İndi də ATƏT-in Minsk qrupunun üzvləri narazılıq edir?

İndi də ATƏT-in Minsk qrupunun üzvləri narazılıq edir?

Əli HƏSƏNOV

Professor 

Bir neçə ay bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ünvanına ciddi iradlar səsləndirərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki 28 illik nəticəsiz fəaliyyətini haqlı olaraq ciddi tənqid etdi.

Və açıq bildirdi ki, belə fəaliyyətlə ATƏT bundan sonra da çətin ki, BMT TŞ-nın qurumun üzərinə qoyduğu 4 Qətnaməni icra edərək, Qarabağdan işğalçı Ermənistan odusunu çıxartmağa, mövcud “status kvo” nu dəyişməyə və Azərbaycan torpaqlarını azad edərək, qaçqın-köçkünləri öz doğma yurd-yuvasına qaytarmağa nail ola bilsin…
Bunun ardınca məlum olduğu kimi, Azərbaycan ordusu işğalçı erməni silahlılarının növbəti təxribatından sonra- 27 sentyabr 2020-ci ildə əks hücuma keçərək, 44 gün müddətində işğal altında olan torpaqların böyük qismini öz gücü ilə azad etdi və çoxillik “status kvo” nu dəyişdi. Müharibənin gedişində ATƏT-ın Minsk qrupunun həmsədrlərindən olan Rusiya və Minsk qrupunun üzvlərindən biri kimi Türkiyənin xüsusi səyi ilə noyabr ayının 10 da münaqişə tərəfləri arasında atəşkəs haqqında Birgə Bəyannamə imzalandı. Bəyannaməyə uyğun olaraq, Azərbaycan tərəfi həmin gecə hərbi əməliyyatları dayandırdı, Ermənistan tərəfi isə işğal etdiyi digər əraziləri qeyd-şərtsiz azad etmək haqqında öhdəlik götürdü. Dağlıq Qarabağda uzunmüddətli sülh və barış yaradılana qədər rus sülhməramlılarının 5 il müddətinə Dağlıq Qarabağa yerləşdirilməsinə razılıq verildi.
Bundan sonra, sanki hər şey yavaş-yavaş yoluna düşmək istiqamətində irəliləməyə doğru getməli idi. Hamı düşünürdü ki, artıq münaqişənin ən çətin mərhələsi arxada qalıb, 30 illik düyün açılıb, prinsipial məsələlər öz yoluna düşüb, qalır təkcə sülh müqaviləsinin hazırlanması, digər təşkilati və diplomatik məqamlar… Lakin, sən demə bütün bunlar heç də son deyilmiş, hər şeyi yenidən başlamaq istəyənlər də var imiş. Bir-iki gün əvvəl ATƏT-in Minsk qrupunun digər iki üzvü- ABŞ və Fransa qəflətən fəallaşaraq “nizmlanma prosesi ilə bağlı öz narazılıqlarını” və “narahatlıqlarını” ifadə etməyə başladılar. ABŞ-ın dövlət katibi və Fransanın xarici işlər naziri bir araya gələrək, baş verən hadisələrdən narahat olduqlarını açıq ifadə etdilər. Səslənən bəyatlardan belə qənaət hasil oldu ki, əvvəla, onlar Türkiyənin ikinci Qarabağ müharibəsindəki fəallığından və proseslərdəki hansısa iştirakından narahat olublar. İkincisi, Minsk qrupunun üç üzvündən biri olan Rusiyanın “Dağlıq Qarabağ münaqişəsinin əsas məsuliyyətini” qrupun digər iki üzvü ilə məsləhətləşmədən, ABŞ və Fransanı bu prosesə yaxından cəlb etmədən müstəqil təşəbbüslər vasitəsilə həll etməyə çalışmış, onların razılığını almadan tərəflərlə atəşkəs haqqında üçtərəfli Bəyanat imzalamış və mövcud “status kvo” nu özbaşına dəyişmişdir….
Əslində nə baş verir görəsən?! Burda müşahidəçilərin qənaətləri haçalanır. Belə bir qənaət var ki, əslində bu gün ABŞ və Fransanı narahat edən əsas məsələ “Azərbaycan ordusunun öz torpaqlarını müstəqil şəkildə işğaldan azad etməsi, BMT TŞ 27 ildir həyata keçirə bilmədiyi 4 Qərnaməni ordusunun gücü ilə yerinə yetirməsi, dondurulmuş “status kvo” nu müstəqil şəkildə dəyiməsi və beləliklə də Qərb düşərgəsinin simasında beynəlxalq sülhyaratma missiyasının diplomatlarını Dağlıq Qarabağ münaqişəsi kimi əlverişli diplomatik biznesdən məhrum etməsidir”. Bu biznes onlara illərdir ki, Avrasiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi çox əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji bölgəsində üstün dividentlər qazandırırdı, neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsindən hərtərəfli istifadə edərək, ətraf ölkələrə təsir göstərirdilər. Qlobal dünya müdiriyyəti BMT TŞ və ATƏT-in Minsk qrupunun simasında özünün Dağlıq Qarabağ kimi 30 illik qos-qoca təsiretmə mexanizmindən belə asanlıqla əl götürüb, bütün bu “üstün diplomatik sərvəti” Rusiyaya güzəştə getmək istəmir, əlbəttə! Yəqin ki, bundan sonra qlobal dünyanın əsas hərəkətverici qüvvəsini təşkil edəcək Qərb ölkələri, xüsusən də ABŞ və Fransa “Dağlıq Qaranağın gələcək statusu”və “Rusiya sülhməramlılarının beynəlxalq tərkibinin dəyişdirilməsi, yeni beynəlmiləl kontingentlə əvəzlənməsi” məsələsini fəal şəkildə gündəmə gətirərək, həm münaqişədə birbaşa iştirak edən və dolayısı ilə bu işdə marağı olan region ölkələri ilə, həm də dünyanın digər qlobal oyunçuları ilə yeni bir uzunmüddətli diplomatık iş başladacaqlar. Əsas odur ki, nə “dünyanın münaqişə masası boş olmasım” nə də ki, onların “portfel diplomatları” işsiz qalmasın!
Share: