Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən şərəfsiz, xain terror hücumu hamımızda böyük qəzəb doğurdu.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan səfirliyi, dövlətimizin bir hissəsidir, bu həm də dövlətimizə edilən silahlı hücum sayılmalıdır. Bu hücumu dəf edərkən şəhid olan qəhrəman soydaşımızın ailə üzvlərinə də dərin hüznlə başsağlığı verirəm.
Baş vermiş hadisə nə qədər qəzəb doğursa da həm də müəyyən mənada gözlənilməz sayılmır. Bu terror hadisəsi İran rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir.
Azərbaycan müstəqillik qazanmasından bu yana İran əlinə düşən hər fürsətdə ölkəmiz əleyhinə iş aparıb, təxribat xarakterli addımlar atıb, riyakar davranış nümayiş etdirib. Torpaqlarımızın işğalda olduğu 30 ilə yaxın müddət ərzində Ermənistanla sıx münasibətlər quraraq ona hər cür yardım və dəstək göstərib. Bu yardım 44 günlük Vətən müharibəsində də davam edib. Tehran rejimi bu addımları ilə islam dinindən öz mənfur niyyətləri üçün necə sui-istifadə etdiyini göstərib. Azərbaycanın zəfərini, ərazi btövlüyümüzün bərpasını həzm edə bilməyən İran, ölkəmizi ən son təbrik edənlər sırasında oldu. Eyni zamanda qələbəmizdən sonra müxtəlif çirkin oyunlara, düşmənçilik hərəkətlərinə əl atdı. Özünü müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətidə Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, Xocalı soyqırımının törədilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Üçtərəfli bəyanatda Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran rejimi açıq şəkildə regionda təhlükəsizlik mühitinin yaranmasına, davamlı sülhün əldə edilməsinə mane olur. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə əngəl törədir. Özünün “qırmzı xətlərini” bəyan edir. Bir sözlə, İran əvvəllər pərdələməyə çalışdığı riyakar, mənfur xislətini artıq gizlədə bilmədi. Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhd göstərdi. Azərbaycanda yaratdığı dini-ektremist qrupların, casus şəbəkələrin ifşası İranın necə təhlükəli olduğunu göstərdi. Son terror aktı bütün bu prosesin məntiqi sonluğu sayılmalıdır. Amma fars molla rejimi anlamalıdır ki, artıq regiondakı geosiyasi, təhlükəsizliklə bağlı hər hansı proseslərin aparalıb-aparılmaması Azərbaycandan asılıdır. Azərbaycan regionda söz sahibidir. Bu da o deməkdir ki, İran adlanan dövlətin bundan sonra Ermənistan üzərindən, yaxud hansısa terror təşkilatı üzərindən və ya yaratmağa çalışdığı casus şəbəkəsi vasitəsilə Azərbaycana qarşı bu və ya digər şəkildə təxribat aparmaq imkanı olmayacaq. Çünki Azərbaycan dövləti belə fəaliyyətləri cavabsız qoymayacaq. Bu gün Azərbaycanın beynəlxalq mövqeyi xeyli güclüdür. Bu güc Azərbaycanın Türkiyə, Pakistan və İsrail kimi regionun söz sahibi olan dövlətləri ilə strateji müttəfiqliyinə dayanır. Adını islam ölkəsi qoyan İranın isə bir müsəlman dövləti ilə normal münasibəti yoxdur. Özünü ABŞ və Avropanın hədəfinə çevirən İranın qonşuları ilə də qırmızı xətti keçməsi bu ölkənin sonunu gətirəcək. Digər bir tərəfdən ortada İranı bir yumruğu ilə əzə biləcək Güney Azərbaycan faktoru da var. Fars molla rejimi bütün bunları hesablayıb, ağlını başına yığmalıdlr. Azərbaycanla qarşıdurma bu ölkəni məhvə aparar.
Fəzail İBRAHİMLİ
Milli Məclis sədrinin müavini
Müstəqil.az