzadsan, təzad.
Taxdın inadıma kələpçələri,
İndi mən məhbusam, indi sən azad.
 
Nə son yarpaq idi budaqdan düşən,
Nə son qaranquşdu köç edib gedən.
Sən idin qəlbimi incidən deşən,
Sən idin səbəbkar, sən idin nədən.
 
Susub çarəsizcə yola saldığım,
Arxanca ağladı buludlar gecə,
Bu gündən bilmirəm qurban olduğum,
Necə yaşayacam mən sənsiz necə…
 
 
***
 
Mən günahdan keçmədim,
Günahlar məndən keçdi.
İllər aman vermədi,
Saçımdan dən-dən keçdi.
Bir də baxdım zaman az,
Gecdi hər şeyə, gecdi.
Göy üzünün qapısı açıq qalıb, İlahi!
 
 
Səhərəcən sussmadı,
Buludların kür yeri.
Göz yaşına boyadı,
Yol-irizi, hər yeri.
Bir körpənin ahıdı,
Dünyanın ən dar yeri.
Göy üzünün qapısı açıq qalıb, İlahi!
 
 
Hara gedir bu karvan?
Qum əriyir saatda.
Qul kimdir, kim hökmüran?
Kim piyada, kim atda?
Adam qalmadı daha,
Gözü dönmüş həyatda,
Göy üzünün qapısı açıq qalıb, İlahi!
 
 
Kim hürküdüb səhəri?
Zülmətin yox əlacı.
Dan üzünün əlləri
Qandır, acıdır-acı.
Dörd yanım matəm yeri,
Dörd yanım dar ağacı,
Göy üzünün qapısı açıq qalıb, İlahi!
Bağla şər qapıları…
 
 
Arzu Hüseyn
 
Müstəqil.Az
Share: