İnsanın insana münasibəti

İnsanın insana münasibəti

Nurtəkin Atalı

 

(“İnam Evi Günü”ndə deyilmiş bir neçə söz)

 

“Bəşəriyyətin inam məbədlərinin işi başa çatıb, Asif atanın İnam məbədinin işi başlayıb”.

Soylu Atalı

Din savaşları ortadan qaldırmadı, özünün yayılması, öz qaydalarının yaşaması üçün savaşları yenilədi bir növ. Savaş varsa, insanın insana münasibəti tam deyil, qutsal deyil. Əgər dinlər insan üçündürsə, savaş bitməli idi. İnsan insana qənim kimi baxırsa, doğma deyil, yad kimi görürsə, özünə tabe etdirməyə çalışırsa, dünya necə düzələcək?!
İnsan üçün olan, əslində İnsanın İnamına qarşıdır. Allaha inan, günahlarının bağışlanması üçün yalvar, sonunda səni mükafatlandıracam. Din başçıları isə özlərini çoxdan bu dünyada mükafatlandırıblar. Dindən fayda da götürüblər, yararlanıblar, siyasətə alət də ediblər. Istədikləri kimi sadə adamlara sunurlar, istədikləri kimi yaşadırlar.
İnsan üçün olan din İnsana güvənmir, insanı saymır, insanı görmür, insanı eşitmir. İnsan özü üçün deyil, Allah üçün yaşayır. Öz mənliyi, vicdanı qarşısında deyil, Allah qarşısında hesabat verir. İnsan İnsana inanmır, dünyaya inanmır. Dünyaya inanmadığı üçün də onu qorumur. Dünya insana yaddır, çünkü onun əsas dünyası bu deyil, cənnətdir. Dünya o qədər yadlaşıb ki, insan dünyanı çapıb-talayır, torpaq işğalını özünün başarısı görür, millətləri tabe etdirməyi özünün haqqı sayır. Doğa da doğalığından çıxıb. Su suya bənzəmir, hava havaya, bitki bitkiyə, heyvan heyvana. İnsanın dünyaya münasibəti faydaçılıqdan o tərəfə getmədi. Elə bil bu gün yaşayacaq. Bəs sabah?! Bəs sənin soyun, millətin?!
Hər il yer üzündə neçə xalqın dili yoxa çıxır, mədəniyyəti yoxa çıxır. Kiçik millətlər böyük millətlərə qarışır. Dünyanın rəngarəngliyi itir. Həm də bu başqa insanları, millətləri rahatsız etmir. Laqeydlik normal bir hala çevrilib. Dünyanın necə bir bütöv anlam daşıdığını, hər bir şeyin ona necə anlam qatdığını insanlar anlasaydı, dünya da bu günə gəlib düşməzdi.
İnsan özünü tanıyanda dünya gözəlləşir. İnsan insanı anlayanda, insan insana doğma olanda, İnsan insana səcdə qılanda dünya gözəlləşir. Bu günə kimi nə qədər insan gəlib gedib bu dünyadan. Bir-birinə heyrət edənlər, ideala aşiq olanlar, İnsani, milli ideyanı həyata keçirənlər qalıb. Qaranlıq dünyaya işıq salıblar. Dünyanı dəyişmək – insanın özünü başqasında tapmasıdır. Nəimi-Nəsimi münasibəti, Şəms-Rumi münasibəti, İdeala vurulanlar, azadlıq aşiqləri, tarix, zaman nə qədər insana qarşı olsa da, yenə Günəş kimi işıq olublar İnsanlıq tarixində. İnam Evi bu münasibətlərin ünvanıdır, bu münasibətlərin evidir, qoruyanıdır.
İnsan aqibətini öz əlinə alanda dəyişir dünya. Atanın “özüylədöyüş” ideyası bəşərə hava, su kimi gərəklidir. Maddi firavanlığa çata bilərsən, zəngin ola bilərsən, ancaq həyatı bununla dəyişə bilməzsən. Ata deyir, İnsan həyatının mənası maddinin ruhaniləşməsidir. İnsan öz müqəddəs Mənasına bərabər yaşamalıdır. İçindəki gözəlliklərin mütləq səviyyəsinə çatmalıdır. İnsanın içindəki Xeyirlə Şərin döyüşündə Xeyir qələbə çalanda dünya dəyişəcək. İnsanın içindəki Xeyir Dünyadakı Xeyirə qovuşacaq. İnsan həyatının anlamı budur. İnsanın insana münasibəti, Millətinə münasibəti, Bəşərə münasibəti onun İnam Evidir. Ömürdə qurulursa, bəşərdə də qurulur. Ömrü qurur, sonra da dünyanı qurur.
Bilinməyən, görünməyən dünyaya inanma, yaşadığın dünyanı dəyiş, sev, qoru. Öz millətinə yad olma. Millətin – sənin keçmişin, bugünün, gələcəyindir. Səni özgələşdirən gəlişmələrə özünü bağla. Özünü qur, özünlə doğmalaş, millətinlə doğmalaş. Sənin kökün də odur, özümlüyün də. İnam Evi bu bağların ünvanıdır. İnsanın özünə, millətinə, bəşərə doğmalıq, birlik ünvanıdır İnam Evi. Ədalətin, Həqiqətin var olduğu ünvandır. Ədalət, Həqiqət yalnız bir fərdə özgün deyil, yalnız bir millətin dediyi deyil, İnsanlığa özgün, milliliyə özgün, bəşəriliyə özgündür. Ədalət, Həqiqət İnsanlığa, İnsana İnamı yaşadır. İnam Evi bu inamı qoruyan ünvandır.
Atamız Var olsun!

 

Share: