Bu gün İran ordusunun quru qoşunları hərbi təlimlərə başlayıb. İranın cənub və şimal regionlarında keçirilən təlimlərə tanklar və vertolyotlar da cəlb edilib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, həmçinin İranın Şərqi Azərbaycan vilayətinin Təbriz, Zəncan və digər şəhərlərində dövləti və inqilabı dəstəkləmək üçün yürüşlər keçirilir. Yürüşlərdə İranın Ali Rəhbəri Əli Xamneyinin yerlərdəki nümayəndələri nitq söyləyərək xalqı sabitliyi qorumağa, təxribatlara uymamağa çağırıblar.
Eyni zamanda noyabrın 16-da baş verən iğtişaşlar zamanı həlak olan polis əməkdaşının dəfn mərasimi keçirilib. Mərasimdə İranın daxili işlər naziri və yüksək rütbəli polis generalları iştirak ediblər.
Ölkə ərazisində internetə tətbiq olunan məhdudiyyət hələlik davam edir.