İranın Ermənistandakı səfiri Abbas Zohurinin təxribatçı hərəkəti

İranın Ermənistandakı səfiri Abbas Zohurinin təxribatçı hərəkəti

İranın Ermənistandakı səfiri Abbas Zohurinin Ermənistan-Azərbaycan sərhədinə səfər etməsi, erməni hərbçilərinin müşayiəti ilə Kəlbəcər-Basarkeçər istiqamətindəki sərhəd bölgələrinə baş çəkməsi, ermənilərin səngərində dayanıb Azərbaycan ərazilərinə durbinlə baxması heç bir halda müsbət addım kimi qəbul edilə bilməz.

Bizim dost və tarixi qonşumuz hesab etdiyimiz bir ölkənin diplomatının bu davranışı təxribatçı hərəkət olmaqla yanaşı, həm də dostluq və qonşuluq prinsiplərinə də tamamilə zidd olan hərəkətdir.
Səfir Zohurinin düşmən səngərindən durbinlə bizim ərazilərimizə xüsusi diqqət və maraq hissilə boylanmasına başqa bir ad vermək mümkün deyil. Biz heç də xoş olmayan bu hadisəyə görə təəssüf edirik və səfirin diplomatik normalar çərçivəsindən kənara çıxan bu addımını qınayırıq. Çünki cənab Zohurinin sərhəd təxribatı Tehran hökumətinin bölgədə sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirməsi xəttinə qətiyyən uyğun gəlmir. Əksinə, bu addım Ermənistanın revanşist davranışlarının dəstəklənməsi təəssüratını yaradır.
Rəsmi Bakı hər zaman İranla mehriban qonşuluq siyasəti yürütməyə çalışıb və bu ölkəyə qarşı beynəlxalq təzyiqlərdə heç vaxt iştirak etməyib. Bütün bunların qarşılığında İranın da Azərbaycana qarşı mövqeyi, münasibəti adekvat olmalıdır. Biz ümid etmək istərdik ki, bu gün öz səlahiyyətlərinin icrasına başlayan İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi işğalçı Ermənistan ilə sülhsevər Azərbaycanı tərəzinin eyni gözündə tutmayacaq və İranın Azərbaycanla bağlı siyasətində müsbət dəyişikliklərə imza atacaq, konstruktiv mövqe sərgiləyəcək. Eyni zamanda səfir Zohurinin qeyri-diplomatik, təxribatçı hərəkətlərinə də son qoyulacaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: