İngilis dilində ədəbiyyat dərsi – Rəvan Cavid yazır…

İngilis dilində ədəbiyyat dərsi – Rəvan Cavid yazır…

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

XIX əsrdə Höte ilk dəfə “Weltliteratur” anlayışından istifadə etdi. Ardınca bir çox tənqidçi və ədəbiyyatşünas üçün bu ifadə tez-tez müzakirəyə səbəb oldu, tərif verməyə və çevrəsini genişləndirməyə çalışdılar. Məsələn, 1946-cı ildə yazdığı “Mimesis: Qərb Ədəbiyyatında realizmin təmsili” əsərinin ardınca Erix Oerbax dünya ədəbiyyatının yol açacağı standartlaşmaya qarşı böyük bir narahatlıq və tərəddüd hiss etmişdi, bu anlayışı bu və ya digər mümkünsüz göndərmələrdən xilas etməyə çalışmışdır. Amerikalı ədəbiyyatşünas Devid Damroş dünya ədəbiyyatını ana dilindən başqa dillərə (daha çox ingiliscəyə) tərcümə kimi, “yayılma və oxunma praktikası” olaraq dəyərləndirmişdi. İtaliyalı tənqidçi və ədəbiyyatşünas Franso Moretti isə dünya ədəbiyyatını kapitalist dünya sisteminə və kapitalist istehlak əlaqələrinə bənzədərək mərkəz-çəpər əlaqələri və kütləvi, mədəni və fərdi bərabərsizliklər kimi təqdim etmişdir. İngiltərənin postkolonyal araşdırmalara üstünlük verən Varvik Araşdırma Cəmiyyətinin yazarları (Şare Dekard, Nikolas Lavrense, Neil Lazarus, Grem Makdonald, Upamanyo Pablo Muxerje, Benita Parri və Stefan Şapiro) isə dünya ədəbiyyatını neoliberal müzakirələrin əsaslı müdafiəsi olaraq görür, bu anlayışın son dərəcədə elitist olduğunu deyirdilər. Bu mövqedə Benita Parri “çəpər modernizm” anlayışını müzakirə edirdi. Parriyə görə, çəpər tək quruluşlu deyildir. Əksinə, bir-birindən fərqli bir çox xalqları və politik, mədəni, kütləvi və fərdi dinamikləri eyni anda təşkil edən özülə sahibdir. Xalqların imperialist mərkəzlərlə çoxyönlü, çəngəlvari münasibətləri çəpəri, daha doğrusu çəpərləri ifadə edir. Məhz buna görədir ki, dünya ədəbiyyatı çəpərləri daha çox müzakirə olunmalıdır.


Qeyd etdiyim bütün xüsusiyyətlərinə görə dünya ədəbiyyatının çağdaş standartlara uyğunlaşdığını aydın görə bilirik. Dünya ədəbiyyatı istər nəzəri, istərsə də praktik bir dəbə çevrilərkən bəzi tənqidçilər bu anlayışı Qərb mədəniyyətinin bir hissəsi kimi vurğulayır, bəziləri də ədəbiyyatın bəşəri bəsitliyə çevrilməsinə görə narahatdır. David Damroş, Emili Apter kimi ədəbiyyatşünaslar ingiliscənin asan oxunan, elastik, standartlaşmaya meyilli bir dil olduğu üçün dünya ədəbiyyatını populist bir sənətə çevirəcəyini deyirlər. Bənzər fikri Aamir R. Muftinin “İngiliscəni unut!” adlı kitabında da görmək mümkündür. Mufti ingilis dilinin bəşəri dilə çevrildiyini və bu səbəblə çağdaş ədəbiyyatın Anglo-mərkəz yönlü olduğunu yazır. Dünya ədəbiyyatı haqqında ən sərt düşüncələr ötən əsrin ikinci yarısından başladı. Belə ki, tənqidçilər dünya ədəbiyyatının Avropa dünyagörüşünə və ya Qərb təfəkkürünə yaxın olduğunu, ondan qaynaqlandığını deyərkən bu anlayışı Qərb iqtidarından və imperializmindən ayrı təsəvvür etmək mümkünsüz kimi göründü.

Bəs “Dünya ədəbiyyatı”nı biz necə başa düşməliyik? Tək Qərbi örnək götürən ədəbiyyatdan deyil, ümumən dünya ədəbiyyatından bəhs etməyə çalışacağam. Qısaca bunu deyə bilərik ki, dünya ədəbiyyatını bir tək ədəbi quruluşla, ya da ədəbi dəyərlə məhdudlaşdırmaq olduqca çətindir. Təşkilati, ədəbi, iqtisadi bir çox faktor bir araya gələrək həm akademiyadakı müzakirələri, həm də qlobal yayım sektorundakı nəşr siyasətini və nəbzini təyin edərkən çoxyönlü bir cədvəl ilə qarşılaşırıq. Dünya ədəbiyyatı bir anlayış olmasıyla bərabər çox laylı bir çərçivə olaraq qəbul edilərkən bir tərəfdən də ifadəli və duyğulu bir tor qurur. Bu qurulan torda isə mənim sualım dünya ədəbiyyatının dünyasından nə anladığımızla bağlıdır. Dünya deyərkən tam olaraq nəyi, kimin dünyasını nəzərdə tuturuq, nəyi qəbul edib, nəyi tərk edirik?

Bu suala dünya ədəbiyyatını yenidən düşünərək hamılıqla belə cavab verə bilərik. Bizə təqdim olunan, yuxarıda göstərilən, dəyişməz dünyanı rədd etməklə. Ancaq bir formada mövcud olan və bir formada danışan ziddiyyətli aləmlərə söykənmək yaradıcı güc və ədəbiyyat tələb etmirmi? Başqa cür desək, daim bir təxəyyül gücüylə ictimai, mədəni və fərdi çərçivədə oxucunu və dünyanı formalaşdırma gücünə sahibdir ədəbiyyat. Elə bu səbəbdən alternativ coğrafiyalar və məkanlar, özünə və başqasına görə kəsişmə sahələri, etik birləşmə forması yaratmaq üçün ən mənalı və əlverişli sahədir. Qayatri Sipivak kapitalist mübadilə sisteminin fərqləri, xüsusən qlobal rəqəmsal şəbəkə, digərini başa düşən vahid bir təsəvvür ortaya qoyur və yer üzündəki bütün canlılar arasında yalnız bir növ olduğumuzu xatırladır. İnsanın digəri üçün məsuliyyət daşıdığını vurğulayaraq, dünyada əsas hüququ olmadığını və məcburiyyətə meyl etdiyini deyir. Beləliklə, kollektiv bir təsəvvür ilə (bir az utopik görünsə də ) mücərrədlikdən kənara çıxaraq yerüstü və konkret varlıq formaları təklif edir. Məsələn, Cənubi afrikalı Dangorun 1997-ci ildən bəhs edən “Qafqaz lənəti” romanı.

Roman yeddinci əsr ərəb əfsanəsi “Leyli və Məcnun”un sonradan Nizami və Füzuli tərəfindən yazılmış hekayəsi vasitəsiylə şərh edilməsinə əsaslanır. Məcnun (Romanda Məcnun ərəb, müsəlman hind və holland hibrid qəhrəmanı Ömər/Oskar kimi göstərilmişdir) bir söyüd ağacına çevrilir.

Kafkanın “Çevrilmə”sinə açıq bir göndərmə ilə başlayan roman bəzən bu çevrilişi təsdiqləyir, bəzən də lənət kimi əks etdirir. Cənubi Afrika ərazisində geriyə nəfəs alan, karbon-dioksidi alan və oksigen verən insan ağacı Məcnun illərlə gələcək ədaləti gözləyir. Söyüd ağacına diqqət yetirdikdə indiyə qədər ortaya çıxmayan müstəmləkəçiliyə edilən işarələri, detalları tapa bilirik. XIX əsrdə “ağlar”ın rahatlığı üçün müstəmləkəçilik siyasəti ilə birlikdə Avstraliyadan Cənubi Afrikaya söyüd ağacı gətirildi və bir çardaq əvəzi əkildi. Bu şəkildə müstəmləkəçi və irqçi siyasətlərdə öz payına sahib olan söyüd ağacının iradəsiz hekayəsi qəfildən qarşımıza çıxır.

Bəşəri düşüncədə insan təkcə öz irqinin deyil, həm heyvanların, həm də təbiətin yaşadığı ağrılara şahidlik edir. Və o bu ağrının haqqını mütləq verməlidir. Məncə, işin ən həyəcanlı qismi burada gizlidir. Eyni zamanda, bu hekayəyə başqa bir dünya əlavə olunar. Roman xarakterlərindən Ömər/Oskarın qardaşı Malik Cənubi Afrikadakı irqi mübarizəyə və basqın rejimə inad həyatda qalmağa çalışarkən Yaşar Kamalın “İncə Memed” kitabını əlindən yerə qoymaz, onun hekayələrindən özünə təsəlli tapardı.

1930-cu illərin Türkiyəsi, Çukurovasıyla Cənubi Afrikanın Kap Tovnu ədalət mübarizəsində kəsişərək bir mənada ağlımızı qarışdıra bilər. Bu anlaşılmazlıqdan yola çıxaraq özümüzə bu sualları verə bilərik: Türkcə ədəbiyyatı dünya ədəbiyyatı olaraq necə oxuya bilərik? Cənubi Afrika ədəbiyyatını dünya ədəbiyyatı kimi necə oxuyaq? Burada mərkəz-çəpər əlaqəsində davam edən gərginliyə tuş gəlməyən təhkiyədən danışa bilərikmi? Bütün bunları necə təhlil edək?

“Qafqaz lənəti” romanı tərcümə əsər deyil. Dangor bir çox əsəri kimi bu romanı da ingiliscə yazıb. Ancaq bunu qeyd etməkdə bir fayda var. Biz bu romanı dünya ədəbiyyatı dərsində ingiliscə oxusaq, mətnin sadəcə bu dillə məhdudlaşmadığını görürük. Dangor romanda yerli afrikancaya və ərəb dilinə sıx şəkildə yer verir. Bu dillərdəki ifadələr ingilis dilinə tərcümə olunmadan duyğu kimi oxucuya çatdırılır. Bu vəziyyət bizi “Dünya ədəbiyyatının dili və ya dilləri ola bilərmi? Ola bilərsə, necə olar?” suallarına cavab axtarmağa yönəldir. Anqlomərkəzli iqtidarın yaratdığı ədalətsiz və qeyri-bərabər coğrafi inkişafı, bəşəri resurslardan istifadəni sıxışdıran, hətta buna imkan verməyən yüksək səviyyəli təhlilə və yeni dünyalar yaratma təcrübəsinə ehtiyacımız var. Dangor bunu bizə xatırladan yazıçıdır. Əxlaqi bir problem və məsuliyyət olan dünya ədəbiyyatını məhz bu səbəbdən oxuyub, öyrənib, yolunu müəyyənləşdirməliyik.

Share: