Afsəddin Nəbiyev: “Özünü islam dövlətlərinin mənəvi “lider”i kimi göstərməyə çalışan bu dövlət vaxtilə…”
“Qüdrətli” İran sərhəd dəyişikliklərinə heç vaxt dözməyəcək”. Bu barədə İran İslam Respublikası parlamentinin deputatlarının bəyanatında deyilir.
İranlı deputatlar bu bəyanatı qəbul etməklə Azərbaycanı təhdid ediblər: “İran İslam Respublikasının silahlı qüvvələri, xüsusən də güclü İİKK bütün sərhəd hərəkətlərinə nəzarət edir. Onlar region ölkələrində qeyri-sabitlik və gərginliyə səbəb olan amillərə və fikir ayrılıqlarına qarşı durmağa hazırdırlar. İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının əsas təliminin aydın mesajı qonşu ölkələr üçün sülh, sabit təhlükəsizlik, eləcə də düşmənlərə xəbərdarlıq, ölkə sərhədlərinin təhlükəsizliyini müdafiə etməyə hazır olduqlarını bəyan etmək, regiondankənar ölkələrin və rejimlərin mümkün müdaxiləsinə, təhdid edən sui-qəsdlərə qəti cavab verməkdir”.
Görünən odur ki, İranın müxtəlif qurumları Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanı hədələmələri azmış kimi, parlamen üzvləri də buna qoşulub. Bu isə onu göstərir ki, İran regionda yeni gərginlik ocağı yaratmaq istəyir.
Maraqlıdır, İrandan Azərbaycana yönəlik təhdidlər niyə dayanmaq bilmir?
- “Əli hər yerdən üzülən İran rəsmiləri ermənidən çox “ermənilik” etməklə sərhəd toxunulmazlığını gündəmə gətirirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, İranın Azərbaycana qarşı apardığı təxribatlar, indiki mövcud şəraitdən qaynaqlanmır: “Bu dövlətin Azərbaycan əleyhinə yönəlik siyasəti tamamilə başqa səbəblərlə bağlıdır. İstər Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunduğu dövrlərdə, istərsədə 44 günlük savaşdan sonra İranın Azərbaycana qarşı düşmənçilik etməsi hər bir vətəndaşımıza məlumdur. Özünü islam dövlətlərinin mənəvi “lider” i kimi göstərməyə çalışan bu dövlət vaxtilə işğala, ərazilərimizdə müsəlmanlara aid olan dini abidələrin, ziyarətgahların erməni vandalları tərəfindən dağıdılmasına göz yumdu. Bu azmış kimi, rəsmi olmasa da ermənilərə özlərinə müttəfiq etdilər. Bunun əsas səbəbi ondan ibarətdir ki, İran var gücü ilə çalışır nə olursa-olsun Azərbaycan Cənubi Qafqazda güclü dövlətə çevrilməsin. Çünki Azərbaycan gücləndikcə Güneydə İranın ayrı-seçkilik siyasətindən əziyyət çəkən milyonlarla soydaşlarımızın müdafiəsinə qalxacaq, onların pozulmuş hüquqlarının bərpa olunmasına dəstək verəcək. Bütün dünya görür ki, İranda yaşayan milyonlarla azərbaycanlının hüquqları tapdanır. Güneyli həmvətənlərimizin ən elementar ana dilində təhsil almağa İran dövləti süni əngəllər yaradır. Ona görə də İran var gücü ilə çalışır ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanmasın, münaqişə uzun illər davam etsin. Eyni zamanda Azərbaycanda dini qüvvələrdən istifadə etməklə müəyyən vaxtlarda təxribatlar törətmək niyyətini ortata qoydu. Bu iyrənc siyasətinin baş tutmadığını gördükdə Azərbaycana Ermənistan vasitəsilə siyasi təsir etməyə çalışır. Bunların heç biri baş tutan deyil. İranın öz daxilində çox ciddi hadisələr baş verməkdədir. Artıq İranda yaşayan xalqlar öz hüquqlarının bərpası uğurunda mübarizənin önündədir. Geriyə dönüş görsənmir. Üstəlik, yeni siyasi düzənin qurulduğu bir dövrdə açıq şəkildə işğalçı Rusiyaya hərbi yardım etməsi bu dövlətin əsl mahiyyəti üzə çıxardı. Hansı prizmadan yanaşsaq İran dövlətinin gələcəyi çox qaranlıqdır. Əli hər yerdən üzülən İran rəsmiləri ermənidən çox “ermənilik” etməklə sərhəd toxunulmazlığını gündəmə gətirirlər. Ancaq düşünmürlər ki, sərhədlər toxunulmazdır. İran Ermənistanı necə müdafiə etməsindən asılı olmayaraq Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Bu bir aksiomadır. İranın bu bölgədə hay-həşir salmasının əsas səbəblərindən biri də odur ki, belə bir həssas məqamda ölkə daxilindəki hal-hazırda davam etməkdə olan çaxnaşmaları diqqətdən yayındırsın. Ancaq bu addımları da baş tutmayacaq. Bütün bunların fonunda Azərbaycan dövləti ayıq-sayıqlığını daha da artırmalı, heç bir dövlətin Azərbaycanın apardığı haqlı davaya maneələr yaratmasına imkan verməməlidir. İnanıram ki belə də olacaq. Xalqımız İranın məkrli planlarının nədən ibarət olduğunu çox yaxşı bilir”.
Sədr müavini onu da əlavə etdi ki, üzərimizə düşən ən başlıca vəzifə xalqımızın birlik modelinin sonacan qorunub saxlanmasıdır.
Vidadi ORDAHALLI