Xəbər verdiyimiz kimi, bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.
İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyi iddia edilir. Bəs görəsən, İran bu addımı ilə hansı mesajı vermək istəyir?
Məsələ ilə bağlı Redaktor.az-ın sualını cavablandıran hərbi ekspert Abuzər Əbilov bildirib ki, bu, İranın Azərbaycana qarşı növbəti oyunudur:
“Son günlərdə İranın Azərbaycana qarşı düşmən mövqeyi açıq-aşkar sezilir. 30 il ərzində torpaqlarımız işğal altında idi. İran bu məsələyə heç bir reaksiya verməyib. Lakin ərazilərimiz işğaldan azad edildikdən sonra İran gərginliyi artırmağa başladı. İranın bu addımlarına qarşı çox adekvat cavablar verilir. İranın bu kimi təxribatları bizim üçün keçərli deyil. Biz öz yolumuzdan geri çəkilməyəcəyik. Ali Baş Komandanımız da bu barədə dəfələrlə bildirib”.
Ekspert bildirib ki, əgər bu qadağa tətbiq edilsə, Azərbaycan alternativ yollardan istifadə edəcək:
“Naxçıvan məsələsinə gəldikdə isə əgər İran təyyarələrimizin uçuşuna icazə verməsə, biz də onun dediyi kimi edərik. Bu uçuşları Türkiyə üzərindən də edə bilərik. Bu bizim qarşımızı ala biləcək bir vasitə deyil. İranın vəziyyəti onsuz da yaxşı deyil. Əgər biz İranın qarşısına cavab vasitələri qoysaq, onların vəziyyəti daha da ağırlaşacaq. Azərbaycan İranın Ermənistana daşıdığı yardımlarla bağlı maneələr qoyub. Bu maneələr günü-gündən arta bilər. Regionda qarşıdurma heç kimə maraqlı deyil. Əgər kimsə bizimlə güc vasitəsilə danışmaq istəsə, onu yerində oturtmağa kifayət qədər siyasi iradə və hərbi gücümüz var”.
Müstəqil.Az