İrəvanın Tehrana zərbəsi və “şiə qardaş”ın cavabı…

İranın Yaxın Şərqdəki vuran qolu, şiələrin obrazlaşdırıb qəhrəmana çevirdiyi Qasım Süleymaninin öldürülməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampa yazdığı rüsvayçı təbrik mesajı (baxmayaraq ki, sonra təkzib edildi – red.) şimala tərəf Tehrandan isti baxan molla hakimiyyətini şoka saldı.

Düşünün ki, İranın keçmiş xarici işlər naziri, 1981-ci ildən etibarən 16 il bu vəzifəni icra eləmiş, Yaqub Məmmədovlu Azərbaycan nümayəndə heyətinin Tehrana səfərini və erməni siyasətçilərlə görüşünü sinidə Şuşanın işğalı ilə süsləyən, bundan sonra bir daha İrəvanla Bakı arasına daxil ola bilməyən siyasətin dizayneri Vilayəti ilə artıq 40 ildir ki, “Qum”lu havalar bizdə yalnız temperaturun artmasına xidmət etməkdədir. Elə bu olaydan sonra İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü, deputat Hüseyn Nəqəvi Hüseyni diplomatik kuluarlarda deyirdi: “Ermənistan rəhbərliyinin şəhid Qasım Süleymanini “terrorçu” adlandırması rüsvayçılıqdır. Ermənistan bu addımı ilə çətin anlarında daim onu dəstəkləyən İranın belinə xəncər sancmış oldu. Ermənistan öz səhvini başa düşmürsə, biz də Azərbaycana işğal altında olan torpaqlarının azad olunması ilə bağlı haqq mübarizəsində dəstək verməliyik. Nəhayət dostumuzla düşmənlərimizi tanımalıyıq. İndiyədək İran bu dəstəyi yalnız Ermənistana göstərib. Ancaq zaman göstərdi ki, bu səhv qərar olub. Ermənistan İrana xəyanət etməklə öz tərəfini seçdi. Artıq biz də öz seçimimizi etməliyik…”

Müqayisə edin, islam qardaşlığı doğrudanmı qardaşlıqdır ki, qanımızdan, canımızdan, dinimizdən olmayan ukraynalıların sosial şəbəkələrin rus seqmentində ermənilərə divan tutmaları fonunda eyni salavatı eyni qibləyə çevirib, eyni möhürə alın basanlarımız Böyük Azərbaycanın paytaxtı Təbrizdə, Tehrandakı (hansı ki, əhalisinin əksəriyyəti türklərdir – müəllif.) erməni səfirliyi qarşısında “Qarabağ” yürüşü keçirən soydaşlarımıza ETTELLAT-ın əli ilə zor tətbiq edir, döyür, işgəncələr verir və “Qarabağ” dediyinə görə eyni müsibəti Xocalıda da, Tehranda da yaşayan biz oluruq. Bəs, o zaman necə olur ki, telefonun selfi kamerası əlindən düşməyən Paşinyan məhz Xocalı soyqırımı günü İranda, İsfahanda qondarma “dqr”in “bayrağ”ını açır, Xamenei və Ruhani ilə isti-isti görüşür? Yaxşı, bəs siz bizim ərazi bütövlüyümüzü dəstəkləyirdiniz?

Yaxud da İİR 40 illiyi münasibətilə nitq irad edən Ruhani tarix açaraq deyir ki, bizim millət yaxşı bilir, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.

Adam belə yerdə istəyir ki, Ərdoğan kimi sarayının hər pilləkənindən qalxdıqca, sürahi boyunca Qacarın, Əfşarın, Xətainin, Şah Abbasın şəklini assın və hər birinin qənşərindən keçdikcə soruşsun – Niyə?.. Və soruşsun ki, İran haradır, kimindir, tarixdə İran nə deməkdir?

Hər il aprelin 24-də dünya erməniləri bayraqlarını yarıya sallayaraq, olmayan soyqırım üçün tədbirlər keçirir, statistika yolu ilə öləndən sonra saylarını milyonlarla artırır, bütün imkanlardan faydalanaraq dünyaya türk nifrəti göstərir, aşılayır və qəhr edilmiş balaca, yazıq, xristian cildinə girir… Bu saxta göz yaşlarının bir ünvanı da 40 milyon türkün yaşadığı İran – bizim İran, bizim tarixi ölkəmiz olur. Hər il bu saxta günü qeyd etmək üçün İran rejimi şərait yaradır, onlara saxta görüntülər üçün imkan verir, amma düşünürsən… Kiçik Buşun dövlət katibi vardı – Kondoliza Rays – 2005-ci il boyunca bütün səfərlərinin arxa planında İrana qarşı qurudan hərbi əməliyyatlara başlamaq dayanırdı. İsrail bütün hərbi potensialını ortaya qoymuş, kəşfiyyat resurslarını Buşəhr üzrində, Bəndər-Abbasda iz tapmaq üçün səfərbər etmiş, İraq və Əfqanıstana yığılmış 150 min ABŞ əsgərinin riyazi olaraq sayı artırılmış, “Tomohavk”ların səsi eşidilməmiş Tehran Parisə (Paris Xomeyniyə ev sahibliyi etmiş və İİİ-ni həyata keçirən iki ölkədən biridir – müəllif) qaçaraq razılaşma imzalamışdılar ki, uranium zənginləşdirməkdən vaz keçirik.

Türkiyə bu məqamda İranı iqtisadi sanksiyalardan, boğulmadan, məhv olmadan xilas etdi.

Azərbaycan nə etdi?

Ərazisinə ikinci bir gücü buraxmamaqla, hər cür əməkdaşlıq imkanına, dəstəyə rəğmən, bloklara qoşulmamaq siyasəti ilə Azərbaycan ərazisindən İrana qarşı hərbi məqsədlərlə istifadəni birdəfəlik qapatdı. Bu, adi bir hərəkət deyildi ki… İranın xilası idi, onun qorunması idi!

İran təəssüf ki, bölgəyə yönəlik siyasətini fars imperializmi xislətində gizlətmiş şiə ideologiyası altında aparır. Amma bu, Bakıya qarşı belə, İrəvana qarşı isə ayrı formada cərəyan edir. Bundan ən çox İran xalqı zərər görür. Çünki həm də basqı altında qalır. Amma onlara Türkiyə və Pakistanı nümunə çəksək yetərmi, bilmirəm…

Və bu gün…

İranda Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsinə etiraz edən 15 azərbaycanlı həbs edilib. Həbs edilənlərə polis işgəncə verib. Bu halda farsların məşhur məsəli yada düşür: “Xər həmin xər əst, çulu digər əst”.

Əziz Əlibəyli

STM-in əməkdaşı

Share: