İradəmizə güvənməməliyik? – Kamal Səlimov

İradəmizə güvənməməliyik? – Kamal Səlimov

Daima dəyişdirmək, azaltmaq və ya həyatımızdan tamamilə çıxartmaq istədiyimiz vərdişlər, rutinlər və davranışlar olur. Çünki, biz bitmiş, yekunlaşmış deyil, inkişafda olan, dəyişən bir prosesik. Əgər düşünürsünüzsə ki, sizin inkişafınız, dəyişiminiz artıq dayanıb, o zaman dərhal elə bu düşüncə və yanaşmanızın özünü dəyişdirin. Çünki, məşhur bir deyimdə də deyildiyi kimi, bu həyatda dəyişməyən tək bir şey var, o da elə dəyişikliyin özüdür. Bunun üçün də biz istəsək də, istəməsək də daima dəyişirik. Problem də dəyişib dəyişməmək yox, bu dəyişikliyin mənfiyə, yoxsa müsbətə doğru olmasıdır.

Dəyişikliyi müsbət istiqamətə yönəltmək asandır, amma bu cür saxlaya bilmək isə çətindir. Bəzi insanlar üçün əslində dəyişikliyi müsbət istiqamətə yönəltmək də çətindir. Bunun da səbəbləri başqa bir yazının mövzusudur. İndilik sadəcə bunu deyim ki, əsas olan nə qədər tez dəyişmək deyil, davamlı, mütəmadi olaraq müsbətə doğru addımlamaqdır. Əhəmiyyətli olan az da olsa, davamlı olan dəyişiklikdir. Bu, bir gündə hər şeyi dəyişdirmək istəyən deyil, hədəfə çatana qədər addımlamağı davam etdirən bir yanaşmadır.
Dəyişməklə bağlı hədəflərimizi reallaşdırarkən qarşımıza çıaxacaq bəzi maneələr olacaq. Bu yazıda o maneələrdən birini, bəlkə də ən önəmlisini sizinlə paylaşacağam. O da bizim gördüklərimiz, eşitdiklərimizdir, yəni ətraf mühitimiz. Çünki, dəyişiklikləri reallaşdırmaqda uğurlu olma ehtimalımız ciddi olaraq ətraf mühitimizdən asılıdır. Əgər ətraf muhitimizi şüurlu olaraq dizayn etməsək, dəyişikliyi nə qədər çok istəsək də, bu ya çok çətin bir proses olacaq, ya da uğursuz olacaq və yarı yoldan qayıdacağıq. Bunun qarşısını almaq mümkündür. Onun da sirri “Gözdən iraq olan, könüldən də uzaq olar” atalar sözündə gizlənir.
Məsələ əslində çox sadədir. Düşünün, hazırda nələri dəyişdirmək istəyirsiniz?
Nəyi azaltmaq istəyirsiniz?
Nələri həyatınızdan tamamilə çıxartmaq istəyirsiniz?

Bu suallara cavab verdikdən sonra isə aşağıdakı suallara cavab verin.

·  Həyatımdan çıxartmaq, azaltmaq və ya dəyişdirmək istədiklərimi evdə mənə xatırladan nələr var?
·  Bəlkə soyuducuda nə isə qalıb?
·  Bəlkə bu TV-dir?
·  Bəlkə də evdəki qəlyanaltılar?
·  Bəlkə də ailəliklə artıq vərdiş halına gəlmiş yuxu saatı?
·  Yaxud yuxu saatından əvvəl etdiklərimiz?
Bu sualları eyni şəkildə iş yerinizə, ofisinizə də aid edə bilərsiniz.

Daha sonra ən çox getdiyiniz, vaxt keçirdiyiniz məkanları düşünün, analiz edin.
·  Bəlkə də bu məkanlarda yedikləriniz və ya içdikləriniz?
·  Dostlarınızla əyləncə üçün getdiyiniz məkanlar və ya etdiyiniz məşğuliyyətlərdir?
·  Telefonunuza baxın. Bəlkə də telefonunuzdaki hasısa tətbiq və ya mütəmadi olaraq ziyarət etdiyiniz saytlar?

Bu suallara bir-bir cavab verdiyiniz zaman əslində problemlərin və çətinliklərin bir çox səbəblərini çox rahat şəkildə anlamış olacaqsınız. Bəs nə etməliyik?
Cavab çox sadədir. Tətbiqi asan olmaya bilər, amma məntiqi çox sadədir. Bu, iki mərhələli bir prosesdir.
Birinci mərhələ, bu işlərin özünə inam, motivasiya və iradə gücü ilə olmayacağını özümüzə xatırladıb bunu qəbul etmək. Anlayıram, indi bir çoxunuz etiraz edə bilərsiniz ki, “axı bu günə qədər bir çox mütəxəssis bizə hər şeyi iradə gücü ilə edə biləcəyimizi deyirdi.” Amma bir müddətlik bu yanaşmanı unudun və ya ümumiyyətlə tərk edin. Özünüzə deyin ki, ağılla və düşünülmüş şəkildə dizayn etdiyim mühitim iradəmdən daha vacib və əhəmiyyətlidir. Əsas olan nə qədər motivasiyalı, həvəsli olduğum, iradəmə nə qədər güvəndiyim yox, güclü, seçilmiş bir əhatəyə, çevrəyə sahib olmağım və yaxşıca düşünülmüş bir strategiya ilə başlamağımdır.
İkincisi, bu elə birincinin davamıdır. Yəni, yuxarıdakı suallara cavab verdikdən sonra bu cavablar və dolayısı ilə səbəblər hansılardırsa, onları həyatımızdan təmizləməyə qərar verməkdir. Yəni, bu səbəbləri gözümüzdən iraq tutmaqdır ki, könlümüzdən də iraq olsunlar.  Daha da yaxşı anlaşılması üçün icazənizlə özümdən bir nümunə verəcəyəm.
ABŞ-a gəldikdən bir müddət sonra məndə qəhvə içmək vərdişi yarandı. Hətta iki və ya üç gün ard-arda qəhvə içməyəndə özümü qəribə hiss edirdim. Bu da əslində ətraf muhitin təsir gücünü göstərən çok əla bir nümunədir. Belə ki, mən Bakıda olarkən aylarca heç qəhvə içməzdim və bunu hətta heç düşünməzdim. Bu vərdiş məhz buraya gəldikdən sonra yarandı. Xüsusilə də, Starbucks qəhvələri. Bəzən sırf Starbucks-da qəhvə içmək üçün 20 dəqiqə yol qət edirdim. Problem əslində qəhvənin özü deyildi, problem hər qəhvə ilə mənim qarışdırıb qəbul etdiyim şəkər idi. Bunu hər düşünəndə narahat olurdum və xoşuma gəlmirdi. Amma qəhvə də acı olduğu üçün şəkərsiz içə bilmirdim. Əslində buradan iki misal verəcəyəm
Dəfələrlə özümə söz verirdim ki, artıq qəhvəni şəkərsiz içəcəyəm, sadəcə bir neçə gün bu cür içirdim, amma qəhvənin acı dadı yenidən məni məcbur edirdi ki, şəkərlə davam edim. Daha sonra Starbucks qəhvələri də məni narahat etməyə başladı. Qəhvə zərərlidir deyə deyil, sadəcə özümü Starbucks-dan asılı görmək heç xoşuma gəlmirdi, qüruruma toxunurdu ki, məndə Starbucks alüdəçiliyi var. Həftədə ən azı beş dəfə burada qəhvə içməsəm, özümü narahat hiss edərdim, sanki nə isə ciddi bir şey çatışmırdı.

Qərar verdim və əslində bu bir deyil, iki qərar idi.
1.      Artıq qəhvəni şəkərsiz içəcəkdim
2.      Starbucks-a isə həftəlik ziyarətimi ən azı yarıya endirəcəkdim.

Nəhayət ki, bu iki qərarda da uğurlu oldum. Hansı ki, aylarla, bəlkə də daha uzun bir müddət çox istəməyimə baxmayaraq bunu bacarmamışdım. Daha əvvəllər deyil, indi uğurlu olmağım ona görə deyildi ki, mən daha özünə inamlı idim və ya iradəm daha da güclənmişdi. Xeyr, sadəcə daha ağıllı və strateji yanaşmağa başlamışdım.
Şəkəri menyudan çıxarmaqla bağlı, misal üçün, belə bir sual soruşmuşdum: şəkəri əvəzləyəcək nə istifadə edə bilərəm? Burda bir əlavə etmək istəyirəm, dadlandırıcılardan, şirinləşdirici tozlardan heç istifadə etmək istəmirdim. Daha sonra sualı biraz da dəyişdirdim; şəkəri əvəzləyəcək və sağlam olduğundan əmin olduğum nə istifadə edə bilərəm?
Cavab: sağlam qəlyanaltılar və bal. Başladım qəhvələrimi tapa bildiyim ən sağlam qəlyanaltılarla və mümkün qədər təbii balla içməyə. Hətta bəzən qəhvəni çərəz ilə içirdim. Zamanla məndəki şəkər istəyi və iştahı zəifləməyə başladı və şəkərsiz qəhvə içmək də nisbətən asanlaşdı. Artıq bəzən qəhvəni tamamilə şəkərsiz içə bilir və ləzzət də alırdım. İndi mənə çox asan gəlsə də, aylar əvvəl o şiddətli istəyimə baxmayaraq həyatımdan çıxara bilmədiyim şey idi.
Starbucks-dan olan asılılığımı da bənzər bir yanaşma ilə aradan qaldırdım. Həftədə ən azı 5 dəfə getdiyim Starbucks-a indi bəzən elə olur ki, heç 5 həftədə 5 dəfə getmirəm. Bu Starbucks alüdəçiliyi olmayanlara çok mənasız gələ bilər, amma yaşayanlar bunu daha yaxşı anlayar. wink
Məndə belə bir fikir formalaşmışdı ki, dünyada Starbucks qəhvəsindan başqa mənim bəyənəcəyim qəhvə yoxdur, bu dərəcədə asılılıq var idi. Doğrudan da çox fərqli qəhvələr içmişdim və sonuna qədər içdiyim bir qəhvə belə olmamışdı.  Amma sırf Starbucks-dan bu qədər asılı olmağı qəbul edə bilmirdim. Bu artıq mənim üçün qürur məsələsi olmuşdu.
İlk addım olaraq xərclədiyim vəsaiti hesabladım. Baxdım ki, sadəcə Starbucks-da ayda təxmini $70-$120 pul xərcləyirəm və öz-özümə bir uşağa izah edirəmmiş kimi izah etməyə başladım:

·  bu pula bu qədər kitablar ala bilərsən
·  idmana yazıla bilərsən
·  ehtiyacı olan kiməsə yardım edə bilərsən
·  daha mənalı şeylərə xərcləyə bilərsən.
·  bir ildə $1000-dan çox pul sərf edirsən və əslində sadəcə Starbucks-a getməyi dayandırmaqla ildə bu qədər pulu daha faydalı proqramlara, məqsədlərə investisiya edə bilərsən.

Bunları düşündükcə proses asanlaşmağa başladı, amma təbii ki, bu, kifayət deyildi. Arada bəhanələr tapıb yenə Starbucks-a gedirdim. Daha sonra yenə əvəzləmə strategiyasına əl atdım. Bir də baxdım ki, Starbucks-a getməyimin bir səbəbi də oturub kafedə notebook-da işləməyimdi. Çünkü adətən işləmək üçün Starbucks-larda əla mühit olur. Mən də bir az səsli yerlərdə yaxşı işləyə bilirəm. Həmçinin evdən çıxıb fərqli bir məkana getmək də müəyyən qədər yaxşı təsir edirdi, dəyişiklik olurdu.
Hətta Starabucks-dan o dərəcədə xoşum gəlirdi ki, Ramazanda iftarı açıb namazı qıldıqdan sonra tez gedirdim ən yaxındakı Starbucks-a. Bu dərəcədə çox bəyənirdim.
İki qərar verdim: bir, evə qəhvə alacaqdım. Ən yaxşı qəhvələrdən. Bu qədər sadə bir şeyi o ana kimi düşünə bilməmişdim wink daha doğrusu elə düşünürdüm ki, Starbucks qəhvəsi olmadan olmaz. Bir az axtarış edib ev üçün qəhvə aldım. Daha sonra həyətimizdə qəhvəsi məşhur olan başqa bir kafe tapdım. Hansı ki, içəridə oturub işləmək üçün çox yaxşı şərait də var idi. Lakin bu qəhvə Starbucks-dakı qəhvədən təxminən iki dəfə daha bahalı idi. İlk dəfə geldim və qəhvələrini içdim, çox bəyəndim. Artıq həftəsonları Starbucks-a deyil, buraya gedirdim. Daha sonra bəzən həftəsonları getməyə başladım. Bir müddət sonra isə indi də buraya bağlılıq yaranacaq deyə narahat olmağa başlamışdım. wink
Lakin həm evdə qəhvəmi hazırlayıb içmək, həm də bu yeni məkana getmək artıq gözümdə Starbucks-ın karizmasını bitirməyə başlamışdı. Üçüncü bir şeyi də etdim. O da Starbucks-a hər dəfə gedərkən orya xərcləyəcəyim pulları yığıb bəyəndiyim kitabları almağa başlamağım idi. Bu sonunucunu da etdikdən sonra artıq Starbucks mənim üçün bir çətinlik olmaqdan çıxmışdı.
Burada vurğulamaq istədiyim bir şey var, hansı ki, elə bu yazının əsas mesajı da budur. Bu müddət ərzində mən mümkün qədər fərlqi metodlarla Starbucks-ı gözümdən iraq tutmağa çalışırdım, əlavə olaraq yaranan boşluğu isə fərqli və daha yaxşı alternativlərlə doldurmağa başlamışdım. Yəni, sadəcə gözdən iraq etmək kifayət deyil, gərək yaranan boşluğu da daha sağlam variantlardan istifadə edərək dolduraq. Mənim iradəm güclənməmişdi, burada əhəmiyyətli olan sadəcə daha ağıllı bir strategiyanın dizayn olunması və icra olunması idi.
Bu yolla Starbucks alüdəçiliyimi də bitirmiş oldum və daha sonra tapdığım o ikinci kafeyə də artıq hər həftə deyil, çox daha gec-gec gedirəm və ən əsası özümlə ciddi mübarizələr aparmadan.
Bu və bənzər mövzularda əgər dəstəyə, məsləhətə ehtiyyacınız olduğunu düşünürsünüzsə yaza bilərsiniz. Vaxtın və bilgimin imkan verdiyi qədər dəstək olmaqdan məmnnun olaram.

Yazar: Kamal Səlimov

Share: