Zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri başa çatmaq üzrədir.
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri İsmayıl Ramazani deyib.
İ. Ramazani deyib ki, indiyədək zəlzələ bölgəsində Qırmızı Aypara Cəmiyyəti tərəfindən 70 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib: “Ümumilikdə 130 min nəfər zəlzələdən əziyyət çəkib və onlara yardım edilir. Cəmiyyətimiz zəlzələdən ziyan görmüş insanlara 50 min çadır paylayıb. Bu gündən isə zərərçəkənlərə qida paketləri paylanılacaq”.
İ. Ramazani həmçinin zəlzələ bölgəsinə lazımı yardımların göndərildiyini, digər ölkələrdən yardıma ehtiyacın olmadığını bildirib: “Ölkədə zəlzələdən əziyyət çəkənlərin ehtiyaclarını təmin etməkdə heç bir çətinliyimiz yoxdur. Bütün lazımi mallar anbarlarda mövcuddur və zəlzələ bölgəsinə göndərilir. Əsas problem yardımların paylanmasındadı. Zəlzələnin baş verdiyi ərazi böyük olduğu üçün yardımları vaxtında çatdırmaqda çətinliklər yaşanır”.
İ. Ramazanı noyabrın 15-də Azərbaycanda baş vermiş zəlzələnin İranın Ərdəbil əyalətinin Parsabad bölgəsində də hiss olunduğunu bildirərək qeyd edib ki, heç bir itki baş verməyib, bəzi yerlərdə evlərdə çatlar əmələ gəlib.
Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində 433 nəfər həlak olub, 7817 nəfər yaralanıb.