Vladimir Nabokovun ömrünün sonuna yaxın yazdığı esse, məktublar, verdiyi müsahibələr 2019-cu ildə ilk dəfə toplanılaraq «Think, Write, Speak» adlı kitab şəklində çap edilib. Kulis.az Cavid Quliyevin tərcüməsində həmin kitabdan yazıçının «İnsan və şeylər» essesini təqdim edir.
“İnsan və şeylər” – Vladimir Nabokov
Yazımın başlığındakı “İnsan və şeylər” sizi çaşdıra bilər. Bu, ola bilsin, sizə ümumiləşdirmə adlı şeytana qarşı edilən hörmət kimi görünə bilər. Mən “insan” sözünü işlətməklə bəşəriyyətin nümayəndəsi, qeyri-adi rahatlığa malik “Homo sapiens” tipindəki mürəkkəbliyi nəzərdə tuturam. Bəlkə də buradakı “şey”in mənim üçün hər hansı bir dərin məna kəsb etdiyini, fəlsəfi primitivlikdən doğan hoqqabazlıq niyyətində olduğumu düşünürsünüz.
Bundan əlavə, “şey” sözünün özü sizin təsəvvürünüzdə dəyəri, rahatlığı və dekorasiyanı simvolizə edən bir nəsnə yerinə, məişət məhsulu şəklində təzahür edə bilər. Ola bilsin, biz “Üç bacı”da, səhv etmirəmsə, ona göstərilən hədiyyəni necə səciyyələndirəcəyini bilməyən və onu əllərilə qavrayıb, dodağının altında “hmm, hə…. şey” deyə mızıldayan Çexovvari həkimi xatırladırıq.
Əslində, sonra o, əfəlliyinin ucbatından buxarı formalı saatı yerə salır və bu da, fikrimcə, gurultulu əks-sədaya səbəb olur.(V.Nabokov burada səhv xatırlayır. Saatı əlindən salan, həkim Çebutkin deyil, Verşinindir – tərc.) İndi isə “şey” sözü başqa bir məxrəcdə eşidilə bilər. Bir vaxtlar qolbaq, brilyant boyunbağı qədər qiymətli ağıza sahib, “şey” sözünü ovucundakı bahalı şeyləri yavaş-yavaş hərəkət etdirərək xüsusilə dəyərli, olduqca yüksək, lap zil səslə, ağır-ağır səsləndirən bir zərgər tanışım vardı.
Nəhayət, mənim bu yazımın başlığı başqa bir “nə əkərsən, onu biçərsən” də ola bilər. “İnsan və şeylər” bəlkə də başqa düşüncədə pivəxanada lakey, ofisiant (Rusiyada oktyabr inqilabında əvvəl “çelovek” (adam) sözü masaya ofisiant çağırarkən istifadə olunurdu, eynilə fransızcada da vaxtilə işlədilən, lakin alçaldıcı tərəfi olduğu və arxaikləşdiyi üçün indi işlək olmayan “Garçon” (oğlan) sözünü misal çəkmək olar. – müəllif. Yazıçı məxəz dildə “waiter” sözünü işlədir – tərc.) görüntüsünü ortaya çıxaracaq, bunun nəticəsində isə “şeylər” sözü öz dumanlı dünyasından şığıyaraq rəhbərliyin öhdəliyinə götürmədiyi şeylərin imicinə bürünəcək.
Ehtimal olunan bu yanlış şərhləri sadalamaqla onları aradan qaldıracağıma ümid edirəm. Əlbəttə, mən insan deyəndə yalnız özümü nəzərdə tuturam, eynilə haqqında danışacağım şeylər ad etiketləri olmadan sıraviliyin dumanlığına daxil ola bilmədiyi kimi. Çünki “şey” dedikdə mən ancaq dişçöpünü deyil, buxar maşınını da düşünürəm. Bəşəriyyətin əli ilə təşəkkül tapan hər şey bir şeydir. Bu, mənim özümə ifadə etməyə icazə verdiyim yeganə ümumi tərifdir.
Bir şey kimsə tərəfindən yaradılır, öz-özünə mövcud olmur. Sahildə unudulmuş siqaret qutusunun üzərindən uçan qağayı onu daşdan, qumdan, dəniz yosununun xırda parçalarından fərqləndirə bilmir, çünki insanın yoxluğunda şey gecikmədən təbiətin qoynuna qayıdır. Tropik cəngəlliklərin dərinliklərində yerə uzadılmış tüfəng artıq şey olaraq mövcud deyil, meşənin qanuni parçasıdır; bu gün artıq qırmızı qarışqa sürüsü onun üzərindən yerə tökülür; sabah o paslanacaq, bəlkə də ondan bir gül dirçələcək.
Bir ev insan içində yaşamağa davam etdikcə beton bloklardan başqa bir şey deyil. İnsan oranı beşyüz illik müddətə tərk etməli olsa, ev səssizliyə bürünəcək, hiyləgər heyvanlar azadcasına qaçışacaq, əslində, o (ev) fərqinə belə varılmadan geriyə – təbiətə qayıdacaq, ev sadəcə daş yığınına dönəcək. Yeri gəlmişkən, ən kiçik bir şeyin belə necə həvəslə və məharətlə insanın yanından sivişib uzaqlaşmağa çalışdığına, intihara nə qədər meyilli olduğuna diqqət edin. Dəmir pul əlimizdən yerə düşür və ümidsiz bir qaçağın tələskənliyi ilə döşəmənin üzərində, öz ətrafında qövs cızaraq ən uzaq küncdəki ən uzaq divanın altında görünməz olur. İnsanın yoxluğu təkcə nəsnələrin yoxluğu deyil, eyni zamanda bəşər övladının konkret münasibətindən kənarda qalan şeylərin də yoxluğu deməkdir. Bu münasibət etibarlı deyil.
Elə götürək bir qadının rəngli, çərçivəli portretini. Bir nəfər işinin mahir bilicisi olan kəsə məxsus soyuq heyranlıqla portreti nəzərdən keçirir, rəngləri, işıq-kölgə effektini, arxa planı təhlil edir. Sənətkarlıq qabiliyyəti yapışdırıcı, xətkeş, dekorativ qəlib, möhkəm, qızılı taxta kimi şeylərin qarışığından təşəkkül tapmış, müəyyən dərəcədə mürəkkəb duyğularla çulğalaşmış başqa bir sənətkar isə mütəxəssis gözü ilə portretə tamaşa edir.
Üçüncü adam – portretdəki qadının dostu – insan təxəyyülündə solğun xatirələrdən biri kimi canlanan nimdaş geyimli küçə uşaqlarına xas şəkildə onun çöhrəsini, bir anlığına dəlmə-deşik yerlərini müzakirə obyektinə çevirir, daha sonra qadının öz əl çantasını və əlcəklərini masanın üzərinə qoyaraq
“Tanrıya şükür, sabah son oturuşumdur. Gözlər yaxşı çıxıb” dediyini tam, aydın şəkildə (bir anlıq da olsa) eşidir və görür: Nəhayət, dördüncü adam bugünkü diş həkiminin ona əməlli-başlı zülm verəcəyi düşüncəsi ilə tabloya nəzər salır, ona görə də o bu əsərə hər baxanda diş alətinin vızıltısını və diş həkiminin ağız qoxusunu xatırlayacaq.
Bəs bütün bunlar nə mənaya gəlir? Baxmayaraq ki, orada riyazi olaraq yalnız bir şey var, lakin eyni zamanda bir şey yox, dörd, beş, altı, milyon şey mövcud ola bilər, bunlar ona baxan insanların sayından asılıdır. Qonşunun qapı kandarına qoyduğu bir cüt çəkmə niyə mənim diqqətimi cəlb etsin?
Amma qonşum bu gün axşam ölsəydi, bu iki nimdaş, dilləri kiçik qulaqlar kimi çölə çıxıb sallanmış, qapı kandarında dayanıb mənə işıq saçan çəkmənin üzərində necə də qəribə bir insani hərarət, acizlik, həyat eşqi, lətafət duyulardı. İş masamın üzərindəki əzilmiş zərfin içərisindən beş ədəd başı qaralmış kibrit tapdım. Niyə onları saxlamaq məqsədilə ora qoymuşdum? Onlarla bağlı hansısa xatirə ola bilərdi, lakin mən unutmuşdum, tamamilə yadımdan çıxarmışdım. Mən onları əlaqəli olduğunu bildiyim həmin xatirə naminə bir müddət saxlayacağam, bir növ ikinci dərəcəli məhəbbətlə sevəcəyəm, amma sonra onları çölə atacağam.
Biz şeylərə bax bu cür xəyanət edirik. Uzaq, balaca bir şəhərdə keçirilən yarmarkada hədəf taxtası oyunundan pul daxılı qazanmışdım. Şəhəri tərk edəndə onu hotel otağındakı rəfin üzərində qoyub getmişdim. Və bunu etməklə özümü onu xatırlamağa məhkum etmişdim. Ümidsizcəsinə həmin pul daxılına bağlanmışdım. Mən onu hər düşündükcə dözülməzliyə, cüzi, əbləhcəsinə edilmiş bir zərifliyə qalib gəlirdim; qazandım, qiymətləndirmədim və tərk etdim. Buna bənzər hisslərlə bəzən bir sıra güllər, dəhlizin qaranlıq küncündəki divar kağızı kimi çox xırda, fərqinə varılmayan ornamentlərə nəzər yetirirəm, bəlkə də onlara məndən başqa heç kim fikir vermir.
Bir dəfə başqa birinin evindəki iş masasının üzərində eynilə mənim evimdə, iş masamın üzərindəkindən fərqlənməyən külqabı gördüm və hələ də, bu külqabı mənə, o külqabı isə başqasına məxsusdur. Yadıma gəlir, təxminən on yaşım olanda əmim differiyadan öldü. Onun otağını dezinfeksiya etməyə başladılar. Bəlkə də onlar nəyə görə otağı dezinfeksiya etdiklərini mənə aydın şəkildə açıqlaya bilmirdilər: lakin mən bu adamın öldüyünü və onların hal-hazırda nə etməyə çalışdıqlarını başa düşmüşdüm; ona məxsus olan şeylər artıq onun deyildi və əşyalarının yaratdığına şübhə yeri qalmayan toz, qoxu aradan qaldırılırdı.
İnsanların cihazlar haqqında danışmasını xoşlamıram: ah, bizim bu texnoloji əsrimiz; ah, robotlar; ah, bu, o və s. Maşınlar, alətlər bütünlükdə bizə xidmət edib. Bu mənada bir cib bıçağının hansısa mürəkkəb quruluşlu, zavod buraxılışı cihazlardan fərqi yoxdur. Məsələ ondadır ki, burada heç bir mürəkkəblik yoxdur. Biz parçaların sayını mürəkkəblik kimi qəbul edirik, amma bu parçalar özlüyündə sadədir və sonda sadəcə qarşılıqlı kommunikasiya yaradırlar. Maşınların cazibədarlığını səciyyələndirən yeganə fakt budur ki, bütün intellektual, çevik insanlar maşın yarada bilirlər. Xeyr, biz əcdadlarımızdan qabağa gedə bilməmişik.
Beşinci əsrdə ağıllı çinli sualtı qayıq icad etdi. Monqollar qədim dövrlərdə zəhərli qazlarla qərbli düşmənlərini heyrətə gətirdilər. Belə demək mümkünsə, texnologiyanın son sözü qismində malların satışını həyata keçirmək üçün avtomatlaşdırılmış qurğular istehsal edən şirkət reklamını oxumuşdum. Avtomatlaşdırılmış qurğular hələ antik dövrlərdən bu yana istifadə olunurdu. Misirli kahinlər onlardan vətəndaşlarını xurafatlarla ovsunlamaq üçün faydalanırdılar. Ovsunlu qablar İsis məbədlərinin kənarında dayanırdı.
Onlar bir neçə damcı müqəddəs su vasitəsilə inanclıları tanrılarının xeyir-duasıyla təmin edirdilər. Bütün bunların reallaşması üçün sadəcə həmin qabın üzərindəki xırda kəsikdən içəriyə beş draxma (antik Yunanıstana məxsus gümüş əskinas – tərc.) atmaq lazım gəlirdi, eynilə metro stansiyalarında bir qutu badam almaq üçün gənc qadının etdiyi kimi. Belə çıxır ki, bu, sakral və əbədi jestdir. Avtomatlaşdırılmış Misir istehsalı qablar kahinlərə bir neçə əsr boyunca yaxşı mənfəət gətirdi və əlbəttə, o mexanizmlərin arxasında yatan sirr sərt, hətta ölüm cəzası kimi qanunlarla mühafizə olunurdu.
Mexanizmin işləmə üsulu belə idi: aşağı atılmış sikkə simlərdən düzəldilmiş boru boyunca hərəkət edərək yaxşı balanslaşdırılmış lingin qolları üzərinə düşürdü; bu, su ilə doldurulmuş çəlləyin dibindəki klapanın bir anlıq da olsa, açılmasına səbəb olurdu və avam misirlinin qoyduğu stəkanın içərisinə borudan bir az su tökülürdü. Bir neçə əsr sonra Qədim Romanın küçələrində, hətta əsas yollarında şərab alış-verişində bizim hal-hazırda sahib olduğumuz xırda-xuruş alətlərdən istifadə olunurdu. Romalı evdən çıxarkən özüylə həmişə qədəh götürərdi. Yaxşı bir rəssam olsaydım, belə bir rəsm əsəri çəkərdim: Hores – (Quintus Horatius Flaccus – Avqust dövründən yaşamış romalı şair – tərc.) bir aparatın dəliyindən içəri pul atarkən.
İnsan Tanrının surətidir; nəsnə isə insanın. Bir şeyi yaradan insanın Tanrısı da o şeyi xatırladır. Beləliklə, kamil dairə yaranmış olur: şey, Tanrı, insan, şey – bu mükəmməl çevrə insan təfəkkürünə cəlbedici təsir bağışlayır. Maşın bir çox yöndən insana bənzəyir.
Siz toxunursunuz, o cavab verir. Siz “hörmət edirsiniz”, o qarşılığında sizə “minnətdarlığını” ifadə edir. Siz ona pul verirsiniz, o da sizə nəsə verir. Lakin bütün bunlar məndə müəyyən qədər insanı xatırladan hissin oyanmasına səbəb olur. Sərt küləkdə rəqs edən alt paltarları axmaqca görünsə də, eyni zamanda olduqca bəşəri formada rəqs edirlər. Mürəkkəbqabı bir ədəd qara göz, işıq saçan gözbəbəyi ilə mənə zillənib. Dəqiqə əqrəbi on, saat əqrəbi ikinin üzərində dayanmış saatda əqrəblərin ümumi görüntüsü təsəvvürdə Vilhelmin ( Almaniya imperatoru II Vilhelm (1859-1941) – müəllif) bığını canlandırır. Yumru, şəffaf şüşəylə əhatələnmiş çilçıraqla parlaq düşüncələrlə dolu filosofun keçəli arasında insana mülayimlik bəxş edən bənzərlik var.
Biz bədənimizin müxtəlif hissələri üçün istifadə etdiyimiz sözlərlə silahları, maşınları vəftiz edirik, bu kiçik şeyləri uşaqlarımızla danışırmış kimi yerinə yetiririk. “Dişcik, qulaqcıq, tükcük, buruncuq, ayaqcıq, kürək, tutacaq, baş” (bunlar ruscada təbii kiçiltmələrdir – müəllif). Sanki balaca canavarla əhatələnmişəm və onlar mənim gözümdə zamanı gəmirən saatın dişcikləri, danışıqlarımı dinləyən pərdəyə ilişmiş iynənin “qulağı”, lüləyində damcı yaranmış çaydanın asqırmağa hazırlaşan xəstəhal adama xas təsəvvürü kimi canlanır.
Lakin bəzən daha böyük nəsnələrdə – evlər, qatarlar, avtomobillər, fabriklərdə – insan elementləri təəccüblü dərəcədə xoşagəlməz hal alır. Şvarzvalddakı (Almaniyanın cənub-qərbində yerləşən dağlıq-meşəlik bölgə) bir kənddə istehzalı evlər var: balaca pəncərəli mansardlar hiyləgər gözlər kimi uzaqlara zillənib.
Avtomobillərdə də həmçinin hədsiz dərəcədə gözlərə oxşayan nəsnələr diqqətdən yayınmır, çünki biz onun üçün bir yox, üç yox, məhz iki fara düzəldirik. Təəccüblü deyil ki, bizim sehrli nağıllarımızda və magik rituallarımızda da həyatla bağlılıq komponentləri mövcuddur.
Fikrimcə, bu tip analogiyaları dərinləşdirmək və antropomorfik canfəşanlıq adlandırdığım şeylə bütünləşməklə hisslərimizi “şey”lərə borc verə bilərik. Stulun söykənəcəyinə sarılmış yun şalın kəsalətli duruşunda qeyri-adi bir məhzunluq duyulur: ah, bu şal, necə də kiminsə çiyinlərinin həsrətindədir!
Açıq qalmış, lakin hal-hazırda boş olan dəftərdə nəsə qəribə gümrahlıq, şadlıq, məhrəmlik nəzərə çarpır. Bir qələm, təbiətindən irəli gələrək, başqa bir qələmdən daha həlim, daha mehribandır. Qələmim danışır, karandaşım fısıldayır.
Nəhayət, şeylərin arasında bir də uşaqlar var. Əlbəttə, onlar oyuncaqdırlar və böyüklərə məxsus şeyləri təqlid edirlər, etdikləri təqlid nə qədər yaxşı alınırsa, böyüklər üçün bir o qədər əziz görünürlər. Uşaqlığımda məni həmişə bu sual narahat edirdi: Mən böyüyəndə oyuncaqlarım hara gedəcəklər? Böyüyən uşaqların oyuncaqlarının toplandığı nəhəng bir muzey xəyal edirdim. İndi də Roma sikkələri, silahları, paltarları, zəncirdən toxunmuş zirehlərinin olduğu binaya girəndə xəyallarımdakı həmin o muzeyə daxil oluram.
Biz özümüzə məxsus olan şeylərin gəldikləri yerə – təbiətə qayıtmalarına heç bir əsas olmadan icazə vermirik. Köhnə şalvarlardan ayrılmaq mənə, demək olar, fiziki əzab verir. Heç vaxt oxumayacağım məktubları saxlayıram. İnsan surətində olan şeyi, onun ölümünü, məhvini hiss edə bilmək bizim üçün dözülməzdir. Antik kralların zirehləri, şəxsi əşyaları onlarla birgə tabutlarına qoyulurdu; bacarsaydılar saraylarını belə özləri ilə götürərdilər. Flober mürəkkəbqabıyla birlikdə dəfn olunmaq istəyirdi.
Lakin mürəkkəbqabı lələksiz, lələk kağızsız, kağız masasız, masa otaqsız, otaq evsiz, ev şəhərsiz darıxacaq və insan nə qədər gərgin işləyirsə işləsin, o da, əşyaları da çürüyüb yox olacaqdı. Və bir muzey çertyojundakı rəngli sarkofaqda mumya kimi yatmaqdansa oyuncaqların, linotiplərin (köhnə çap maşını – tərc.), diş çöplərinin, avtomobillərin geri qayıdacağı yeraltında çürümək, mənə daha ürəyəyatımlı və nədənsə daha dürüstcəsinə bir şeymiş kimi gəlir.
İngilis dilindən tərcümə etdi: Cavid Quliyev