İran- Gah ayətullahların, gah da diplomatların əli ilə Azərbaycana xəyanət edən ölkə…

İran- Gah ayətullahların, gah da diplomatların əli ilə Azərbaycana xəyanət edən ölkə…

Gah ayətullahların, gah da diplomatların əli ilə Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirən İran İslam Respublikası (İİR) indi də növbəti təxribatını ordunun vasitəsilə həyata keçirməyə hazırlaşır. Bu ölkə Azərbaycan sərhədlərində yeni hərbi təlimlərə start verir.

Məsələnin maraqlı cəhətlərindən biri də budur ki, İranın “uzaqgörən” və “müdrik” strateqləri nədənsə, budəfəki hərbi təlimlərə “Fatihan Xeybər” (“Xeybər fatehləri”) adını verməyi uyğun görüblər. İran XİN-in təmsilçisinin “sərhədlərimizin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcəyik” kimi sərsəm bəyanatını nəzərə alsaq, o zaman molla rejiminin hərbi təlimlərə bu adı qoymasının heç də təsadüfi olmadığı məlum olar. İİR rəhbərliyi bu cür qıcıqlandırıcı və ikibaşlı ad seçimi ilə həm Azərbaycana, həm də Azərbaycanı dəstəkləyən ölkələrə, o cümlədən İsrailə mesaj verdiklərini düşünür. Ancaq bu çox yanlış və dayaz düşüncədir. Görünən budur ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevin istər bu yaxınlarda “Anadolu” agentliyinə müsahibəsində, istərsə də daha öncəki açıqlamalarında İran avtomobillərinin Azərbaycan ərazilərinə qanunsuz yük daşımaları barədə səsləndirdiyi fikirlərin məqsədini, məramını düzgün anlamayıblar.
30 il ərzində müsəlman Azərbaycan torpaqlarının işğalçı xristian ölkəsinin – Ermənistanın əsarəti altında qalmasını sakitcə seyr edən və bir dəfə də olsun Ermənistanla sərhəddə hərbi təlimlər keçirməyən İranın indi Azərbaycana “əzələ” nümayiş etdirməsi, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra bu ölkənin bizimlə sərhəd ərazilərdə qoşun cəmləşdirməsi və ard-arda hərbi təlimlər keçirməsi şübhəsiz ki, həm Azərbaycan cəmiyyətində, həm də dövlət başçımızda haqlı suallar doğurmalıydı. Doğurdu da. Prezident İlham Əliyevin məlum açıqlamasında toxunduğu məqamlar bu gün hər bir azərbaycanlını dərindən düşündürür. Dövlət başçımız cəmiyyətimizi narahat edən, vətəndaşlarımızda təəccüb və sual doğuran bütün bu məsələləri tam vaxtında və yerində dilə gətirdi: “Sərhədlərimizin yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüb doğuran bir hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr yaşanmamışdı. İlk növbədə deməliyəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimləri keçirə bilər. Bu, onun suveren hüququdur. Buna heç kim söz deyə bilməz. Ancaq bunu bir zaman kəsimində təhlil edərkən, daha əvvəl heç vaxt belə bir şeyin olmadığını görürük. Niyə indi və bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar soruşur. Bir sual da verilir ki, nəyə görə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə nəyə görə təlim keçirilmirdi? Nəyə görə biz bu əraziləri azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə ki, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir halın olmamasını istəyirik. Bir daha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və təmkinli davranır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olduğuna ümid edirəm”.
Azərbaycan Prezidenti dövlətimizi və cəmiyyətimizi narahat edən bu məqamlara toxunmaqla əslində qonşu ölkəyə səmimi və dostyana iradlarını bildirmiş oldu. Və biz bu iradlara, bu mesajlara qarşı tərəfdən adekvat münasibət sərgilənəcəyini, səmimi cavablar veriləcəyini gözləyirdik. Ancaq çox təəssüf ki, bu epizodda İran da özünü eynilə Ermənistan kimi qeyri-adekvat apardı, səmimiyyət nümayiş etdirmək əvəzinə, aqressiv ritorikaya üstünlük verdi, bir diplomatın ağzı ilə bizi təhdid etmək yolunu seçdi. Belə ki, İran Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadə bildirdi ki, hərbi təlim keçirmək suverenlik məsələsidir. Və bu təlimlər guya “bütün regionda sabitliyin və sülhün möhkəmləndirilməsi məqsədilə keçirilib”. Əlbəttə, Xətibzadənin bu açıqlaması tipik fars riyakarlığından başqa bir şey deyil. 30 illik işğal dönəmində regionda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə qətiyyən düşünməyən mollalar indi xeyir ola, birdən-birə bu barədə düşünməyə başladılar? Onlar sülhün və sabitliyin belə qeydinə qalırlarsa, getsinlər bu təlimləri özünü bölgədə terrorçu və quldur dövlət kimi aparan Ermənistana qarşı keçirsinlər də.
Lakin aydın məsələdir ki, İranın dərdi Ermənistan deyil. Rəsmi Tehran Qarabağın işğaldan azad edilməsinə, Zəngəzur dəhlizin açılacağına görə yaman narahatdır. İran məhz bu yeni reallıqları öz maraqlarına qarşı təhlükə kimi dəyərləndirir. Xətibzadənin “İİR öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”,- deyə barmaq silkələməsi də İranın bu narahatlığından xəbər verir. Ancaq bu tamamilə əsassız və yersiz narahatlıqdır. Çünki Azərbaycan Prezidenti İranla sərhədimizi dostluq sərhədi adlandırıb. İlham Əliyevin dostluq sərhədi adlandırdığı coğrafiyanı İranın hərbi təlim meydanına çevirmək cəhdi nadanlıqdır. Bizim İrana qarşı nə indi, nədəki perspektivdə hər hansı bir məkrli planlarımız yoxdur. İranı idarə edənlər nahaq yerə xoflanırlar. Xətibzadə kimi ənənəvi fars şovinistliyi və “İran-Turan düşmənçiliyi” zehniyyətinə söykənib qalan diplomatlar, siyasi məsləhətçilər isə öz təxribatçı açıqlamaları ilə əslində hazırkı İran hakimiyyətinə Azərbaycana münasibətdə sağlam mövqe seçməyə, rasional siyasət yürütməyə mane olurlar.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: