İnsan qəlbini İncilin vərəqlərinə bükən yazıçı

İnsan qəlbini İncilin vərəqlərinə bükən yazıçı

Kulis.az Fəxri Uğurlunun Dostoyevskinin “İdiot” romanı haqqında yazısını təqdim edir.

“İdiot” romanı Fyodor Mixayloviç Dostoyevskinin yaradıcı ömrünə yekun vuran “Xəmsə”nin ikinci əsəridir. “Xəmsə”yə qədərki yaradıcılığı nə qədər maraqlı olsa da, Dostoyevskini dünya miqyaslı böyük yazıçıya çevirən bu beş romandır: “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, bir də “Karamazov qardaşları”. Bu silsilədən ilk əsər – detektiv, ikincisi – məhəbbət romanı, üçüncüsü – sosial-siyasi roman, dördüncüsü – tərbiyəvi roman, nəhayət, beşincisi – ailə romanı qəlibində yazılsa da, bunların hamısı fəlsəfi əsərlər, Allah axtarışına çıxmış müəllifin bədii tədqiqatlarıdır.

Qərbdə Dostoyevskini ideoloji romanın banisi sayırlar, ancaq mən bu təsbitə bir az şübhəylə yanaşıram: məgər Stendalın “Qırmızı və qara”, “Parma monastırı”, Balzakın “Şaqren dərisi”, “Absolyut axtarışında”, Hüqonun “Paris Notrdam kilsəsi”, “Səfillər”, Dikkensin “Pikvik klubundan qeydlər”, “Devid Kopperfild”, Qonçarovun “Oblomov”, Turgenevin “Atalar və oğullar”, Tolstoyun “Hərb və sülh” romanları “ideoloji” əsərlər deyilmi? Nə deməkdir ideoloji roman – müəllif bəyəndiyi-bəyənmədiyi ideyaları müxtəlif obrazlara yükləyir, sonra həmin obrazların timsalında ideyaların konfliktini süjetə çevirir, nəhayət, sonda arxasında durduğu ideyanın zəfərini, yaxud faciəsini təsvir eləməklə oxucuya, cəmiyyətə mesajını ötürür.

Ancaq müəllifin canlı həyat təcrübəsi, müşahidə ustalığı kara gəlməsə, tək ideyadan bir şey çıxmaz, obraz sxematik, quru alınar, oxucuya heç bir təsir göstərməz. Burada, necə deyərlər, ideal qanadla real qanad paralel pərvazlanmalıdır, hər iki başlanğıc ruhla bədən kimi bir-birini tamamlamalıdır. Məsələn, bir çox ədəbiyyat adamı Alber Kamyunun “Yad” povestinin qəhrəmanı Mersonu canlı insandan daha çox müəllifin ustanovkalarını, təlimatlarını yerinə yetirən ideoloji konstrukt sayır, hərçənd bununla razılaşmaq asan deyil. Dostoyevski, eləcə də yuxarıda adını çəkdiyim-çəkmədiyim başqa böyük yazıçılar bu məsələdə çox ustadırlar, onlar nəzəri-fəlsəfi tezislərlə canlı həyatı elə calaq eləyiblər ki, bu yazıçıları qondarmaçılıqda, saxtalıqda suçlamaq çox çətindir; onlar gerçək yaşamı simvolik reallıq səviyyəsinə qaldırmaqla ideal dünyayla real dünyanın (beyinin sağ-sol yarımkürələri kimi) ayrılmaz vəhdətini yaradıblar.

Dostoyevskinin romanları mənəvi-əxlaqi eksperimentlərdir. O, tapındığı mənəvi prinsipləri, konkret desək, xristian-pravoslav əxlaqını mahir təcrübə ustası kimi ən ağır sınaqlardan keçirir, bu əxlaqın o sınaqlara duruş gətirib-gətirməyəcəyini özü də maraqla izləyir. “Cinayət və cəza”da xristianlığın başlıca ehkamını pozan Raskolnikova dəhşətli mənəvi iztirab, psixoloji işgəncə verən yazıçı sonda onu İsa Məsihin ayağına gətirir, bununla da ağır sürgün həyatının ortasında yalın əllə ovladığı həqiqətin təntənəsini bayram eləyir. Öz qəhrəmanını içindəki cəhənnəm quyusundan tələsmədən, asta-asta, bir neçə yüz səhifəyə çıxaran Dostoyevski bizi inandırır ki, cinayət baş verdiyi andan cəza mexanizmi də işə düşür, həm də bu mexanizm kənarda yox, insanın öz vücudunda, varlığının tam tüpündə, mərkəzindədir. Raskolnikov soyuqqanlı bir qatil olmaqdan mömin xristianlığa qədər ağır, əzablı təkamül yolu keçir, yazıçı onun qəlbinin yaralarını İncilin şəfalı vərəqlərinə bükməklə sağaldır.

“İdiot”un baş qəhrəmanı Lev Nikolayeviç Mışkinin isə kamilləşməyə xüsusi ehtiyacı yoxdur, o, səhnəyə, necə deyərlər, hazır gəlir. Mışkin tövbə məngənəsindən keçmiş Raskolnikovdur. Romanın qaralamalarında Dostoyevski onu “knyaz Xristos” adlandırırdı. Öz idealını müflisləşmiş bir zadəgan nəslinin nümayəndəsi qismində on doqquzuncu əsrin Rusiyasına, içində yaşadığı cəmiyyətə gətirməklə yazıçı daha bir sınaq meydanı qurur, kövrək, nəcib, halal, zəif varlığın kobud, qaba, qəddar, amansız məxluqlarla dolu bu meydanda özünü necə aparacağını, zalım dünyanın ağuşunda necə baş girləyəcəyini nağıl dinləyən uşaq marağıyla güdür. Bu dəfə mənəvi təbəddülat qəhrəmanın içində yox, ətrafında baş verir.

Mışkin İsa peyğəmbərin XIX əsr Rusiyasında zühura gəlmiş versiyasıdır. Dostoyevski onun simasında mənəvi gözəllik timsalı, ideal insan obrazı yaratmaq istədiyini açıqca söyləyirdi. Bu, çox çətin, xatalı eksperiment idi; belə bir pak adamı elə bir napak cəmiyyətin harasına yerləşdirəsən ki, süni, qondarma, yamaq kimi görünməsin, dünyanın şərinə bulaşmamış aciz, köməksiz bir məxluq bu mühitdə boğulmasın, üstəlik, ilan boğazından salamat çıxsın, mühit içində mühit yarada bilsin.

Knyaz Mışkin bir neçə il İsveçrə dağlarında anadangəlmə epilepsiya xəstəliyindən müalicə olunub. Dağlarda keçmiş günləri haqqında o, həyəcansız danışa bilmir, özünü nəhəng bir harmoniyadan qovulmuş, həyat adlı əbədi bayramın qırağına atılmış sanır. O dağlar metafizik dünyanın, zamansız, məkansız bir aləmin rəmzidir. Mışkin o ilahi dünyadan, Füzuli demiş, bəqa bəzmindən gəlir, sonda yenə gəldiyi yerə qayıdır. Orada insan şüursuz ömür sürür, çünki orada şüura ehtiyac yoxdur, insan orada təmiz ruh halında, qılafsız, qabıqsız, xəyal kimi dolaşır. Orada xeyirdən, sevgidən, mərhəmətdən, gözəllikdən başqa nəyisə seçmək, yanılmaq mümkün deyil. Knyaz qopduğu dünyadan danışanda elə bil ata belindən gəlməmiş, ana bətninə düşməmiş yaşadığı ömrü xatırlayır. Oxucuda elə təəssürat yaranır ki, onun nə atası, nə də anası olub, eləcə günün-saatın birində Tanrının hökmüylə yer üzünə atılıb.

Özü də lap vaxtında atılıb. Mışkinin zühuru ezam olunduğu cəmiyyətdə insan alverinin şıdırğı məqamına düşür: arvadı tərəfdən knyaza uzaq qohumluğu çatan general Yepançin böyük qızını bəlkə də özü yaşda olan varlı mülkədar Totskiyə ərə verməyə hazırlaşır. Ancaq Totski bu addımı atmamışdan on altı yaşından zorla öz məşuqəsinə çevirdiyi Nastasya Filippovnadan canını qurtarmalıdır. Bunun da yolunu tapıblar – Nastasyanı onlar Yepançinin köməkçisi, istefada olan yoxsul general İvolginin oğlu Qavrilaya sırıyırlar. Bu fədakarlığın əvəzində varlı mülkədar gənc İvolginin peysərinə yetmiş beş min manat kompensasiya verməyə boyun olur. Əlbəttə, Qanya bu rüsvayçılığı üstünə götürmək istəməz, ancaq puldan da keçə bilmir. Əslində, onun gözü yanında qulluğa düzəldiyi generalın kiçik qızı Aqlaya İvanovnadadır. Ərköyün, tərs Aqlaya ona razılıq versə, gənc İvolgin Totskinin məşuqəsindən də, ianəsindən də imtina eləyəcək.

Share: