“İsa istedadlı, ağıllı, dərrakəli, həyat olu, hətta deyərdim bizim tayfanın içərisində ən fərqli uşaq idi. 17 yaşlı uşaq proseslərə 30 yaşlı insan kimi yanaşırdı. O qədər mədəni uşaq idi, hətta nəsə olanda anasından “niyə?” deyə soruşmazdı”.
Müstəqil.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında tanınmış şair Rüstəm Behrudi qardaşı oğlu İsa Alməmmədovun intiharı ilə bağlı danışarkən deyib.
R.Behrudi İsanın öz mənzillərində intihar etdiyini bildirib:
“Qaraçuxurdakı evlərindən çıxıb şəhərdəki evlərinə gedib. Evləri 15-ci mərtəbədə yerləşir. Orda oturub qaranlıq düşməsini gözləyib və saat 12-nin yarısında özünü atıb”.
R.Behrudi İsanın ölümünün intihar olduğunun dəqiqləşdiyini deyib:
“Çünki intihardan əvvəl xaricdəki qardaşına zəng edib. Halallıq istəyib, sonra da deyib ki, “bağışlayın, mən yaxşı qardaş ola bilmədim”. Hamıdan razılıq edib, ata-anasını çox istədiyini deyib. Onun belə danışmağından qardaşı şübhələnib. Bacımın digər oğluna zəng edib ki, “get İsaya baş çək, gör nə edir”. Bir mərtəbə fərqi olub binada, bacım oğlu bir mərtəbə aşağı düşüb gələnə kimi İsa intihar edib. İntihar edəndə qapını da açıq qoyub. Prokurorluq işçiləri də ölümün intihar olduğunu bildirdi. Evin kiçik uşağı idi, özündən böyük iki qardaşı var”.
R.Behrudi sosial şəbəkələrdə İsanın depressiyada olduğuna, imtahandan az bal yığdığına görə intihar etməsilə bağlı yazılanları nağıl adlandırıb:
“Bunu heç kim deyə bilməz. O an o nə düşünüb, niyə edib biz bunu deyə bilmərik. O həyat dolu uşaq idi, depressiya, imtahan nağıldır”.