İNTERNETLƏ SEVİŞƏNLƏRİN FACİƏSi

Pərviz CƏBRAYIL

Yeri gəldikcə sosial şəbəkələrin, rabitə əlavələrinin həyatımıza təsirindən yazmışam. Ancaq bu mövzu internetin özü kimi bitib-tükənən deyil.

Bu gün gördüyüm bir sosial video-çarx içimi alt-üst elədi, təkan verdi, yenə yazıram.

Çarxın süjeti belədi:

Ana beş yaşlı qızının paltarlarını ütüləyir, telefonu da çiyniylə qulağına sıxıb, kiminləsə danışır. Uşaq gah anasına baxır, gah ruhdan düşüb başını nəyləsə qatmaq istəyir. Sonra nahar edirlər. Anası yanında olsa da, uşaq yenə yalqızdı, düşüncə içində yeməyini qaşıqlayır, ana isə noutbuku qarşısına qoyub yazışır, nəyəsə baxır. Sonra geyinib evdən çıxırlar. Lift. Ana yenə kiminləsə yazışır. Uşaq başını qaldırıb üzündə məyusluq və kədər gülümsəyərək, aşağıdan yuxarı anasına baxır, sanki yalvarır, imdad diləyir… ancaq ana öz dünyasındadı.

Sonra avtobus. Yenə ana oralardadı, nə bilim onunladı, bununladı. Ona qısılmış uşaq yenə yuxarı baxır, amma heyhat, yenə ana onu görmür. Ümidini üzən qızcığaz başını pəncərəyə çevirir, şüşənin qırovunu silib ordan özünə baxır. Kamera dışarıdan onun məyus gözlərini, tənhalıqdan donmuş baxışlarını göstərir. Şaxtadan qırov bağlayan şüşə onun ürəyini əks etdirir. Təkcə gözləri gözləyir, ümidini itirmir…

Sonra bağçada milad şənliyi. Nəhayət, söz bizim qızcığaza verilir və o, səhnəyə çıxıb şeir deməyə başlayır. Anası onu telefonla videoya çəkir.

“Белый снег упал на землью, вся землья теперь бела…”

Və birdən uşaq dayanır, şeirini kəsir, müəlliməsinə dönür, soruşur:

— Olarmı, mən başqa şeir deyim?

Müəllimə inanılmaz çaşqınlıqdan sonra çox incə şəkildə, amma şübhəylə “əlbəttə” deyir və uşaq başlayır:

— Мама дома?

Мамы нет.

Мама вышла

В интернет.

 

Мама ищет

В интернете,

Как дела

На белом свете.

 

Кофе пьет,

Глазами

Водит —

Что там в мире

Происходит?

 

Мама, я тебе

Скажу!

В мире

Я происхожу!..

Sonda anasına sarılıb deyir:“Səni çox, çox sevirəm, ana. Məni heç vaxt yaddan çıxarma…”

Yəqin hamımıza bu kəlmələr tanışdı:“Qarabağı Feysbukda (başqa sosşəbəkələr) alanlar”, sosial şəbəkə qəhrəmanları, şəbəkə aslanları, şəbəkə inqilabçıları və s. bu tipli atmacalar. Bunu ayağı real həyatda olanlar desə, dərd yarıdı. Məsələ ondadı ki, onlar da elə feys qəhrəmanları, ziyalılarıdı və həyatda dil pəhləvanları adlanan o tip qəhrəmanlarla, rembolar, terminatorlar, vətənpərvərlərlə davanı da elə feysdə aparırlar.

Bəli, feysdə vurub-yıxmaqla heç sərçəni də qorxutmaq olmaz, nəinki Sərkisyanı, Paşinyanı, ancaq gəlin düşünək, axı biz artıq real dünyada yaşamırıq! Bizi elə tovlayıb, elə yeni bir dünyaya salıblar ki, öz xəbərimiz olmadan belə davamızı o yeni dünyada aparırıq.

Con Kolemanın “Üçyüzlər komitəsi”ndə dediyi yeni dünya nizamına aparan əməliyyatların çoxu artıq reallaşıb. Kitabı oxuyanlar yəqin ki, nələri nəzərdə tutduqlarımı anladı. Biri də kütləvi nəzarət mexanizmi olan bu sosial şəbəkələr… İnternet bizi bizdən alıb, bizi paralel dünyaya salıb. İnsanlar real həyatdan uzaqlaşıb, bir-birinə biganələşib, yadlaşıb.

Diqqətlə fikir verin – artıq yas mərasimləri, toylar, nişanlar, doğum günləri, sevişmələr, küşüşmələr, ayrılıqlar, hətta tibbi əməliyyatlar belə — hamısı internetdə yaşanır…

İnsan özü-özünə yadlaşır, öz oxundan çıxır.

İndi o kiçik, sevgiyə, diqqətə möhtac qalan qızcığazımızı bir yana qoyaq. Məgər böyüklər, bacılar, qardaşlar, sevgililər, ər-arvad meydanlarında ondan fərqli mənzərədimi?

Axşam ər-arvad yatağa girir, yatana kimi əlindən telefon düşməyən cütlüklər barı yatağa girəndən sonra bir-birinə günboyu həsrət qaldıqlarını xatırlayıb sarılmaq əvəzinə, yenə telefona sarılırlar. Sonra sanki qəfildən internetdə iş vaxtının bitdiyini, çoxunun işdən getdiyini görüb hərə telefonunu bir yana qoyur, arğın-yorğun gözlərini yumur, iki feys dostu kimi hərə öz küncündə büzüşüb yatır.

Bir evdə dörd adam varsa, eyni anda dördü də internetdə yaşayır. İnanın, hətta öz sözlərini bir-birinə Votsapda yazır, ya hansısa fikrin müzakirəsini Feysbukda (və b.) aparırlar.

O çarxdakı kimi, qadın kişisini, kişi qadınını görmür, sanki bir yataqda da hosteldəymiş kimi ancaq ona görə yatırlar ki, sabah tez qalxıb sosial şəbəkədə salamlaşsınlar, bir-birinə xoş sözlər desin, oradaca biri o birinin doğum gününü təbrik etsin, yaxud söz soxsunlar.

“Üçyüzlər” istədiyinə nail olub artıq. Klassik ailə modeli, ailə sevgisi dağılır, insan nəslini azaltmağın hətta nəzərdə tutulduğundan daha effektiv yoluymuş bu. Kişinin qadının, qadının kişinin yazışmalarına baxması təbii ki, etik deyil, ancaq şübhə misri qılınc kimi sevgini kəsib-doğrayır, Beyrəyin qılıncı kimi gecə cütlərin arasında uzanır…

Başimiz o şeyə qarışıb, o şey başımızı elə qarışdırıb ki, o şeyin həyatımızı necə məhv etdiyindən bilmərrə xəbərsizik!

***

Keçmiş iş yerlərimdən birində çalışan bir redaktoru xatırlayıram. Adam eyni anda 6 söhbət pəncərəsi açırdı. Bu pəncərənin üçü Quqlda, üçü də görünməsin deyə, Operada açılırdı. Eyni anda uşaqların anası və gələcək uşaqların anası ilə yazışmalar adamı havalı kimi etmişdi. İş bir yanda qalmışdı. Patronların tənqidi belə əsər etmirdi. Nə üçünsə çağırılan işçilər dəqiqələrlə qapıda gözləyir, müdir yazışmalardan ayrılıb onlara sözünü demir, onları ayaq üstə gözlədir, sonda isə nə deyəcəyini unudurdu.

Bilmirəm, indi bu şəbəkələr qırxayaq kimi bizdən yapışıb, yoxsa biz şəbəkələrdən. Məncə, biz. Çünki bizim islamdan sonrakı qara geyinmiş, ələmli, matəmli, kədərdən yoğrulmuş şərqli kimliyimizdə dünyadan ikiəlli yapışa-yapışa dünyadan qaçmaq, ölümə, o biri dünyaya sarılmaq kimi mərəzimiz vardı. Buyur, bu da ayrı dünya…

Bir neçə dəfə sınamışam, feysi bağlayanda adam qəribə hallara düşür, sanki siqareti, içkini, narkotiki tərgidibsən. Adam yerində qərar tuta bilmir, özünü yalqız, tənha, unudulmuş, atılmış hiss edir, depressiyaya girir, bəzən şoka düşür, bəzən ölür belə. Bu, yeni uyuşdurucu olmasın?

Bəli, bu faktdı ki, sosial şəbəkələr xəbər operativliyi baxımından dünyanın ən ideal agentliklərini belə geridə qoyur. Ancaq gəlin düşünək, bu xəbərlər bizim həyatımızı çoxmu dəyişib, bizi az da olsa ağ günə çıxarıbmı? Bu heç nəyə dəyməyən xəbərlər insan ürəyindən, sevgisindən, ailədən nə qədər üstündür axı?

Vaxt itkisindən başqa heç nəyə yaramayan operativ xəbər üçün insan ruhunun bu şəkildə çürüməsinə dəyərmi? O xəbər ki, 3-5 dəqiqə gec olsa da, ayrı informasiya resurslarından rahatca ala bilərik.

Sanki işsiz-gücsüz azərbaycanlının vaxtı qızılmış və hansısa qotur xəbəri 3 dəqiqə tez almaqla dünya birjalarını çökürdəcəkmiş…

Bütün bunlardan sonra mən, bu yazının müəllifi də linkimi həmin sosial şəbəkədə paylaşmaq zorundayam. Çünki insanlar yalnız oralarda yaşayır. Mənim də sözüm elə onlaradı…

Share: