İranın İnqilab Keşikçiləri Korpusunun hərbi dəniz təlimləri zamanı buraxdığı uzaqmənzilli ballistik raket Hind okeanında üzən “Nimitz” ABŞ təyyarədaşıyan gəmisinin həndəvərinə düşüb. Müstəqil.Az xəbər verir ki, bu haqda ABŞ administrasiyasındakı anonim rəsmi mənbə “Fox News” telekanalına bildirib.
Məlumata görə, raketlərdən ikisi “Nimitz” təyyarədaşıyan gəmisinin 160 kilometrliyində partlayıb. Digər raket isə həmin rayonda üzən kommersiya gəmisinə “təhlükəli dərəcədə yaxın” 32 kilometr məsafəyə düşüb. Baxmayaraq ki, İran raketi təyyarədaşıyanın və onu müşaiyət edən gəmilərin göyərtəsindən görünməyib, mənbənin bildirdiyinə görə, qəlpələr kifayət qədər böyük məsafəyə səpələnib.
Mənbənin bildirdiyinə görə, İran raketləri təyyarədaşıyandan xeyli aralı düşsə də ABŞ peyklərdən həmin raketlərin trayektoriyasını izləyirdi və raket buraxılışları barədə əvvəlcədən məlumatlı idi. Mənbə İranın öz hərəkətlərində bu dərəcədə irəli gedə bilməsindən narahatlıq ifadə edib.
Bildirilir ki, İnqilab Keşikçiləri Korpusu Hind okeanının şimal hissəsində yerləşən şərti hədəflərə qarşı müxtəlif radiuslu ballistik raketlər tətbiq edib. “Tasnim” agentliyinin məlumatında isə bu təlimlər haqda xəbərdə deyilir ki, İran raketləri 1800 kilometr məsafədən hədəfləri vurub.
Ötən il noyabrın 30-da ABŞ “USS Nimitz” təyyarədaşıyan zərbə qruplaşmasını Fars körfəzinə göndərib. Trampın hakimiyyətinin son aylarında ABŞ-la İran arasında gərginlik daha da artıb.
Müstəqil.Az