İnflyasiya səngiyib: Bu, nə qədər dayanıqlıdır?

İnflyasiya səngiyib: Bu, nə qədər dayanıqlıdır?

Pərviz Heydərov yazır…

Statistika bahalaşma və inflyasiya prosesinin nisbətən səngidiyini ifadə etsə də bu tendensiya istehlak bazarında hiss olunmur. Hələki hər hansı məhsul növü üzrə ucuzlaşma qeydə alınmır. Çünki səngimə çox da yüksək xarakter daşımır. 

Rəqəmlərə əsasən isə cari ilin ötən 8 ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 11,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 13,4%, qeyri-ərzaq məhsulları üzrə 10,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 10,2% artıb.

Avqustda istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 8% artdığı halda, əvvəlki aya, yəni iyula nisbətən 0,4% azalıb. Yeri gəlmişkən, cari ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 % artmışdı. Və bu ilin iyul ayında istehlak qiymətləri indeksi ötən ilin iyuluna nisbətən 9,4% artdığı halda, əvvəlki aya, yəni iyuna nisbətən 0,7% azalmışdı.

Göründüyü kimi, rəqəmlər arasında fərqə diqqət yetirdikdə bahalaşma və inflyasiya prosesinin səngiməsinin ciddi xarakter daşımadığı üzə çıxır. Diqqəti buna yönəldim ki, avqustda istehlak qiymətlərinin əvvəlki aya görə azalma tempi iyul ayının iyuna nisbətindəkindən 0,3% az təşkil edib. 

Demək, bahalaşma və inflyasiyadakı səngimə prosesi əslində yavaşıyıb. 

Buna diqqət yetirmək olduqca vacibdir.

İyun ayında yazdığım məqaləmdə qeyd etmişdim ki, 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə 11,5% çox təşkil edib. Bu isə o demək idi ki, az qala iki il yarımdır ardıcıl davam edən bahalaşma və inflyasiya tendensiyası ilk dəfə olaraq mayda səngiyib. 

Bu, ötən ilin birinci rübünün, uzağı ilk yarısının sonuna proqnoz olunsa da, baş verməmişdi. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də, nəhayət, qeyd etdiyim kimi, cüzi də olsa məhz bu ilin mayında baş verdi.

Demək istədiyim budur ki, ölkəmizdə inflyasiya tempi maydan səngiməyə başlayıb. Çünki bahalaşma və inflyasiya prosesi sürəti artıq, apreldə zəifləmişdi. 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq, zəifləməyə doğru istiqamət götürüb. 

Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox analoji tendensiyanın məhz qlobal miqyasda baş verməsi əsas yaratmışdı.

Belə ki, sözügedən tendensiya qlobal məkanda əslində xeyli əvvəl səngiməyə başlamış olsa da, bizdə mayda büruzə verdi. İl başlanandan dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları ucuzlaşmışdı. 

2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin bu ildən ucuzlaşacağı ümumiyyətlə, qabaqcadan proqnoz edilmişdi. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da..

Bahalaşmaya və inflyasiyaya dair şərhlərimdə həmişə yazmışdım ki, prosesin səngiməsi enerjidaşıyıcılarından asılıdır. Yəni, qlobal enerji bazarlarında qiymət sarıdan ajiotajın yatmasından. Əks təqdirdə, prosesin ölkəmizə təsir və təzyiqləri davam edəcək, inflyasiya idxalı səngiməyəcəkdi. 

Çünki, buna qarşı mübarizə aparmaq mümkün deyildi. O səbəbdən ki, daxili istehlak bazarımız idxal məhsullarından asılı olduğundan yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan yaxa qurtarmaq çətin sayılır.

Eyni zamanda həmin yazıda sual etmişdim ki, inflyasiyanın səngiməsi davamlı xarakter daşıyacaqmı? Yenidən bahalaşma yarana bilərmi? May ayındakı deflyasiya nə dərəcədə perspektivlidir?

Qeyd etmişdim ki, cari ilin qalan dövrü ərzində də Azərbaycanda inflyasiyanın səviyyəsi qlobal bazarlardakı vəziyyətdən asılı olacaq. Belə ki, enerjidaşıyıcılarının qiymətləri bir az da ucuzlaşarsa ərzaq və digər bazarlarda da qiymətlər düşəcək. 

Və nəticədə, ölkəmizdə ilin ikinci yarısında da inflyasiya azalmaqda davam edəcək və qiymətlərdə sabitləşmə möhkəmlənəcək. Ancaq bu azalma nə qədər təşkil edəcək, söyləmək çətin idi. Yəni, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacaq, məlum deyildi.

Məsələ bundadır ki, hazırda isə enerjidaşıyıcıları yenidən qalxır. Xam neftin qiyməti dünya bazarlarında 100 ABŞ dollarına yaxınlaşıb və onu hətta keçib. Bu isə o deməkdir ki, bahalaşma və inflyasiya tempi yenidən vüsət ala bilər. Söhbət, istehlak malları üzrə xarici bazarlardan gedir. 

Və bu da ölkəmizə təsir etməyə bilməz.

Odur ki, bahalaşma və inflyasiya tempinin rəqəmlər üzrə səngiməkdə davam edəcəyi sual altındadır. Bu proses gərək, dərinə işləsin ki, daxili istehlak bazarı buna adekvat reaksiya versin. Ona görə də yenə təkrar edirəm, hökumət diqqətini əsas etibarı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. 

Belə ki, əsas növ ərzaq məhsulları üzrə istehsal təhlükəsiz səviyyəyə çatdırılmalı və yaxud, idxal sahəsində vergi və rüsumlar sıfırlanmaqla bahalaşma cilovlanmalıdır.

Share: