Bu günlərdə yazıçı İradə Aytelin “NESO” adlı sənədli romanı işıq üzü gördü (“Elm və təhsil” nəşriyyatı. 244 səh.).
“Tovuz Xeyriyyə Cəmiyyə”tinin sədr müavini Çingiz Abbasovun maddi dəstəyi ilə çap olunan kitab DSX-nın Horadiz Sərhəd Dəstəsinin Bölük komandiri, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak etdikdən sonra 2021-ci il, 16 iyun tarixində Laçın rayonunun Cicimli kəndində şəhadətə yüksəlmiş Baş Leytenant Nəsibov Elməddin Süleyman oğlunun ömür və döyüş yollarından bəhs edir.
Kitabın adı barədə müəllif belə deyir: “Baş Leytenantın uşaqlıq arzusu olub xalq tərəfindən tanınmaq, sevilmək. Kiçik yaşlarından yaşadığı küçənin, oxuduğu orta məktəbin divarlarına “NESO” (Nəsibov Elməddin Süleyman oğlu) yazırmış. Bu isə onun ad-soyadını bildirməklə, bir növ şəxsi imzası olub. Kitabımı “NESO” adlandırmaqla şəhidimizin imzasını yaşatmağa çalışdım…”
Xatırladaq ki, bundan əvvəl müəllifin on bir kitabı işıq üzü görüb – “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızılgül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr), “Bağışla” (şeirlər), “Seyfəli şəhidləri” (oçerklər), “Leytenant Məcidov” (sənədli roman).