İradə, Yol, Niyyət, Amal və Əqidə…

İradə, Yol, Niyyət, Amal və Əqidə…

Sevil  AZADQIZI Bilal ALARLI yaradıcılığı hada yazır

İnsanı digərlərindəndən fərqlimi deyim, üstünmü deyim edən insani cəhətlər xoşbəxt də etmir, bəxtəvər də.
Ümumiyyətlə, xoşbəxt olmaq üçün dəyərli insan olmaq yetmir bəzən. Nə isə… Mövzudan yayınmayaq.

Mövzu Bilal Alarlıdır:

O Bilal Alarlı ki, yuxarıda qeyd etdiyim İradənin gücü, Yolun düzü, Niyyətin safı, amalın dərini, əqidənin hünəri cəm olub o insanın ruhunda.
Kiçik, kasıb, sadə bir ailənin oğlu olub Alarlı Bilal. Nə dəbdəbəli həyat arzusunda olub. Nə zəngin yaşayış həsrətində…
Bir insanın daxili aləmi necədirsə, tutduğu yol da, iz də , cığır da o aləmin işığı ilə nura boyanar, ya da kölgə salar.
Əsl yaradıcı adam nə dondan- dona girər, nə də maskalanar:

BÖYÜKLÜK
Danışanda hamı özündən yekə görünür,
nədəndi bu böyüklük iddiası, bilmirəm.
Mən özüm böyüklükdə oldum həmişə,
Özümdən böyüklərə həsəd aparmıram,
özümdən kiçiklərə
yuxarıdan aşağı baxıb gülmürəm.
Nə yaxşı ki, az da olsa,
olduğu kimi görünənlər var hələ,
Uçanlar uçub gediblər,
qaçanlar qaçıb gediblər,
dərd dənizində üzənlər var hələ,
ayağı yer tutmayan
sürünənlər var hələ.
Hər kəsin əməli güzgüsüdü,
çoxları bilmir, bilməyəcək!
Sinələr dağlayanlara göz dikməyin,
göz yaşınızı silməyəcək.
Deyirəm, bir eynək icad eləyələr,
çılpaq adamların fikirlərini çılpaq göstərə,
baxıb halını üzündən görəsən.
Gözünün içinəcən yalan danışanların
gözündən içinə girəsən,
göz çıxara bilməyə!

Böyüklük… Böyüklük budur, Bilal müəllim: özünü elə olduğun kimi görməkdir, böyüklük iddiasında olmamaqdır, kiçiklərə yuxarıdan aşağı baxmamaqdır…
Amma bunun üçün bilirsiniz nə lazımdır? Ruhun, mənəviyyatın, mənliyin, zəkanın, fəzilətin böyük olması vacibdir. Deməli, daxilinizdəki o insan böyükdür!
Zəmanənin ən qlobal, həllinə ehtiyacı olan məsələlərindən biri də olduğu kimi görünənlərin olmamasıdır.
İnsanların özümü cılızlaşıb, olmayan ruhlarımı ?!..
Elə vacib bir şeir yazmısınız ki, gündə rastlaşıb deməyə söz tapmadığımız mənzərənin mənzərəsini təsvir etmisiniz.
Ayağı yer tutmayanlar anlar şeirinizi…
Haqsızlığa tuş gələnlər haqq verər dəyərli sözlərinizə…
Elə gözəl deyirsiniz: hər kəsin əməlidir güzgüsü…
Bilal müəllim, çoxları çox şeyləri bilmir, bilməz də, bilməyəcəklər də.Ömürləri yetməz anlamağa, dərk etməyə, duymağa, bilməyə…
Tək Sizin deyil, həyatda dürüst yaşayanların ehtiyacı var o eynəyə… Nə gözəl arzudur, nə gözəl istəkdir!!!
Həm gözəldir, həm də dəhşət…
Bilirsiniz, nədir dəhşət?!
Maskalana -maskalana hara gedir bu dünya, hara gedir bu dünya?! Cavabını bilən varsa…bir zəhmət…
Bilal müəllim, düşündürdüyünüz üçün çox sağ olun!
Sözlərdə vacib olan dərin mənadır, düşündürmədir, təsir gücüdür!
Əbu Turxan belə buyurub: “Hər gün yeni bir inci tapmağın yolu insanın öz hikmət xəzinəsinə baş vurmaqdır”:

ŞİRİNİ DƏ ACI DADAN DÜŞÜNCƏLƏR

Məni qarğayıblar,
əlim əvvəlki tək işə yatmır.
özümü cilovlaya bilmirəm,
məni məndən alan təlaş
dinc oturmur,
əndişə yatmır.
Görməli nə qədər iş var,
di gəl ki, ruhum atlanmır,
ürəyim oynamır daha.
Ya bəxtimi bağlayıblar,
ya da əl-qolumu,
məni tapşırıblar Allaha.
Necə sındırım bu tilsimi,
necə qayıdım özümə?
İlahi, qüvvət ver dizimə,
işıq ver gözümə,
yiyə dura bilim
məni mən eləyən sözümə!

Xatirələrimlə qol-boyun olub
şirin yuxuya dalıram,
əlim vüsala çatmır.
O qapı ki, üzümə açılardı,
bağlanıb,
şivənə gəlmir,
laylaya yatmır.
Əllərim havada qalıb,
quş kimi qanad çalıram,
uça bilmirəm.
Necə bərk çırpıb getmişəmsə,
qayıdıb o qapını
bir də aça bilmirəm.
Şirini də acı dadır
ötən günlərin,
dadı damağımda qalıb.
Zamanla oyun oynamışam,
günləri saya-saya
illərin qapısını döymüşəm,
ömür qısalıb.

Gecən xeyirə qalsın,
fikirlərim, xəyallarım,
mən gedirəm yatmağa.
İşıq olduğum yetər,
üz qoyuram
ömrün qürubunda
Günəş kimi batmağa.
Dan yerində nurum,
qürubda şəfəqim qalır.
Böyük çillə gələndən
gecələrim qısalır.
Daş kimi baş qoyuram düşüncələrimə,
şirin yuxular görüm deyə.
Tanrı, fürsət ver
yuxu ömrümü
Ay işığında bitirməyə.
Heç yana, heç yerə
çatmasa da ünüm,
İşıq üzünə həsrət qalanlara
gecənin şirin nağılına dönüm.

Təzadla başlayan nəğməmi deyim, şeirmi deyim, yoxsa əli heç yerə çatmayan məlul-müşkül bir insanın qəmli zümzüməsidir deyim?!
Bilmirəm…
Ötən günlərin şirini də acı dadır, nədənsə…Bəlkə, əlçatmaz olduğu üçündür, bəlkə həsəd o şirinliyə bir acı qatır, bəlkə…bəlkə… bəlkə…
Bəzən insanın öz – özünü tanımadığı zaman olur, bəzən şansını əldən verir, bəzən qısmətini…
Bu şeirdə olduğu kimi…
Bilal müəllim, siz sözünüzlə çox tilsimləri sındırmısınız.
Qarğasalar da, sizi ALLAHA tapşırsalar da o acını şirin edən sözünüzdür, sehrinizdir, poeziyanızdır.
Zamanla oyun oynamaqsa, bir yaradıcı söz adamı üçün dəhşətdir. O zaman kəsiyində nələri edə bilmək peşmançılığı….
ALLAHIN ömür payı qismətdir. Bu qismətdə bir pay qoymaq hünərdir-söz payı, söhbət payı -poeziya …
Bilal müəllim, yox, sehrli çubuğa heç uşaqlar da inanmır indi…
Amma dediyiniz o qapı var ha, bax onu açacaqsınız… Mütləq, mütləq!!!
Zəmanəmizdə dırnaqarası “xəzinə” müəlliflərinə rast gəlməyimiz, hətta hər addımbaşı çox təəssüfləndiricidir. Bu ayrı bir mövzudur, təbii ki…
Zənnimcə, Viktor Hüqonun fikridir: “Məşhur insan olmaq xoşbəxtlik, faydalı olmaq isə insanlıq borcumuzdur”:

İLAHİ, BİR AZ DA MÖHLƏT VER

İlahi, bir az da möhlət ver,
hələ çox işim yarımçıq qalıb.
Bilirəm, vədə yetişib,
fürsətimin ömrü qısalıb.
Hələ bir dağ da aşmalıyam,
mənzil başına gedən yolumu
yarı etməmişəm.
Məndən asılı olanların yanından
beləcə keçib getməmişəm.
Görəcəyim var,
verəcəyim var, İlahi,
borcumdan çıxmamış
yolumu kəsmə.
Mənə açdığın ovcunu qapaya bilərsən,
mənim mənə ehtiyacı olanlara
kömək üçün uzatdığım
qolumu kəsmə.
İlahi, bir az da möhlət ver,
verdiklərini yerbəyer edim.
Nə at istəyirəm,
nə dəvə,
imkan ver,
sənə gələn yolu
öz ayağımla
piyada gedim.

İlahiyə müraciət, ümidlə, bir ümidin ətəyindən yapışaraq inamla və həm də imanla! İnsan üçün çox vacib olan imanla…
Fədakar bir bəndənin Yaradana sədaqətinə baxın!
İlahi, verdiklərini yerbəyer etmək üçün möhlət ver deyir!
Bilal müəllim, nigaran ruhunuz o qədər şeirlərinizə yansıyıb ki, hər bir oxucunuzu duyğulandırır.
İnsan özünü zərrə qədər düşünmür. Həyatını ətrafındakılara — ailəsinə, övladlarına, ona ehtiyacı olanlara həsr etmiş bir şair könlünün uca Rəbbimizə açdığı əllərin titrəyişidir hər sətri bu şeirin!
Yerbəyer edə bilmədiklərinin həyəcanı, bir az da nigaran qəlbin ürək döyüntüləridir!
Bilal müəllim, bir şairlə həmsöhbət olmağa ehtiyac yoxdur.Onun şeirləridir müsahibimiz. Xarakter hər insanda olmur. Amma bircə misranızı, bir bəndinizi, bircə şeirinizi oxumaq yetər ki, sizin haqqınızda, insanlığınız, şəxsiyyətiniz , kamilliyiniz haqqında təəssürat yaransın.
Özünüzə sərf etmədiyiniz ömür payının möhlətini də yerbəyer etmək istəkləriniz üçün istəyirsiniz.
Bəli! Bilal müəllim sərbəstdə yazdığı bu şeirdə nə at istəyir, nə dəvə! Yaradana gedən yolu öz ayağı ilə getmək istəyir.
Fürsəti verən Qadir olandır! Biz də arzu edənlər!
İnsanlıq borcunu—faydalı olmağı cəmiyyət üçün, ətraf üçün, gənclik üçün vacib bilən Bilal Alarlı işığından nur alan əxlaqını, mədəniyyətini, dünyagörüşünü, zəkasını daha da zənginləşdirər.
Bilal müəllim çox zəhmətkeş, qayğıkeş bir müəllim, şair, ATA, ailə başçısıdır.
Həyata fərqli baxışı çoxlarına qəribə görünüb, onunla razılaşma səbəbi ola bilər:

Ulu Tanrı, mərhəmətinə sığınıram,
Səndən
mənə verdiklərindən özgə
heç nə istəmirəm.
Hüzurunda çox səhvə yol vermişəm,
günahımdan keçmə, istəmirəm.
Nə var həvəskarıyam.
nə də dövlət,
İştahım da həddini aşmır.
Bu dünyanın malına-mülkünə boyun əymək
mənə yaraşmır.
Uzun ömür də yaşamaq keçmir ürəyimdən.
Razıyam”kasıb” süfrəmdən,
süfrəmi bəzəyən duzumdan- çörəyimdən.
Verdiklərin bəsimdir,
verdiyindən artığına tamah salmıram.
Kərəminə şükür,
çörək gəzmirəm,
günlərlə ac qalmıram.
Əl çəkirəm dünya malından,
Əl çəkirəm dünyanın hər cür ləzzətindən,
daha başım gicəllənmir
gözəllikdən və gözəllərin camalından.
Ruzi diləmişəm həmişə,
bolluğa meylim olmayıb.
Bilirəm,
elə də çox ömrüm qalmayıb.
Mənim gözümü öz əlinlə bas,
yağışa tutub
yu cəsədimi diri-diri.
Öz qazdığın qəbrimə öz əlinlə kürü.
Mən ölümdən qorxmuram,
Diri ölüyə dönməkdən qorxuram.
Məni özünə tay tutubsan, Ulu Tanrı,
Bu ucalıqdan enməkdən qorxuram.
Bir diləyim var səndən, Ulu Tanrı,
son duamı eşit,
mənə ləyaqətli bir həyat vermisən,
ləyaqətlə yetir
bu ömrü
son ana da.
Ömrümün sonunda
məni möhtac eləmə
boynunda haqqım olan insana da.

ALLAHA ETİRAF, YARADANA ŞÜKRANLIQ!
Elə səmimi şeirdir ki, mən ictimai mövzuda qəbul edirəm.Çünki milyonlarla insanın ibrət götürəcəyi mövzudur. ALLAHI TANIMAQ, YARADANA BƏNDƏLİK ETMƏK yaradılmışların alisi üçün həm şərtdir, həm ədəbdir, həm də haqdır.
Sərbəst hecalı bu şeirdə dünya malına hərisliyə bir etiraz var. “Dünya malı dünyada qalacaq” ATALAR SÖZÜ ilə səsləşir. Duz-çörəyi halallıqla qazanan qəhrəman harama tamah salmaqdan çox-çox uzaqdır . Bax bu sətirlər, bu misralar öyüddür, nəsihətdir, həyat dərsidir .
Son duaya baxın: Mənə ləyaqətli bir həyat vermisən, ləyaqətlə yetir bu ömrü son ana da…
Əslində duaların ən yaxşısı, ən təmizi, ən ləyaqətlisidir.
ULU TANRIDAN ləyaqətli ömür istəmək öz ləyaqəti ilə, qüruru ilə, vicdanı ilə, namusu, qeyrətilə, alın təri ilə yaşayanların arzusudur!
Ucalıq-ruhun ucalığı, təmənnasız yaşamağın ucalığı, kamilliyin ucalığı, müdrikliyin ucalığı, mənəviyyatın, saflığın ucalığı insanı TANRI SEVGİSİNƏ QOVUŞDURAR!
Şair, UCA RƏBBİM bu insanlığı, bu kamilliyi dərgahına apardığı ana qədər sizdən əsirgəməsin!Dualarınız çin olsun!
Bilal müəllim nə mənəm-mənəm deyib səsini qaldırır, nə də haqlı olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxır:

ABIR

Zülm olunan
zülm edənə şərikdir,
əgər zülmə və zalıma
etiraz etmirsə.
Tanrıdan yazılmış haqq
haqq yeyənlərə halaldır,
əgər haqq yiyəsi
bu haqqın dalınca getmirsə.
Mən zalımlardan gileylənə-gileylənə
abrıma bükülənlərdən deyiləm.
Haqqına döyülür
haqqını itirə-itirə döyülən.
Dərdini sözə pıçıldayanların
dərdi göyərər,
çiçəyi çırtlamaz.
Dostlarının arasında
adıma yer tapmasan,
məni
haqqına görə abrını qurban verənlərin
siyahısına yaz!

Şeirdə bircə söz, bircə ifadə, bircə misra yetər insanı yerindən oynatsın, hədəfə toxunsun.
Şeirin adı ” Abır”– abırsızlara! Bir də —
” Məni haqqına görə abrını qurban verənlərin siyahısına yaz!”
Bax, məna, məzmun, ideya və mahiyyət budur!
Nəticə budur!
Haqqını tələb edirsənsə, abırını qurban verməlisən.
Alliterasiya və təkrir–zülm, zalım…Zalımın zülmünə dözən və səsini çıxarmayanın haqqının halallığı…
O qədər aktual, ictimai, günün mövzusudur ki, insan bir rahatlıq tapır… Bilirsiniz niyə?
Haqsızlıqlara haqqı xatırlatdığı üçün, zalımlara zülm üçün cavab verəcəklərini xatırlatdığı üçün.
Abır-həya, haqq-ədalət milli dəyərlərimizdir, a millət!
Bir insan haqqını tələb etmək üçün abrınımı verməlidir?!
Haqq yerini tapar, ya tez, ya gec.
Söz də haqqdır! Hər söz yox.
Haqq söz haqdır!
Zaman isə öz sözünü gec də olsa deyir:

Mənə vaxt verin,
Vaxt verin,
demədiklərimi deyə bilim.
Götürün bu dünyanın malını-dövlətini,
Olmayan sərvətimi,
Yiyə dura bilmədiyim mülkümü götürün,
Məni diri-diri basdırmayın,
Qoy öz əcəlimlə ölüm.
Bir sözün ömrü qədər
Ömür istəyirəm sizdən,
Fikrimi topa tutanlar,
Hissimi çarmıxa çəkənlər,
Bir içim su qədər
Vaxtı əsirgəməyin
Tanrılıq etdiyiniz bəndənizdən.
Mənə qıymadığınız fürsəti
Bir gün
Fələk əlinizdən dartıb alacaq.
Sizdən sonra
Bir başdaşı ağrısı,
Bir sinədan ağısı qalacaq.
Vaxtında doğulmadım,
Yaşadığım vaxt da mənim olmadı,
Vaxt verin vaxtında ölüm.
Mənə vaxt verin,
Məndən sonra
Məni sevənləri
Göz yaşına çəkən
Bu qəmli nəğməni
Sonacan yaza bilim.

İlahi…
Bir şeirdə — qısa bir şeirdə bu qədərini demək olarmı?!
İllərlə sənə verilən əzabları, səni topa tutanları, hissini çarmıxa çəkənləri bu qədər incəliklə, həssaslıqla, sözlə fürsət tapıb “topa tutmaq” olarmı?!…
Bilal müəllimin bu şeirində güclü bir kinayə, bezdirilən bir insanın nifrəti, kini əksini tapıb.
Mənə vaxt verin…
Bilal şair vaxtın, vədənin YARADAN tərəfindən verildiyini gözəl bilir. Amma bu yalan dünyada hökm və qəzəb sahibi olmaq istəyənləri, bir addım öndə gördüklərini dala çəkmək “gücündə” olanları söz atəşinə tutur…
” Bir sözün ömrü qədər
Ömür istəyirəm sizdən”.
Bilal müəllim, öz sözünüzün ömrü qədər ömür arzulayıram Sizə! Bilirsiniz, söz böyük bir tarixdir, fəlsəfədir, dəyərdir!
Sözü deyənin sözü qədərdir sözün dəyəri…
Sizin kimi söz adamının sözünün ömrü uzun olar…
Sizin varlığınızda da, RƏBBİM gecindən versin, yoxluğunuzda da qəmli nəğmənizi oxuyan minlərlə oxucunuz var!
Yaxşılıq və pislik arasında dönüb dolaşan bu fani dünyada fürsətçilərin zərbə vurmaq istəyib bacarmadıqları bir Bilal şair də var! Sözü həqiqət, nəğməsi qəmli…
Var olun…Sizin qələminizin gücü yetər…
Təbii ki, ALLAHIN İZNİ İLƏ.

Yaradıcı insan…Bu bir missiya deyil, vəzifə də deyil, heç borc da deyil…
Ruhları oxşamaqdır, hisləri ifadə etməkdir, sözlərə sığal verməkdir, çələng hörməkdir təbiətin hər türlü rəngindən… Bu rənglərdə danışmaqdır, rənglərin dili ilə həyatı ya oxşamaqdır, ya tənbeh etməkdir:

Bizə dərs verir
dərs verdiklərimiz.
Bəlkə də buna görə
bizi heyrətdə qoyur
hər gün gördüklərimiz.
Qədim bir məsəl var,
kim nə edir,
özünə edir.
Yandırdığı ocağı
üfürənlərin tüstüsü
nəfəsini boğur,
külü gözünə gedir.
Yer fırlanır,
fırladır bizi də.
Fırladanlar
fırlananlarla
fırlanır özü də.
Kiməsə vurduğumuz
zərbələr də
özümüzə qayıdır,
özümüzə dəyən zərbələr
bizi gec ayıldır,
gec oyadır.

Elə bu şeir də dərs verir, ay Bilal müəllim!
Dərs verdiyinin sənə dərs verməsi ağır zərbədir, qəbuledilməzdir. Bilal müəllim, gördüklərimizin bizi qoyduğu heyrət təəccübdür, təəssüfdür, heyfsilənməkdir, korşalan zəmanəyə şikayətdir.
O qədər dəyərli məsələni nümunə gətirmisiniz ki…
Bilal müəllim, bəzən insanın özünə etdiklərini başqası etmir.
Həyatın bumeranq olduğunu da vurğulamısınız.
Həyat təzaddır. Sizin fikrinizə qüvvət: Nə ola, zərbələr qayıtdığı kimi gözəl əməllər, yaxşılıqlar, xoş amallar da qayıda.
Ay Bilal müəllim, sizin bu şeiriniz aqillərə, adillərə, ariflərə zövqdür, cahillərə dərsdir!
Ocağımız gur yansın,Yer fırlandıqca dünyamıza nur gətirsin. Nur da bizi bərəkətə, halallığa, ismətə, tərbiyəyə qərq etsin.
Dərsi isə dərs deyənlərdən alaq, amma dərs verməyək dərs
aldıqlarımıza…

Bilal Alarlı sətirlərində mahiyyət də var, fəlsəfə də var.
“Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər”– Əbu Turxanın dahiyanə fikirlərindən biri.

GƏLİB GÖRSƏN EVDƏ YOXAM

Gəlib görsən evdə yoxam,
daha axtarma,
bil ki, köçmüşəm,
qonaqsız-qarasız bir yerdəyəm,
Sığınmışam dörd divar arasına,
dövlətsiz, sərvətsiz,
parasız bir yerdəyəm.
Qapım-bacam yoxdur ki, döyəsən,
mən açıb üzünə güləm,
Yanımda yatacaq yox,
oturacaq yox ki,
səninlə yarı böləm.
Amma narahat olma,
burda Tanrı yaxşı baxır mənə,
mən də özümə yaxşı baxıram,
özümlə nə ağrı gətirmişəm,
nə də dərd.
Burda nə paxıllığımı çəkən var,
nə də yolumu kəsən bir namərd!
Gəlib görsən evdə yoxam,
kimsədən soruşma məni,
çıx get öz işinin dalınca,
Öz qayğını çək,
öz dərdini çalxala
məndən nigaran qalınca.
Bil ki, mən artıq acılı-şirinli bir xatirəyəm,
yadına salanlara göynək yeriyəm,
Tanrıya şükür,
mən canlı meyid olmadım
məni sevənlər üçün,
sevdiklərim üçün də hələ diriyəm.
Bax, xatirimi əziz tutanlar,
bir şəkil də asıblar başımın üstündən,
mənə baxıb özlərini görürlər.
Kefimi soruşa bilmirlər,
halımdan da xəbər tuta bilmirlər,
amma mənə baş endirib,
özlərinə salam verirlər.
Gəlib görsən evdə yoxam,
üzüsulu çıx get,
özünə qayıt,
özünə dön,
mənə güvənmə,
özün özünə hakim ol.
Məni axtarma,
yolumu tutub gəlmə dalımca,
unutma, geriyə qayıtmaq üçün deyil
mənə gələn yol.

Gəlib görsən, evdə yoxam, nə hay qaldır, nə səs-küy sal, bil ki, köçmüşəm.
Sərbəst şeirin sərbəst misralarının biganə, laqeyd, təngə gəlmiş yorğun ruhu…
Köçmüşəm əbədi mənzilimə…
Köçmüşəm Müqəddəs Yaradanın pak, müqəddəs dərgahına…
Bu dünyanın dərdini, ağrısını da elə bu dünyada qoyub gedirəm…
Gedirəm Tanrı dərgahına…
Pak niyyətimlə, saf sevgimlə, düz əməlimlə…
Bilal Alarlının hər şeirində toxunduğu mövzu saatlarla deyil, günlərlə düşündürür, təsir altına salır.
Əslində bu şeirdə o qədər mesajlar ötürür ki, oxucusuna. Götürənin, duyanın, dərs edənin xoş halına.
Bilal Alarlının mövzu çərçivəsi, qəlibi yoxdur, Ruhu azaddır Şairin!
Həqiqi baxış, gerçək həyat fəlsəfəsi təbii qələmdən çıxmış sənət, bir az qərib, bir az küskün, bir az da kövrək şair ruhunun hakim olduğu poeziya dünyası.
Bəhs etdiyimiz şeir kimi…
Əbədi dünyasında nə uğurlarını görüb həzm etməyənlər var, nə arxadan zərbə vurmaq istəyənlər…
Nə şair ruhunu incidənlər var, nə onu bu həyatdan bezdirənlər…
Amma şairin onlara bir öyüdü var: Nə var, fani dünyada qalacaq.
Bizimlə gedən əməllərimiz olacaq!
Gəlib görsələr, evdə yoxsunuz, Sizi çox axtaracaqlar, Alarlı Bilal!
Axtaracaqlar sözünüzü-söhbətinizi!..
Axtaracaqlar ağsaqqal hikmətinizi!
Axtaracaqlar halal əməllərinizi!
Axtaracaqlar yüz ölçüb, bir biçən, kəlməsindən nur nidalı bir Şairi!
Sizi axtaracaqlar Ruhunuzu yaşadanlar!..

Bilal Alarlının ruhunun ənginliyindədir mütləq də, həqiqət də, mahiyyət də.
Sizə sağlıqlı, bərəkətli, uzun ömür və yaradıcılıq uğurları arzulayıram.
Sağlıqla qalın, dəyərli ziyalımız, alimimiz Bilal Alarlı müəllim!
Yenidən görüşmək ümidiylə. Allahın amanında olun hər zaman!!!

SEVİL AZADQIZI

Share: