İnsan adında yaradansan, QADIN!!! – Rəfail Tağızadə

İnsan adında yaradansan, QADIN!!! – Rəfail Tağızadə

Yeriyən gözəllik

Səsin rahatlıq,
sözün məlhəm,
sükutun oyanışdı
sənin.

Ətrin bihuş edən,
duruşun zövq verən,
baxışın sövq edən
qüzılgülsən.

Payızın yazı andırır,
duyanı
odun, atəşin yandırır.

Sən yeriyən gözəlliksən.
Görənin susan yeri,
tanıyanın səcdəgahısan.

Dənizsən,
dalğasan,
ləpəsən,
qayasan.
İnsan adında yaradansan,
QADIN!!!

 

Gül qadın

Ləçəklər açılıb-yığılan,
büzülən dodaqların,
qamətin, duruşun
axşamı, səhəri göstərər,
üzündəki şeh
sevinci, kədəri bildirər.
Meh rəqs etdirər səni,
vals çalınar, vals-
gül qadın.

Əyilər qarşında əyilməyənlər.
Kiminə ətrini verərsən,
kiminə özünü bəxş edərsən,
ən dəyərli hədiyyə, sən-
gül qadın.

Baxışlar soldurar, açar səni,
bəzən üşüdər bir naçar səni,
solmaz al yanaqların qar altında
qışı yaza döndərərsən,
sevərsən, sevdirərsən,
dünyamı özünə çöndərərsən-
gül qadın.

Məst olan gecənin qaranlığı
alışar baxışında, işığında,
əriyər… əriyər… səhərə kimi,
yanağında kədərli gecənin göz yaşları,
sinəndə ruhumun qığılcımları-
gül qadın.

Əllərim, qollarım qucaqlar səni,
titrədər məni belinin, barmaqlarının
həyəcan notları,
ləçəklərin üzümə, dodaqlarıma,
bədənin bədənimə toxunar,
sonra…, sonra…
rahatlığın sakitliyi
məni xoşbəxtliyin qucağında yatırar-
gül qadın.

Sevinc qat dünyaya,
sevindir dünyamı.
Gül, qadın.
Gül qadın.

Rəfail Tağızadə

Share: