Bu ölkədə yollar bizlə danışmaz,
Taksi bizi hardan-hara aparar…
Sürücülər “hara gedək?” soruşmaz
Bütün yollar intihara aparar.
***
Keçsən əgər gizli-gizli susmağa,
Fəryad edər ağzıcırıq adamlar.
İp istəsən cəmdəyini asmağa,
İp verərlər ipiqırıq adamlar.
***
Həyatının həll olunsa qədəri…
Dilə gələr “nə zamanlar?” “haçanlar?”
Xörəyinə qatsan siçan zəhəri,
Şadlanarlar cibindəki siçanlar.
***
Ürəyinin hər telini, sapını
Qıran deyər; “səhvin olub nədəsə…”
Borc verənlər sındırarlar qapını.
Qəbir evində oyanarsan bu səsə…
***
Şövqi, azıb qalsan əgər yuxuda…
Şeirlərin qanunları əyərmi?
Sən desən də “bir iş idi, oldu da…”
Allah sənə “olan işdir” deyərmi?
“Həyatı boş ver, sevgili, Ölümə bir qullam qalıb….”-Qafar Şövqi…
Müstəqil.Az gənc şair Qafar Şövqinin şeirlərini təqdim edir:
BU ÖLKƏDƏ
…………..
Davam etmək haqqını
Satasan, durmayasan.
Ölüm sakitcə gələ…
Yatasan, durmayasan.
*
Allah onu anladı.
Əcəl onu eşitdi.
Oyananlar desinlər;
“Xoşbəxt yuxuda getdi”…
*
Dalınca əl sallaya
Yığışıb beş-on nəfər.
Tabutda dincələrkən,
Sənə qibtə edələr.
*
Haqqında danışalar
O dünyanın içində
Dünyadan ayrı öldü.
Halaldır, pis yaşadı.
Halaldır, yaxşı öldü.
*
Davam etmək haqqını
Satasan, durmayasan.
Ölüm sakitcə gələ…
Yatasan, durmayasan.
Fikirlər içində yaşamaq olmaz
Ana təbiətdən, anam gəlini,
Küsərəm bu sabah, bu saat, bu gün.
Əsməsə küləklər, sənin telini
Mənim pəncərəmə gətirmək üçün.
Yağmasa yağışlar gecəyə kimi,
Bu şəhər paklığın çəkməz adını.
Allahdan istərəm, şimşək qırmasın,
Göydəki quşların qol-qanadını.
Olmasa zəlzələ bir neçə ballıq,
Mən hərdəmxəyalın fikri dağılmaz.
Qaçmasam xəyalın əlindən artıq,
Fikirlər içində yaşamaq olmaz.
Ölümə bir qullam qalıb
Tüstüləri tapa bildim,
Səni itirəndən sonra.
Siqareti ata bildim,
Çəkib bitirəndən sonra.
Bitən bitdi, gedən getdi,
Ömür nakam, gecə yarı.
Məni səndən çox eşitdi
Boş siqaret qutuları.
Udduğum boz tüstüləri
Ciyərlərim xoşlamışdı.
Külqabıyla tanışlığım
Sən gedəndə başlamışdı.
Sənziliyin çəkilirdi,
“Çəkmə”-dedi doğmam, yadım.
Hər siqaret kötüyünü
Öpüb səni xatırladım.
Artıq yolun sonundayam,
Sənsiz neçə axşam qalıb?
Həyatı boş ver, sevgili,
Ölümə bir qullam qalıb.
Müstəqil.Az