Kulis.az “Hekayə günü” layihəsində Orxan Həsəninin “İnziva” adlı yeni hekayəsini təqdim edir.
Xatırlayıram, hər şeyi xatırlayıram.
İndi Mərkəzi bankın kölgəsində onu gözləyirəm – həyatımın ən gözəl anını. Yorğun şəhər mənzərələri göz vurur, naxışlı binaların solğun səhər şəfəqinə bürünən üzü, həyatın dəvətkar nəfəsi çiçək olub açılır. Bu tabloya can verən gördüklərim yox, düşündüklərimdir. Hərdən-hərdən beynimdə uçuşan-qaçışan qıvraq fikirləri ətrafımdakı əşyaların, sözlərin, hərəkətlərin yapışqanından ayırmaq, lap köz kimi qoparmaq istəyirəm, alınmır.
Yeddi aydır çöl üzü görmürəm. Əşyaların, sözlərin, səslərin, hislərin mənə durmadan keçmişi xatırlatdığını, ruhumu zivədə yaş paltar kimi döyüb-döyüb yorduğunu gizlətməyəcəm. Bu mənim sirli-sehrli hekayəmdir və hər şeyi bil istəyirəm.
Xatırlamaq səyahətdir.
Mərkəzi bankın önündə hər şeydən boş məsafə ilə ayrılmışam. Bura necə gəldiyimi siz də bilin.
Dram göz oxşayır. Prospekt yenə qələbəlikdir. Səs-küy, bir yerdə bənd olmayan qıvraq ayaqlar, sağlam, gülümsər çöhrələr qəribcə dolaşır. Çıxılan və çatılan yer arasında yollar durur. Bax, keçidə burulan qadın külək olub süzüldü, nazildi, kölgə kimi qaranlığa qarışdı. Maşın siqnallarına sürtünüb sağ çıxan ətri burnumu həzlə oxşadı. Bəyaz çantasının üzündə dolaşan, qıvrılan qırmızı naxışlar pivə bakalından qalxan qabarcıqları xatırlatdı.
İlk dəfə pivə içəndə yüngül sərxoşluğun atəşi ilə bu qazın havasına düşmüş, nəfəsini qoxlamışdım. Qaz həvəslə, məhəbbətlə səthə tələsir, köpüyün üzünə toxununca sahilə uzanan ləpə kimi çəkilib itirdi. Və mən qardaşıma deyirdim:
– Pivə bakalının dibində başqa dünya varsa, mən ona inanmaq istəyirəm.
O dünyaya inanırdım və sonsuz ehtimal xarabalığında səyahət başlayırdı. Epitet ehtimalları boyhaboy düzülürdü. Pivə bakalının dibindən qalxan qabarcıqlar ani keçidlə durna qatarına dönürdü. Durnalar sabit kombinasiya ilə dən-dən havada qanad çalır, tələsirdilər. Quşların qayıq kürəyi qanadları havanı döyə-döyə uzun məsafələri ayaqdan salınca yorulmur, azmırdılar. Və mən qardaşıma deyirdim:
– Qaz pivə parçında aza bilərmi?
Durna qatarını düşündükcə yeniyetməliyin daş labirintində itmiş, bizə quş şəkli çəkdirən rəsm müəllimini xatırlayırdım. Saçı başında yuvaya bənzərdi deyə, mənə elə gəlirdi, çəkdiyi bütün quşlar gecələr başında yuxulayır.
Nərmə-nazik, körpə qamış kimi müdafiəsiz barmaqları ilə uzun karandaşı boğur, bəyaz vərəqin üzündə ehtiyatla quş rəsmi çəkərkən hər xətti, hər hissəni anlamaq üçün onu yanlayırdıq. Bu dəm burnumdan ruhuma axan ətir beynimin qurdunu tərpədirdi. Onun çürümüş dağ alması kimi yumşaq və balaca döşləri dirsəyimə toxunur, çılpaq dirsəyimin şəffaf hissiyyatı paltarının naxışını əzbərinə yazırdı. Naxışları əlifbanın hərflərinə bənzədirdim, onun döşləri yerində durmur, öz içində yırğalanır, körpə qamış kimi müdafiəsiz barmaqları uzun karandaşı boğarkən bədəni diksinib-diksinib, əsib-əsib tərpəşirdi.
Dirsəyim yerə mıxlanmış sütun kimi qalıb naxışları oxumağa çalışırdı. Rabitəsiz hərflər sıralanır, məni oyuna salırdı. Və qardaşıma deyirdim:
– Hər şeyin öz dili var. Mən bütün yazıları oxumaq istərdim.
Hərflərin arasından boylanan sehrli şirə əlifba bayramından epizodlar açırdı. Hər uşağın əlində bir hərfin kağızı. Mənə düşən “Z”. Şalvarımın uzun balağı kiçik, ucu şumal ayaqqabılarımın üzünü örtüb. Canımı həyəcan götürüb. Zəngi çalıram. Nazik səs nəşə qaynağı və o səsin zingiltisi ilə açılan sonsuz, getdikcə gedilən, baxdıqca baxılan xatirə kürəsi.
Hər şey bir-birinə görünməz, nazik tellərlə bağlanıb, bilirəm. Elə buna görə yaddaşımı ələ alan xəstə vərdişin əlində yesir dolanıram. Gördüyüm, toxunduğum əşyalar mənə dinclik vermir, yaddaşımın həssas tellərinə barmaq edirdi. Dözüm ipi bir yerdə qopur. Nəhayət qardaşımın məsləhəti ilə əşyaların, səslərin mənə heç nə xatırlatmaması üçün ata evimizə inzivaya çəkildim.
Hekayəmin əsas hissəsi beləcə başladı!
İlk günlərin əvvəlkilərdən fərqi yoxdu. Gün dünəni qovduqca nisbi rahatlığı daddım. Qaranlıq da xilasın başqa adı.
Qardaşımın qapıya qoyduğu həftəlik yeməklərdən yeyirdim. Onun gəlişini səs-səmirsiz evin içindən, çaprayıda, nazik mələfənin altından duyur, zənbildə qidaları astaca qapıya qoyub getməsini, addım səslərinin dəhlizin qaranlıq ucunda xoş, iç isidən ahənglə kəsilib yoxa çıxmasını eşidirdim. İlk vaxtlar içində eşələnib durduğum, üstündə dönüb dolaşdığım xatirə kürəsinin əsiriydim deyə həftəlik gəlişlər məni tanış incikliklə qarşılayır, yaddaşımı eyni ahənglə qıcıqlandırırdı.
Qaranlığın sunduğu sakitlik sərin-sərin bədənimi çulğadı və yaddaşım nəfəs aldı.
Üçüncü həftə heç nə düşünməmək üçün, hərdən baş barmağımla qulağımı, o biriləriylə ağzımı, burnumu tutub dayandım. Nəfəssiz qalıb ölümü duyanda yaşamaqdan özgə heç nə düşünmürdüm. Hərdənsə əllərimə, ayaqlarıma qaranlıq otağın içində vərdiş axtarırdım. Alınmırdı. Hər akt məni köhnə hadisələrin cığırına salır, yorulub əldən düşüncə, ağzımdan köpük, gözümdən yaş gəlirdi.
Dördüncü həftə özümü yaddaşıma təslim buraxdım. Aclığım səhra qumu kimi sovruldu. İndi ölümə razı məhkum olub əlimi həyatdan üzmüşdüm. Barmaqlarımı bədənimə çəkəndə qabırğalarımı sayır, yanaqlarımın soluxub çənəmin biçimli uzandığını yoxlayıb duyurdum. Saqqalım uzandıqca saçım tökülürdü.
Beşinci həftə ayıldım, özümü ələ aldım, əşyalara toxundum. Çarpayıdan qalxıb ayağımı yerə çəkəndə sümüklərimin səsini eşitdim. Yedim, su içdim. Bu anlarda silsilə xəstəlik güc yığırdı, nəfəs alırdı. Bilirdim. Görüntülər qısa həyatımın gözlənilməz nöqtələrindən baş qaldırıb hücuma keçirdi və özü ilə yeni xatirə parçaları gətirirdi.
Altıncı həftə xatirələri idarə və təsnif etmək istədim. Birinci təsnifatdakılar kobud və detallı idi. Ona Oktopus deyirdim. Dəniz canlısı olan Oktopus səkkiz ayağı və elastiki bədəni ilə birinci təsnifatın xarakterinə tam uyurdu. “Oktopus” mənə həmin hadisənin gətirdiyi hisləri birə-bir yaşadır, cibində dövrün əhatəli havasını yollayıb qəlbimi oxşayırdı. Məsələn, hərbi xidmətdə atışdan sonra əlimin avtomatın qaynar lüləsinə toxunub yüngül yanması (avtomatın lüləsi çarpayının dəmirinə çox bənzərdi) hadisəsi bütün əsgərlik günlərimin qapısını açırdı. Ağrının emosiyalara təsiri əzablıydı, əziz oxucu. “Oktopus”un hər ayağı eyni dövrdə bir hadisədən yapışır, iynə kimi deşib-deşib dərinə enirdi. Beləcə bir neçə gün durmadan əsgərlik xatirələrimin izinə düşürdüm. Otağın qaranlığı gözü açıq da mənzərələri göstərincə hər xatirəni otağın bir küncünə bağışlayır, onlara toxunmamaq, incitməmək üçün otaqda barmağımın ucunda ehtiyatla gəzişirdim. Belə anlarda yaşadığım keçmişlə bu günümü heç nəyin bağlamadığını, məni keçmişə çəkən bütün iplərin bilmərrə qopduğunu duyurdum. İçində eşələnib-eşələnib durduğum özgəsinin yaddaşı idi. Hər impulsdan açılan yad qapı yad aləmə dəvətkardı. Ümidsiz canım, solğun təsəvvürlərim yabancı dünyaya alışınca özümə neçə köynək yadlaşır, bu üfüqsüz ehtimal xarabalığında kim mən, kim özgəsidir, tutmurdum. Eləcə quruya çıxan balıq kimi çarpayıda çırpına-çırpına qalırdım.
İkinci təsnifat nisbətən sakit müşayiətli xatirələrə aiddi. Buna xatirə yox, xatirə parçası deyilməliydi. İri buz qalağından qopan kiçik hissələr okeanda avara dolaşırdı. Adına şərti “Amöb” deyirdim. Anidən görünür, anidən axıb keçirdi və əsasən kobud və detallı xatirələr üçün keçid rolundaydı. Dünyanın ömrümün hansı çağındasa hiss olunmadan mənə verdiyi, sonrasa hiss olunmadan aldığı adamlar, bircə dəfə gedilən məkanlar, o məkanlarda yeyilən yeməklər, yeməklərin dadı, boşqabın naxışları, naxışların rəngi, çəngəlin ucunda qorunan mikroskopik ləkə, ləkənin bənzədiyi at başı, atın rəngi, əzələli ayaqları bir hüceyrəli, primitiv canlı Amöbə çox bənzərdi və bunlar əlaqəsiz yaddaşıma çırpılır, kənar detalları oyatmadan ulduz kimi eləcə axırdı. Hərdən-hərdən bu axışın ləzzətini də duyurdum və xoş bir təbəssümün havasından canımın buzu əriyirdi. Təbəssüm kimin idi? Kimin yanağından havalanıb yaddaşıma qonmuşdu, bilmirdim, ancaq intuisiyalarım mənə bu kiçik epizodun meyxoş dadını aydın açırdı və belə anlarda elə bilirdim gözlərimdən işıq axıb tökülür.
Yeddinci həftə başqa bir adamın yaddaşına şahidlik etdiyimi düşündüm. Təsnifatımın ikinci hissəsində görünüb çəkilən xatirə parçaları haqqında zənlə fikirləşir, detalların arxasınca əsir dolanırdım. Onu harada, kiminlə yaşadığım aşkara çıxmırdı. Demək, bəzi hadisələr yaddaşımızda bircə epizodla yuva salırmış. İşıqlı yaddaş qutusunun içində bir təbəssüm, hərdən eləcə çəngəlin ucunda unudulan mikroskopik ləkə gözləyirmiş.
Bəzən ikinci təsnifatda qarşıma çıxan onurğasız detalı əhatəli birinci təsnifatda faş eləyirdim. Məsələn, səkkizinci həftənin əvvəlində yalnız bir neçə saat ağzımda əriyən şokoladın can alan, könül oxşayan dadını yaşadım. Yaşadım, bəli və dad ayağımı yerdən kəsdi, damağıma balta çaldı, boş salafan olub otağın ağır havasında süzdüm, nəhayət çarpayıya uzanıb qabırğalarımı saydım. Dad məni elə bir ehtirasla canına çəkmişdi ki, sinəmdən başlayıb bütün ruhumu bürüyən enerjinin altında maşın altda qalan kimi qalıb xıncım-xıncım olurdum. Birdən güc yığmış, nazik, suxarı kimi dözümsüz sümüklərimin ətrafını əzələlər bürümüşdü, üzüm kökəlib heyva kimi eybəcər şişmişdi. Dadların axtarışına çıxmaq görüntülərdən çətindir. Görüntüləri analogiyalarla aşkar etmək mümkündüsə, dadlar, xüsusən yaddaş xarabalığında avara dolaşan adamdan zəhmət və konsentrasiya istəyir. Beləcə ağızda əriyən şokolad dadı damağımdan silinib getdi və eyni zövqü almaq üçün ona yenidən qayıtmaq istədim. Alınmadı. İndi o dadı sadəcə təsəvvür edir, zövq alırdım. Doqquzuncu həftəyəcən bu dad haqqında düşündüm və özgə hadisələrin sıxlığından boğuldum.
Doqquzuncu həftənin sonunda, qardaşımın ərzaq gətirdiyi günün axşamı yaddaşım məni sərin bir xatirəyə qonaq apardı. Xatirə birinci təsnifata daxil idi. Tələbəlik illərimdə baş vermişdi. Xəstəliyin yeni-yeni ayaq açıb addımladığı ərəfələrdi. Yenicə tanış olduğum qız dostumla eləcə bu evdə görüşmüşdük. Filmə baxıb musiqi dinləyəcəkdik. Şokolad və pivə almışdım. Dişim ağrıyırdı, şokolad yemədim. O isə şokaladdan bir dişləm aldı. Beləcə filmi açmamış pivə içib öpüşməyə başladıq. Ona zəng gəldi və tezliklə məndən ayrıldı. Qızı bir daha görmədim. Geriyə yalnız dodağıma hopub büsbütün ruhumu ələ keçirən şokolad dadı qaldı.
İkinci təsnifatda qarşıma çıxan hadisə birinci təsnifatın açarı ilə faş olmuşdu. “Oktopus” və “Amöb” arasında bu əlaqəni duyunca həyata inamım artır, yaddaşımda uzanıb gedən sonsuz xatirələrin cazibəsindən ləzzət alırdım.Onuncu həftə xatırladığım hadisələri sabit saxlamaq haqqında düşünürdüm. Xəstəliyi ancaq onunla barışıb məğlub edərdim, əziz oxucu. Həyatımı ikinci dünyada, içimdə bir aləmdə at kimi çapıb yorurdum deyə otaqdakı əşyalarla xatirələri birləşdirməyə, əlaqəyə can atdım. Xatirələri yaddaşımın təsadüfi ixtiyarına buraxmamalı, havada oradan bura uçan ağcaqanad intizamına rəvac verməməliydim. Yolu özüm çəkməli, o yolda özüm daban döyməliydim. Otaqdakı əşyaların sayı çox deyildi. Hər halda xatirələrin qanadı yığılacaqdı.
Məxməri üzlüklü divan, keçi buynuzu kimi divanın sağ-solunu tutan kreslolar, eləcə uzanıb qaldığım çarpayı, divarın içinə biçimli keçən şkaf, üzərində vərəqlər yığılı iş masası, kitab rəfi, qapı, qızılı naxışlı divar üzlüyü, lüstr, jurnal stolu, yemək masası, onu əhatəyə alan stullar, çarpayının sağında kamod, kamodun üzərində güldan, təqvim, divarda bir neçə rəsm gözə dəyirdi. Əşyalara baxdım. Uşaqlığımın parlaq və sehrli, tez-tez yaddaşıma qonan “Oktopus” xatirələrini divardakı rəsmlərə köçürdüm. Heykəl kimi şəkillərə zillənib xatirələrdə dolaşdım. Beynimdə biçim verdim, yol çəkdim, sahmana saldım. Bir zaman analogiya qapısı taybatay açıldı və əlaqənin yumşaq əlləri sıxıldı. İndi uşaqlığımın aydın xatirələrini bu rəsmlərdən özgə heç nəyin oyatmamasına inanacaqdım. Bəli, indi əlifba bayramının zəng səsi rəsmlərdən oxunurdu. Oyanmaq, dünyaya şahidlik etmək həvəsim, daha çox televizora baxmaq, gecələr küçələri gəzmək arzum anamın “yatmaq əmri” ilə sonsuz ümidsizliyə gömülürdü. Beləcə çarpayıda uzanır, gözlərimi qapayıb başqa həyat arzumu daş kimi düşünə-düşünə cilalayırdım.
Bəzən baş verməyənlər də xatirəyə çevrilir.
Kitab rəfi mənim üçün yeniyetməlik dövrümün açarına döndü. Utanclarım, yetkin hislərimin bərpası, bədənimdəki fiziki dəyişikliklər, sinəmdən, qasığımdan, qoltuğumdan çıxan tüklər, dərslərimi yaxşı oxumaq, özümü sübut etmək, hərdən-hərdən adamlardan qaçmaq və hərdən-hərdən onlara isti münasibətimin kitabını rəfə bağışladım. Rəsmxət müəlliminin üzünü indi ancaq üçmərtəbə rəfə baxanda aydın görür, yalnız ağıldan nüfuz alıb forma qazanan taxtaya toxunanda döşlərinin yumşaqlığını duyurdum. Bu dəm mənə elə gəlirdi ki, paltarındakı naxışları oxuyuram. Sinif kitablarımdakı fotolar, yazılar, rəqəmlər də rəfin illüziyalara qarışmış cizgilərindən forma alıb canlanırdı.
Kamodun üzərində arxayın-arxayın gözləyən güldan gəncliyin nigaran çiçəyi idi. Güldanın dibində su vardı, ancaq içindəki çiçəklər plastikdi. Plastik çiçəklərin qıvrımları, əsl gülə bənzəmək arzusu gəncliyin kimsə olmaq, sağlam, qayğısız, həvəsli kimliyə bürünmək istəyinə çox bənzərdi. Güllərin zoğu, onu əhatəyə alan sarmaşıqlar, tikanlar iş axtarmaq, pul qazanmaq, karyera qurmaq ehtirasının mürəkkəb kombinasiyasına dönmüşdü. Mən sarmaşıqların yoluna düşüb tikanlı zoğa dolanır, iş axtarıb-axtarıb tapa bilmədiyim günlərin havasını və təəssüfünü üzümdə duyurdum.
Burada, bu yarıqaranlıq otaqda gün dünəni qovduqca həyatımın ən xoşbəxt gününu su kimi içib bitirdiyimi düşünürdüm. Hansı gün idi o? Mərkəzi bankın önündə, dəqiq. Bəs sonra? Dumandan, müəmmadan çıxıb üzərimə yüyürən detalları kağız ev kimi birləşdirməliyəm. O günü şkafa bağışladım. Mərkəzi bankın önündə onunla görüşdüyüm gün büsbütün sıralandı. Bu xatirə haqqında həmişə düşünmürəm, yalnız xüsusi anlarda.
Beləcə otaqdakı əşyaları həyatımın bir dövrünə bərabər tutdum. Kənar, yad detalların yaddaşıma barmaq etməyəcəyinə inanırdım.
Üç həftə günlərim xoş keçdi, sevindim və üzümü nə qədər ovxalasam da, səfeh təbəssüm silinmədi. Sağaldığımı duyur, həyatımda hər şeyin yerbəyer olduğunu düşünürdüm. Əlimi atanda tutduğum hadisələrin əzabını çəkmirdim. Kürə dairəyə çevrilmişdi. Çevrənin sərhədlərini tanıyırdım. Bu müəmma yolu ayaqdan salmaq deyildi, harada dayandığını bilməkdi.
On dördüncü həftə yeni bir xatirə ilə tanış oldum. Üç həftə ərzində bu xatirə haqqında qəti düşünməmiş, onu heç bir əşyanın adına yazmamışdım. Uşaq vaxtı qonşumuz Səfurə xalanı qorxutmuşdum. Küçə itləri məhəlləmizi ağzına almışdı deyə axşamüstüləri küçəyə düşmür, eləcə həyətdə dolanırdım. Lakin həmin gün uşaqların iştahalı səsi məni təklik oyunlarımdan qopardı, küçəyə çıxdım. Səsə doğru gedir, əyləncə atəşi ilə odlanırdım. Bu vaxt küçə itlərindən biri hürdü, ürəyim balıq kimi akvarium bədənimdən atlanıb çıxmaq istədi. Qaçaraq Səfurə xalagilin həyətinə soxuldum. Bəlkə də, itin hürüşündə gizlənən tanışlıq, dostluq arzusu idi, bilmirəm və heç vaxt bilməyəcəm.
Səfurə xala alaçığa çıxıb atəşli, gərgin üzümdən və səsimdən anidən çalaya düşən kimi vakuuma düşdü. Çox yəqin, əsgərlikdə olan oğlundan bəd xəbər gətirdiyimi düşünmüşdü və əlini sinəsinə tutub nəfəsini itirdi. Tirtap yerə yıxıldı. O ölməyəcəkdi, sonradan biləcəkdim, lakin həmin vaxt öldüyünü düşündüm və özümü küçəyə atıb birbaş evə qaçdım. Uzanıb hər şeyin bitməsini, polislərin məni aparmasını gözlədim. Heç kim gəlmədi. Bircə səhəri günü məhəllədəki bütün itləri güllələdilər. Barıt qoxusu günlərlə burnumdan çəkilmədi.
Qoxular, görüntülər, hislər! Gerçək “Oktopus” xatirəsi. Nə etməliydim?
Dolu qab su götürmür.
Düz bir həftə boydan boya otaqda girinc dolaşdım. Nəhayət on beşinci həftənin əvvəlində divardakı rəsmlərdən birinə gözüm sataşdı. Rəsmdə səma və sarı zəmi uzanırdı. Zəminin ortasında yaşıl dəyirman parlayırdı və masmavi səma nazik xətlə zəmidən ayrılır, çərçivənin arxasında – başqa bir aləmdə davam edirdi. Anidən başımı yana əydim. Mənanın laxladığını ilk həmin an duydum. Rəsmi yerindən çıxarıb tərsinə asdım. İndi dəyirmanı saymasaq, masmavi səma dənizə, sarı zəmi günəşin şəfəqinə bənzəyirdi. Rəsmə dəniz gəlmişdi. Nə xoş! Yeni xatirəmi bu yeni məna ilə cüt düşünə, uyğunluq ipinə düzə bilərdim. Bircə həyatın içində özgə şeylər xatırlatmasın!
Gələcək həftələrdə əvvəl aşkarıma çıxmayan yeni xatirələr ilə görüşdüm. Əşyaların yerini dəyişmək, onlara yeni şeylər əlavə etməklə yer açdım. Məsələn, kamodu yan üstə aşırdım. Güldanın içindəki plastik çiçəkləri çıxarıb jurnal stolunun üzərinə düzdüm. Yemək masasını yerdən tərsinə qoydum, ayaqları yuxarıda qaldı və stolları da onun üzərinə. Hər xatirə otaqda yeni dəyişikliklər yaradır, nə varsa tanınmaz olurdu. Divar kağızına yeni şəkillər çəkdim. Ətrafımdakı əşyalar nə qədər zəngin və biçimli olacaqdısa, bu mənə dinclik fürsəti bağışlayacaqdı. Heç nə olduğu kimi görünməməli, özündə məna yozumları daşımalıydı.
İyirminci həftə otağın divar kağızları qopmuş, stolları parça-parça olmuşdu. Lüstr qırılmış, plastik çiçəklərin ləçəkləri yolunub otağın içinə səpilmişdi. Jurnal stolunun ayaqlarını da qoparıb yemək stolunun ayaqları ilə eyni küncdən atmışdım. Ayaqları birləşdirib otağın ortasında müxtəlif yazılar yazır, hərflər, rəqəmlər çəkirdim. Rəfdəki kitabların vərəqləri ya cırılmış, ya da yandırılmışdı. Bircə salamat şkaf qalmışdı. Nə etməliydim?
Düzü, şkafa toxunmağa ürəyim gəlmirdi. Həyatımın ən gözəl gününə yoldaş xatirə tapmaq istəmirdim.
İyirmi beşinci həftə otağın içində adamlar dolaşır, xatirələr canlı-qanlı oynayırdı. Bəzən qorxur, bəzən həvəslə izləyirdim və hərdən baş verənlərə mane olub, keçmişi dəyişmək üçün dolanırdım. Alınmırdı. Hadisə hadisəni, görüntü görüntünü qovurdu. İtlər otağın içindəcə məni təqib edirdi, yolumu kəsir, küncə sıxırdılar. Əllərimi açıb mərhəmət diləyirdim və birdən itlərin bəyaz dişi böyük dağların qarlı zirvəsinə dönürdü, üşüyürdüm, az qala dişlərim bir-birinə dəyib şaqqıldasın. Qarlı dağların bəyaz zirvəsi öz bəyazlığını ağ kağıza çevrirdi, kağızda yazılar yazılırdı, yazılan ilan kimi qıvrılıb dil çıxarırdı, zəhər saçırdı və hər şey durmadan forma dəyişir, yaddaşımı slaydlarla açırdı.
Təxminən, iki həftə hallüsinasiyalar içində dolaşdım və ölmək istədim. Başım büsbütün keçmiş dünyanın macərasına qarışdığından yuxu ilə gerçəyi ayırd edə bilmirdim və ölüm fürsəti sürüşüb əlimdən çıxırdı. Tamam-kamal hislərin əsiri olmuşdum. Ayların günlərin hesabını itirmişdim. Kamodun üzərindəki təqvimi də kitablarla birgə yandırmışdım.
Nəhayət gözüm şkafa ilişdi.
Əzizi oxucu, hekayəmin sonuna gəldiyinizi bilirsiniz. Beynimin ani sakitlik yaşadığı, hallüsinasiyalardan yaxa qurtardığı məqamda ehtiyatla qalxıb şkafı yanladım. Sümüklərim ağrıyır, uzanan saqqalım sinəmin tüklərinə ilişirdi. Başımda qopan şiddətli ağrı boynumdan aşağı dalğa-dalğa yayılır, ta dabanlarımacan yol çəkirdi. Ona toxunmaq həyatımın ən gözəl gününü ovcuma yığmaqdı, əziz oxucu. Dəstəyi çəkib qapısını astaca araladım. Yarıqaranlıq otağın içinə şkafdan süd kimi bəyaz işıq süzülüb axdı. Ayağımı güclə aralayıb şkafın içinə girdim.
İndi Mərkəzi bankın önündə onu gözləyirəm – həyatımın ən gözəl anını. Yorğun şəhər mənzərələri göz vurur, naxışlı binaların solğun səhər şəfəqinə bürünən üzü, həyatın dəvətkar nəfəsi çiçək olub açılır. Bu tabloya can verən gördüklərim yox, düşündüklərimdi.
Bura necə gəldiyimi siz də bilin. Prospekt yenə qələbəlikdir…