İnsan ovu, ölüm xofu, heçlik arzusu

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Kulis.az Fəxri Uğurlunun yeni yazısını təqdim edir.

Uilyam Folknerin “Qırmızı yarpaqlar” hekayəsi haqqında

Hindu qəbiləsinin başçısı ölüb. Qəbilənin adətinə görə, onun atı, iti, nökəri, daha doğrusu, qulu da yanında dəfn olunmalıdır. Qara qul isə qaçıb. İndi hinduların müqəddəs borcu onu tutub canını almaq, sonra başçını ədəb-ərkanla torpağa tapşırmaqdır…

Böyük Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin dilimizə mərhum tərcüməçi Natiq Səfərovun çevirdiyi dünya şöhrətli “Qırmızı yarpaqlar” hekayəsinin süjeti bu təqib prosesinin üzərində qurulub. Folkner adını çəkdiyim hekayəni otuz üç yaşında yazıb – bu faktı gənc nasirlərin diqqətinə ayrıca çatdırmaq istərdim.

Əsərdəki hadisə üç irqin iç-içə yaşadığı Şimali Amerika cəmiyyətinin həlməşik dövründə, amerikalıların hələ bütöv bir xalq kimi formalaşmadığı qarışıq tarixi dönəmdə, konkret tarixi şəxsiyyətlərə işarə vurulsa da, demək olar, anaxronik zamanda baş verir. Hindular hələ ibtidai qanunların əsarətindədirlər, zəncilər hələ boyunduruqdan qurtulmayıblar, ağlar da hələlik dərisinin rənginə görə özlərinə bənzəməyənləri adam saymağa alışmayıblar.

Ümumiyyətlə, indi “Amerika xalqı” adlandırdığımız toplum formalaşdığı qısa tarix ərzində bəşəriyyətin qırx min ilə keçdiyi yolu təkrar ayaqladı – bir yanda ibtidai icmalar, o biri yanda quldarlıq quruluşu, bir yanda əli qamçılı feodallar, o biri yanda əli pul kəsən kapitalistlər, bir yanda seçkilər, o biri yanda vəhşi mübarizə üsulları, bir yanda demokratiya, o biri yanda imperializm… Arxı adlamaq istəyən adam uzağa hoppanmaq üçün necə geri çəkilib sürət yığırsa, yeni qurulan cəmiyyət də ümumbəşəri təcrübənin gəldiyi yolu sürətlə keçib var gücüylə irəli atıldı.

Ancaq bu, hələ sonra olacaq, hələlik Amerikanın quzeyi bir-birindən min illərcə fərqli zamanlarda, tarixin ayrı-ayrı mərhələlərində yaşayan irqlərin, qitələrin, sivilizasiyaların süni qovuşağıdır.

Hindu qəbiləsində sərt iyerarxiya hökm sürür. Burada başçı mütləq hakimiyyət yiyəsidir. İssetibbexa öləndən sonra avtomatik şəkildə onun yerini tutan, heç bir hakimiyyət iradəsi ortaya qoymayan, dinib-danışmağa belə halı olmayan yorğun, piyli, süst oğlu Moketubbeni devirmək kimsənin ağlına gəlmir. Atasının nökərini qovalayan hindular onun oturduğu xərəyi çiyinlərində daşıyırlar – qaydaya görə, təqibə varis başçılıq eləməlidir, vaxtilə babasının qulu ölümdən qaçanda da qabağa atası düşmüşdü, indisə onun növbəsi gəlib. Fəqət qəbilənin yeni rəhbəri nəinki maral kimi qaçan nökəri qovmaq, heç yerimək iqtidarında da deyil, buna görə hindular onu çiyinlərində aparırlar, çünki ritual pozula bilməz. Qəribədir ki, hindular bu işi qullara da tapşırmırlar; görünür, proses onlardan ötrü sakral xarakter daşıyır, bu səbəbdən belə bir müqəddəs missiyanı zənci təmasıyla ləkələmək istəmirlər.

Konkistadorlar yeni qitəyə ayaq açanda yerli dövlətlərdə, konkret desək, İnk imperiyasında da belə bir sərt iyerarxik sistem vardı – hökmdar, rəhbər hamının əvəzinə tək düşünürdü, onun göylərdən vəhy alan iradəsi sözsüz-sovsuz qəbul olunurdu, rəiyyətin baş işlətməsinə əsla ehtiyac qalmırdı. Bundan duyuq düşən hiyləgər avropalılar hökmdarla yaxın ətrafını aradan götürəndən sonra başı kəsilmiş cəsədi rahatca ram eləyə bilmişdilər.

Hekayədən göründüyü kimi, hindu qəbiləsi qədim adət-ənənəsinə, dədə-babadan qalma törəsinə möhkəm bağlıdır, bundan qırağa çıxmaq qəbilə üzvlərinin ağlına belə gəlmir. Onlar varlığı yoxluğundan seçilməyən qara qulu elə bir ilahi vəcdlə axtarırlar ki, elə bil cəmi qəbilənin, cəmi bəşərin (əslində onlardan ötrü bəşəriyyətin sərhədi qəbilənin çevrəsindən qırağa çıxmır) taleyi, gələcəyi bu axtarışın nəticəsindən asılıdır.

Zavallı qara qul uzağa qaça bilməz, onun yer planetindəki dünyasının sərhədləri gözlə görünən qədər yaxındır, qırx yaşınacan ömrü hindu qəsəbəsiylə ondan azca aralı zənci qəsəbəsinin arasında keçib. On dörd yaşından onu başçıya nökər götürüblər, qızmar günəş altında ağır zəhmətə qatlaşan, öz tərində boğulan soydaşlarına baxanda bir az rahat yaşayıb. İndi budur, o rahatlığın cəriməsini ödəmək zamanı çatıb, nökər labüd ölümdən heç yana qaça bilməz, ölümü onu bapbalaca dünyasının içindəcə haqlayacaq. İndi o, xaltası uzadılmış it kimi çevrəsində fırlanır, ancaq xaltanı qırmağa gücü çatmır; qırsa belə yer üzündə yeri yoxdur, uzaqlarda nə yurdu, nə yuvası, nə də bir doğması var. Bir sözlə, fələyin qara tale yazdığı qara qulun qaçdığı ölümə könüllü təslim olmaqdan savayı yolu yoxdur.

Əslində hindular qul saxlamaqdan elə də məmnun deyillər, nə vaxtsa yaşayışlarını asanlaşdırmaq üçün alıb yığdıqları kölə sürüsü indi onların çiynində ağır yükə çevrilib. Nökərin axtarışına çıxan iki hindunun söhbətindən bunu aşkar duymaq olur. Kölə ticarəti onların da həyat nizamını, bundan da betəri onların əxlaqını pozub, işdən-gücdən, halal zəhmətdən əllərini soyudub. Harınlamış, piylənmiş, pırsımış hinduların təsviri bu qənaətə gəlməyə imkan verir. Daim apatiya vəziyyətində olan Moketubbe illər boyu çalışsa da, atasının Avropadan gətirdiyi qırmızıdaban tufliləri şişkin ayaqlarına keçirə bilmir. Görünür, müəllif bununla təkcə qul əməyinə alışmış hinduların fiziki-mənəvi tənəzzülünü yox, həm də sivilizasiyaların uyuşmazlığını bizə göstərmək istəyib.

Ancaq Folkner dərin mətləblərə belə üzdən baxan yazıçı deyil. Bütün köməkçi detallar öz yerində, bu hekayə insanın ölümdən qaçışı haqqındadır. Günü-güzəranı heç də yerin altındakılardan xoş keçməyən kölə dərisi kimi qapqara taleyin ayağına dolaşır, bircə yol üzünə gülməmiş həyatın ətəyindən sallaşır. Sığınacaq tapmaq ümidiylə üz tutduğu zənci qəsəbəsində qorxudan, həyəcandan bərəlmiş gözlərinin ağıyla zülməti aydınladan tale ortaqları belə ona təsəlli, təpər verə bilmirlər, bunların yerinə dişinə vurmağa bir tikə bişmiş ət verib onu əcəliylə təkbətək döyüşə göndərirlər. Qul ölümün əlindən baş götürüb meşəliyə qaçır, yırtıcıların caynağında puça çıxmaq qorxusu belə onun qarşısını kəsə bilmir…

Psixoanalizin atası Ziqmund Freyd deyirdi ki, hər bir canlı orqanizm şüursuz şəkildə öz ölümünə, başqa sözlə, üzvi varlıqdan dönüb qeyri-üzvi varlığa, heçliyə çevrilməyə, əvvəlki halına qayıtmağa can atır. Bəs onda bu qara qul can atdığı ölümə niyə can vermək istəmir, onun ki, demək olar, şüuru yoxdur?

Hə, bu yerdə varlığın daha bir sirri üzə çıxır: orqanizm ölümünə öz daxili mexanizmi hesabına qovuşmaq istəyir; kənardan gələn ölüm onu qorxudur, onda müqavimət refleksi oyadır.

Palçığa bürünüb bataqlıqda gizlənən kölə zəhərli ilanın güddüyü qurbağanı tutmaq istəyəndə ilan onu sancır. Bundan sonra qara qul qəribə bir əcəl təşnəliyi, ölüm ehtirasıyla özünü iki dəfə də ilana çaldırır. Onsuz da öldürüləcəyini bilə-bilə orqanizmin özxoşuna ölümə getməsi bax belə olur, hərçənd Folkner Freydi oxumadığını deyirdi. Canavarın pəncəsinə keçən dovşan da eynən bu cür ürəyini içəridən partladır.

Universitetlərdə keçirdiyi görüşlərin birində yazıçıdan soruşurlar: siz bu ilanla nə demək istəmisiniz, taleyə, qədərəmi işarə vurmusunuz? Əlbəttə, Uilyam Folkner bu sayaq bayağı fəndlərlə, ucuz priyomlarla baş girləsəydi, Folkner olmazdı. Yazıçı o suala təqribən belə cavab verir: yox, mən bununla demək istəmişəm ki, adam özünü zəhərli ilana vurdurandan sonra öləcəyini lap dəqiq bilir, di gəl yenə ölümdən qaçır. Yəni Folkner demək istəyir ki, qul ilan zəhərinin öz içində, can bağçasında suvardığı ölümlə ölmək istəyir.

Bu yerdə irad tutula bilər ki, ona qalsa, ilan da kölədən ötrü kənar qüvvədir, ondan gələn ölüm də doğma deyil, yad ölümdür. Əlbəttə, əgər ilan adamı özündən xəbərsiz vurursa, bu iradla razılaşmaq olar; yox, adam özünü ilana Kleopatra kimi qəsdən vurdurursa, bunun adı qətlə yetirilmək deyil, intihardır. Kölə qurbağanı tutmaq istəyəndə ilanın marığa yatdığını görməmiş deyildi, sonradan iki dəfə də özünü ilana çaldırmağı, ona şirin-şirin “nənə” deməyi bunu söyləməyə tam əsas verir.

Fəqət qulun könüllü ölümü mənzil başına zorakı ölümdən tez çata bilmir. Ölümdən qaçışının altıncı günü onu diri tuturlar. Əslində hindular onu bir gün tez də ələ keçirə bilərdilər, ancaq öz aralarında məsləhətləşib qula möhlət verirlər, çünki: “Sabah da elə bu gündür, sabah bu günün yalnız bir başqa adıdır”. Bu məqam Ernest Heminqueyin “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayəsindəki bir məqamla necə də səsləşir, orada savanna bələdçisi Uilson daha şirdən qorxmadığını fərəhlə bəyan eləyən Frensisə deyir: “Bəd ayaqda sizi öldürərlər, vəssalam. Şekspirdə necə deyilir? Çox qiyamət yerdi, indi yadıma salaram. Hə, orada çox gözəl deyilib. Bir vaxtlar mən o yeri həmişə təkrarlayardım. Qoy görüm necəydi. “Vallah mənimçün heç fərqi yoxdur; onsuz da ölümdən yaxa qurtarmaq olmaz, ona borcunu verməlisən. Amma hər necə olsa, bu il ölən gələn ilki ölümdən yaxasını qurtarıb”. Yaxşıdır, yox?”

Tutandan sonra hindular qula xoş üz, mərhəmət göstərirlər, ta ağasının qəbrinə çatanacan onu şirin dillə dindirib söylədirlər, əvvəl qaçışını öyürlər, sonra yemək, su təklif eləyirlər. Ağzındakı əti uda bilməyən kölə tikəni mümkün qədər çox çeynəyib ömrünün qürubunu uzatmağa çalışır. Qara günlərinə-saatlarına daha bir neçə saniyə artırmaq üçün quyudan çəkilən suyu damla-damla udur. Düşünmür ki, altı gün əvvəl ölsəydi, bu gün ölməli olmayacaqdı, əcəlini yubatmaqla əslində zülmünü, işgəncəsini, qorxusunu artırıb. Ağlına da gəlmir ki, bir neçə dəqiqədən sonra əzablarına son qoyulacaq, boynu fələyin kündəsindən qurtulacaq, daha onu heç kim qorxutmayacaq, heç nə öldürməyəcək…

…Böyük sənət də həyat kimi ölümlə dirimin, heçliklə əbədiyyətin izdivacından doğulur. Bu nikahdan kənarda meydana gələn əsər ya bic olur, ya sonsuz, ya fərsiz, ya da şikəst. Ədəbiyyat tarixi onları yadda saxlamır.

Share: