İrəvanın faşist əməllərinə göz yuman beynəlxalq ictimaiyyət… – Partiya sədri

İrəvanın faşist əməllərinə göz yuman beynəlxalq ictimaiyyət… – Partiya sədri

Ölkə başçısının 17 oktyabrda Gəncənin düşmən zərbələrinə məruz qalmasından və Füzuli şəhərinin azad
olunduğunu elan etməsindən bir gün öncə qardaş Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalına
verdiyi müsahibədə Ermənistanın hərbi cinayətkarlığını qeyd etməsi, ordumuzun isə xilaskarlıq
missiyasını həyata keçirdiyini vurğulaması işğalçı Ermənistanın iç üzünün açılmasında mühüm rol oynadı.
Prezident İlham Əliyevin dünən AzTV ilə xalqa müraciəti də düşmənin terrorçu xislətini dünya
ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından çox önəmlidir.

Prezident xalqa müraciətində dünyanın bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin
şahidi olduğunu qeyd etdi. Bəli, bütün sivil dünya, sülhsevər qüvvələr rəsmi İrəvanın Azərbaycanda mülki
əhaliyə qarşı insanlığa zidd əməllərinin şahidi oldu. Cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə
Ermənistan tərəfindən sayca üçüncü dəhşətli hücumun nəticəsində 14 şəxs, o cümlədən 2 uşaq həyatını
itirib, 55 nəfərdən çox insan ağır yaralanıb. Bütün bu baş verənlər əlbəttə, təkcə Azərbaycana qarşı yox,
bütövlükdə ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir və Ermənistan buna görə dünya birliyi
qarşısında cavab verməlidir.

Prezident sözügedən müraciətində Azərbaycanla Ermənistanın davranış fərqinə xüsusi olaraq toxundu və
qeyd etdi ki, Azərbaycan qarşı tərəfin namərd əməllərinə eyni üsullarla, ermənisayağı tərzdə yox, yalnız
döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşməndən qısasını mülki əhalidən
almağa can atmır. Bizim dinc ermənilərlə işimiz yoxdur. Bizim əsgərlərimiz erməni uşaqlarına,
qadınlarına atəş açmırlar. Biz insanlıq düşməni deyilik! Ermənilərdən ən önəmli fərqimiz, mənəvi-əxlaqi
üstünlüyümüz də bax bundadır. Biz Gəncəni, Bərdəni, Tərtəri, Beyləqanı, Naftalanı, Mingəçeviri, Xızını,
Abşeronu, Naxçıvanı raket atəşinə tutan ermənilərdən fərqli olaraq özümüzü quldur kimi aparıb gecələr
Ermənistan şəhərlərini bombalamırıq, mülki insanlarını öldürmürük. Prezident çıxışında bax bu milli,
etnopsixoloji fərqimizi və üstünlüyümüzü ortaya qoydu.

Rəsmi İrəvanın faşist əməllərinə göz yuman beynəlxalq ictimaiyyətin, iri dövlətlərin mövqeyi də
Prezidentin diqqətindən kənarda qalmadı. İlham Əliyev haqlı olaraq qeyd etdi ki, əslində onlar bu
susqunluqları, biganəlikləri ilə Ermənistan rəhbərliyi ilə məsuliyyəti bölüşmüş olurlar. Axı heç kəsə sirr
deyil ki, öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Və
bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmamasının özü də başqa
bir cinayətdir. Bəli, bu sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Dövlət başçımızın toxunduğu digər məqam isə bankrot ölkə olan Ermənistanda böyük sayda silah-
sursatın mövcudluğu ilə bağlı idi. Prezident vurğuladı ki, bu məsələ dünya ictimaiyyətini ciddi
düşündürməlidir. Bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən, habelə xarici
dövlət borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil etdiyi halda, bu yoxsul ölkənin Azərbaycana qarşı
müharibə aparmaq üçün bu qədər silah və texnikanı hansı yollarla əldə etməsi həqiqətən də böyük
suallar doğurur. İlham Əliyev dünya ictimaiyyətinin və Ermənistanı gizli-açıq yollarla silahlandıran
ölkələrin diqqətinə çatdırdı ki, Azərbaycan xalqının bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var.

Ali Baş Komandanımız xalqa dünənki müraciətində Şanlı Azərbaycan Ordusunun bir-birinin ardınca zəfər
salnamələri yazmasını, hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən layiqincə gəlməsini də
xüsusi qeyd etdi və Ordumuzun qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhərinin
düşmənin tapdağından azad etməsini xalqımıza bəyan etdi . Prezident bildirdi ki, Füzulinin azad edilməsi
böyük Qələbənin müjdəsidir. Çünki strateji nöqteyi-nəzərdən Füzulinin azad edilməsi təmas xəttində
yerləşən bir neçə müdafiə xəttinin yarılması üçün yeni strateji üstünlüklər, imkanlar yaradır.

Dövlət başçısının bu müraciətində qəti əminlik hiss olunurdu. Bu çox vacib məqamdır. Dövlət başçısının
əminliyi xalqda da Qələbəyə güclü inam yaradır. Hamımız inanırıq ki, Qarabağ tezliklə işğaldan azad
ediləcək, yurd yerlərimizə sülh və hüzur qaytarılacaqdır!

Əlisahib Hüseynov 
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Share: