İradə MUSAYEVA – Ədəbi tənqidin sarsılmaz iradəsi…

İradə MUSAYEVA – Ədəbi tənqidin sarsılmaz iradəsi…

Haqsızlığa qarşı amansız, cəsarətli xanımdır. Ləyaqət, dürüstlük onun həyat kredosudur. Bütün ömrünü mütaliə və yaradıcılığa həsr edib. Ədəbiyyat tarixini və nəzəriyyəsini dərindən mənimsəyən, müasir ədəbi tənqidin parlaq simalarından biridir. Ədəbiyyatşünas kimi bir çox həlli vacib olan problemlərin mövcudluğunu gündəmə gətirməyi bacarır.

“Dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Dərd olsaydı, hökumət və xalq bu boyda biabırçılığa susmazdı…”- söyləyir.
Klassik, müasir Azərbaycan, o cümlədən dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental silsilə araşdırma məqalələri ərsəyə gətirərək ortaya qoyub. Təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirib. Ədəbi prosesləri mütəmadi izləyərək, müxtəlif rəy və resenziyalar yazıb…
Deyir ki,- “Dərsliklərin vəziyyətini, ədəbiyyatşünaslığın daşlaşmış problemlərini bu sahəyə aid olan adamların hamısı bilir, görür. Sadəcə ucadan demək istəyən azdır və ya yoxdur. Guya dosta-yoldaşa, həmkara sədaqət nümayiş etdirirlər. Minlərlə tələbəni kor qoyan dərsliklərə etiraz etmirlər. Amma bu adamlardan birinin bircə məqaləsini həmin dərslik müəllifi tənqid etsə, qələm yox, az qala qılıncla cavab verərlər. Deməli, şəxsi, subyektiv mənafe və iddia ictimaidən, millidən, ümumidən daha üstün hesab edilir bu məmləkətdə. Mən ziyalılarımızdan çox şey umuram və düşünürəm ki, onların özlərinə aid sahələrdəki biganəliyi, buqələmunluğu, liberallığı onların şəxsi problemi hesab edilməməlidir. Ziyalılıq xüsusi bir statusdur ki, cəmiyyətin qaranlığa qərq olmuş düşüncəsinin səbəbkarlarını mühakimə edəndə “cinayət” ziyalıların boynunda qalır. Bu gün insanlar çox kiçik qəhrəmanlıqların ümidinə qalıb. Adicə bir istedadsızı da tənqid etmək, ya müdirə iclasda etirazda bulunmaq, sanki “igidlik” kimi dəyərləndirilir. Mən ədəbiyyat və təhsil adamıyam. Mənim mücadiləm daha çox bu sahələrə aiddir. Ona görə sizin dediyiniz tənqidlər də bu aspektlidir. Və düşünmürəm ki, hünər göstərirəm, sadəcə dərk etdiyimi ifadə edəndə səmimi olmağa çalışıram. Bir də yeri düşüb, deyim. Bu illərdə bircə məsələyə xüsusilə təəccüblənmişəm. Mən təqdir ya tənqid etdiyim müəlliflərdən 10-dan 9-nu şəxsən tanımamışam, hətta həyatda belə görməmişəm. Amma bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm, təəccüblənməmişəm. Amma kimsə deyəndə ki, “İradə xanım, qorxmursunuz, filankəsin romanını ya tərcümə qüsurlarını tənqid edirsiniz?” – Bax o zaman çox təəccüblənmişəm. Yarızarafat-yarıciddi demişəm ki, “qoy məhkəməyə məni versin ki, onun cümləsinin qrammatik cəhətdən yanlışlığını göstərmişəm və ya obrazlarını, süjetini, mətnini tənqid etmişəm…” Gülüncdür bu cür yanaşma. Bu cür təfəkkürlə böyük yaradıcılıq haqqında xəyala dalmaq belə mümkün deyil…”
O, bu problemləri elə-belə sadalamır, içində ağrı-acısını yaşayıb, haray çəkir. Düşünür ki, bu sahədə susmaq olmaz. Amma nə olsun, bədxahları da az deyil. Kimisi “Bu kimə arxayındır?”, “Onun arxasında kim dayanıb?”, kimisi də “Hamıdan fərqlənmək üçün belə yazır” və ya “Öyrədiblər!”- deyə, onu suçlamağa səy göstərir…
BDU-nun filologiya fakültəsini bitirib. “Vaqif Səmədoğlunun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsinə yiyələnib. Ailəlidir, iki övladı var…
Ürəyi ipək kimi yumşaq xanımdır, heç kimə pislik arzulamaz. Ünsiyyətdə mehriban və xoşrəftardır. Fəqət, işində çox tələbkardır, mükəmməlliyi sevir. Səhvləri bağışlamağı xoşlamır. Zəhmli və iradəlidir…
Bir sözlə, haqqında söhbət açdığım İradə xanım Musayeva həytda çox güclü adamdır, sadəcə haqsızlığa dözümü yoxdur…
Elman Eldaroğlu
Share: