“Təyyarə uçuşlarının idarə olunması üçün beynəlxalq normalar var və bunlara əməl olunmalıdır. Ermənistanın təşkil etdiyi uçuşları həmin normalara uyğun nizamlanmazsa, Azərbaycan haqlı olaraq müvafiq beynəlxalq orqanlar qarşısında məsələ qaldıracaq. Ermənistanın özbaşınalıqları ilə əlaqədar tədbirlər görülməlidir və görüləcək”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib. O qeyd edib ki, Azərbaycanın bir çox beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələlərə, haqlı olduğuna görə, lazımi münasibət bildirilir:
“Ona görə də, hüquq pozuntuları ilə bağlı, sərhədlərimizdə təxribatlar haqqında nə isə baş versə, yenidən Azərbaycanın müvafiq orqanları beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra bilərlər. Sözsüz, əgər İrəvandan Qafana uçuşlar təşkil edilsə, Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə təyyarə meydanlarının tikilməsi normalardan kənar olarsa, Azərbaycan öz iradlarını müvafiq təşkilatlar qarşısında qaldıracaq.
Biz çox sevinirik ki, bu gün Azərbaycan diplomatiyası böyük uğurlar qazanır. Biz bunu BMT Təhlükəsizlik Şurasının bu günlərdə keçirilən iclasında bir daha gördük. Ermənistanın, eləcə də Fransanın təşəbbüsü ilə çağırılan iclasda Azərbaycanın haqlı səsi eşidildi və bir çox ölkələr bizim mövqeyimizdən çıxış etdilər. Bu, Azərbaycanın çox böyük diplomatik uğuru idi.
Azərbaycan dövləti, Azərbaycan Prezidenti bir çox əsas məsələlərdə beynəlxalq norma və prinsipləri əldə rəhbər tutur və bu prinsiplər əsasında öz mövqeyini ortaya qoyur. Hər bir Azərbaycan vətəndaşı sevinir ki, Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, təcavüzkar Ermənistan, eləcə də onların havadarları öz çirkin məqsədlərini həyata keçirə bilmirlər. Düşünürəm ki, bu məsələdə də Azərbaycanın haqlı mövqeyi dəstəklənəcək”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamasına əsasən, gələn həftə İrəvandan Azərbaycanla həmsərhəd Qafan şəhərinə müntəzəm uçuşlar başlayacaq.
Aysel Aslan