İnfeksionistdən maska açıqlaması – İyun ayından etibarən…

İnfeksionistdən maska açıqlaması – İyun ayından etibarən…

“Hazırda ölkə üzrə 18 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi prosesi gedir. Əgər vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etsələr, növbəti aydan açıq havada tək olarkən maskasız gəzməyə icazə verilə bilər”.

Bu açıqlamanı BAKU.WS-ə həkim-infeksionist Natiqə Qocayeva verib.

Onun sözlərinə görə, iyun ayında açıq havada maska qadağası ləğv oluna bilər: “Mən peyvəndlənmə prosesində şəxsən iştirak edirəm. Buna görə əminliklə qeyd edirəm ki, əgər vaksinasiya prosesində aktiv iştirak edilərsə, açıq havada maska ilə bağlı qərar dəyişə bilər və Operativ Qərargah bu məsələ ilə bağlı mövqeyini açıqlayar.

Lakin indiki dövrdə ehtiyatlı olmaq lazımdır. Koronavirusun indiki növləri xəstələrdə ağır keçir. Müalicə prosesində şəxsən iştirak etdiyim üçün deyə bilərəm ki, xəstələr xeyli əziyyət çəkirlər və ölüm halları da çoxdur. Bu səbəbdən isti olsa da, maska taxmaq məsləhətdir və bizi qoruyur”.

İnsanları daha çox düşündürən toylarla bağlı məsələyə də münasibət bildirən həkim-infeksionist qeyd etdi ki, toyların keçirilməsinə icazələrin verilməsi yoluxmanın artmasına səbəb ola bilər:

“Fikrimcə, bunun qarşısını almaq üçün əvvəlcədən COVID-19 testi verilməlidir. Beləliklə, cavabları neqativ çıxan şəxslərin toyda iştirak etməsinə də icazə verilə bilər. Əks təqdirdə hamı bir-birini yoluxduracaq”.

 

Müstəqil.Az

Share: