İrəvanın Dağlıq Qarabağ planı belə çökdü – Böyük qələbə

Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında “Dostluq haqqında xartiya”nı ləğv edib. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.

Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Siyasi şərhçi Tofiq Abbasov Publika.az-a açıqlamasında qeyd edir ki, dünya praktikasında hüquqi əsasları, kökü olmayan proqramlar, layihələr və təşəbbüslər adətən, çox pis qarşılanır:

“Çünki beynəlxalq sistemlərdə xaos yaradır. Digər tərəfdən, mövcud qaydaları kobud şəkildə pozur, məntiqə qarşı işləyir. Bu yaxınlarda işğal olunmuş Dağlıq Qarabağda müstəqilliyi tanınmamış məmləkətlərin futbol turniri keçirilir. Son günlər mətbuatda da geniş müzakirə olunur. Bir halda ki, bunlar tanınmamış dövlətlərdir, bu proses nə dərəcədə rəsmiyyətə yaxın ola bilər? Bunun haqqında nə dərəcədə ciddi şəkildə danışmaq olar? Axı, Ermənistan özü Dağlıq Qarabağı tanımır. Bu halda, ümumiyyətlə, Dağlıq Qarabağ qeyri-qanuni qurulmuş dövlət olur. Onun həyata keçirdiyi bütün təşəbbüslər, seçkilər, referendumlar qondarmadır. Onların heç bir hüquqi, sosial, mənəvi dəyəri yoxdur. Eləcə də haqqında danışdığımız şəhərlərin qardaşlaşması məsələsi. Bütün bunlar kiminsə xəstə təfəkkürünün məhsuludur. Bir halda ki, bir yaşayış məntəqəsinin statusu qeyri-müəyyəndir, başqa qüvvədən asılı vəziyyətdədir, yerləşdiyi ərazi müharibə şəraitindədir, o, necə mədəni-humanitar münasibət qura bilər? Bunlar erməni xislətinin bariz nümunələridir. Onlar bu yolla Dağlıq Qarabağın müstəqil fəaliyyət göstərdiyini təsdiqləmək istəyirlər”.

Politoloq bildirir ki, əslində, məsələnin kökündə başqa niyyət dayanır: “Erməni mafioz qrupları özlərinin yolları ilə sərmayədarları inandırmağa çalışırlar ki, Dağlıq Qarabağ müstəqilliyini elan edib və bu halda onların bu bölgədə investisiya imkanları artıb. Sərmayədarların oraya büdcə ayırmasını istəyirlər ki, guya Dağlıq Qarabağda müəssisələr inşa olunsun və bu kimi işlər görülsün. Məsələ burasındadır ki, Ermənistan özü böhranın içində boğulur. Ölkəyə 1 dollar belə xaricdən yatırım gəlmir. Ermənilərin kanalları ilə gələn sərmayələr birbaşa Dağlıq Qarabağa istiqamətləndirilib. Çünki orada əsl bazar açılıb. O bazara gələn sərmayələrin yarısından çoxu çirkli pullardır. Qarabağı çiçəkləndirmək bəhanəsilə mafiozlar sadəlövh, öz halal zəhməti ilə pul qazananları aldadır və Fransadan üzü bu tərəfə istiqamətləndirirlər. Beləliklə, Fransanın hər hansı bir şəhəri ilə Dağlıq Qarabağ arasında yaradılan əlaqə bu səpkidə ola bilər”.

Müstəqil.Az

Share: