İranın məşhur müğənnisi Bakıda ölkəsindən nələr dedi?

Müstəqil.Az xəbər verir ki,  mahnılarını yalnız doğma dilimizdə ifa edən iranlı müğənni Əli Pormehr Publika.az-ın qonağı olub . Məşhur sənətçi Bakıda verdiyi uğurlu konsertdən sonra saytın əməkdaşı ilə görüşüb həmsöhbət olub.

– Konsertiniz necə keçdi?

– Gözəl idi…

– Təəssüratlarınız necədir?

– Düzü İran konsertlərini daha çox sevirəm. Buradakı izləyicilər konsertə bikef gəlirlər.

– Bəs İranda necə gəlirlər?

– Təsəvvür edin ki, zaldakı tamaşaçıların hamısı mahnıları müğənni ilə birgə oxuyur, coşur.

– Yəni ötürdüyünüz enerji geri qayıdır…

– Bəli. Bu baxımdan İran çox gözəldir.

– Adətən bizdə də müğənnilər coşqu ilə qarşılanır. Yəqin sizin Bakıda ilk konsertiniz olduğu üçün qarşılıqlı durğunluq yaşanıb. Bəs İran və Azərbaycan ifaçıları arasında fərqi nədə görürsünüz?

– İranda musiqi əhli bir-biri ilə daha mehribandır. Amma Azərbaycanda digərinin sənətinə dəyər verən bir müğənniyə hələ rast gəlməmişəm.

– Siz yəqin böyük sənətkarlarımızla ünsiyyətdə olmamısınız. İstedadı kasad olan müğənnilər təbii ki, digərində də qüsur axtaracaq.

– Yox, niyə? Azərbaycanlı sənəkarlar hamısı işinin ustasıdır. Demək istədiyim odur ki, İranda bir neçə xanəndə, yaxud pop ifaçısı bir zalda eyni gündə konsert verə bilir. Hər biri də öz pərəstişkar ordusunu konsert zalına cəm edir. Beləcə musiqiçilər arasında həmrəylik yaranır. Bakıda isə bu halla qarşılaşmamışam. Müğənnilər bir-birini sözlə bıçaqlayırlar. İran sənətçiləri isə sadəcə digərinin səsində hansısa elementi bəyənmədiklərini vurğulaya bilərlər.

– Amma sırf musiqi seçimi ucbatından bizdə hələ ki, heç kim Mohsen Namjoo kimi sənətkarı ölkəsindən didərgin salmayıb. Yəni janr seçimi azaddır…

– Düzü, mən Mohsen Namjoonun stilini, əndazəni aşan çılğın ifasını sevmirəm. Mən sənəti, duruşu ilə daha ağır sənətkarları bəyənirəm. Məhəmməd Rza Şəcəryan, oğlu Humayun Şəcəryan kimi… Nəzərinizə çatdırım ki, Məhəmməd Rza kimi böyük xanəndənin tələbəsindən dərs almışam. Məni zahirən ona bənzədənlər də tapılır.

– Bənzərliyiniz var, doğrudur. Şəcəryanları mən də klassika, möhtəşəm zövq sahibi hesab edirəm, amma Namjoo musiqisinin də gözəlliyi dana bilmərəm.

– Zövqlər müxtəlifdir.

– Mübahisəli mövzuya daldıq. O zaman Tehranla Bakını fərqləndirən cəhətləri sadalayın lütfən…

– Bakı sanki modernliklə köhnəliyin arasında çaş-baş qalıb. Bu mərhələni keçsə, hər şey yaxşı olacaq.

– Hansı səmtə doğru?

– Təbii ki, müasirliyə.

– Bəs Tehran bu mövzuda hansı nöqtədə durur?

– Tehran da hələ ki, modernliyin astanasındadır.

– Əli bəy, son aylar adınız, ifanız Azərbaycanda çox məşhurlaşıb. Hətta sosial şəbəkələrdə fars dilində ifa etmədiyi üçün televiziya kanalları üzünə bağlanan müğənni kimi tanınırsınız…

– Belə demək insafsızlıq olardı. İran din hökuməti olmağına baxmayaraq, mənim mahnılarımın hətta senzuradan kənar sayılan sözlərini ifa etməyimə şərait yaradılır. “Kefli” adlı bir mahnım var. Onu başqa müğənni fars dilində oxusaydı, efir qadağası qoyardılar. Ancaq mən bütün konsertlərdə, televiziya proqramlarında öz dilimdə ifa edirəm. Heç bir ögeylik də yoxdur. Belə şaiyələrə inanmayın. Mən musiqi yarışmalarında xalqın səsverməsi ilə dəfələrlə birinci olmuşam. Özü də finala Mohsen Yeganə, Çavuşi, Məhəmməd İsfahani kimi fars sənətçilərlə düşmüşdüm. Nə qarşımı alan, nə yolumu kəsən… heç kim olmayıb. Heç vaxt da deməyiblər ki, bu türkdür, özümüzdən uzaq tutaq.

– Çox maraqlıdır. Çünki adətən cənublu soydaşlarımız əksini iddia edirlər.

– Bilirsiniz, insan özü bir işi görməkdə gücsüz olanda, digərlərini də suçlayır. Mən gecə-gündüz çalışıram. İranda fars da, türk də, talış da öz dilində oxuyur, danışır.

– Dediniz “Kefli” adlı mahnınızı fars müğənni öz dilində oxuya bilməzdi. Sizi İran hakimiyyətinin gözündə fars müğənnilərdən üstün qılan nədir?

– İranda müğənnilər mahnılarını yazandan sonra “İdareyi-irşad” adlı qurumdan izn almalıdırlar. Orada isə türk ustadlar var. Mənim bütün mahnılarım o komissiyanın icazəsini alıb. Yəni ustadların himayəsində olduğumçün işim asandır (Gülür).

– Bəs mahnılarınızın sözlərini həmişə özünüz yazırsınız?

– 95 faiz mahnılarımın sözləri özümə məxsusdur. Digərlərini isə ruhumu oxşayan şairlər yazıb. Mənim də poeziya zövqümü oxşamaq hər kəsə nəsib olmur. Çünki böyük Şəhriyarın, Nüsrət Kəsəmənlinin, Zəlimxanın şeirlərindən ilhamlanan insanam.

– Dediniz usta Şəcəryanın tələbəsinin əlindən su içmisiniz. Bəs niyə klassik fars musiqisinin ənənələrini davam etdirmədiniz?

– Yaşım ötdükcə gördüm ki, düşüncə xalq musiqisididir, folklordur, amma sözü demək üçün yenilik gərəkdir. Ona görə də pop musiqisinə yönləndim. İranda hələ şah zamanından yaşayan Varujan adlı olduqca peşəkar aranjemançı vardı. Ququşun da 80 faiz mahnılarını o aranjeman edib. O qədər sadə, böyük insan idi ki, ölümündən sonra heç bir fotoşəkili də qalmayıb. Mənim də musiqilərimin böyük əksəriyyətinin keyfiyyətli aranjemanı Varujana aiddir. Belə sənətkarlarla çiyin-çiyinə çalışmaq mənə də nəsib olduğu üçün xoşbəxtəm.

– Həm şair, həm bəstəkar, həm də ifaçı olmaq ağır yük deyil?

– Mən özümü öncə şair, sonra bəstəkar, axırda isə müğənni sayıram.

– Şeirlərinizi hər zaman doğma türkcəmizdə yazmısınız?

– Atam muğanlı, anamsa təbrizlidir. Evdə də həmişə ana dilimizdə danışmışıq. Amma 6 il öncəyədək şeirlərimi ancaq farsca yazırdım. Hafiz, Sədi kimi dahilərdən qidalanırdım. Bir gün təsadüfən ustad Şəhriyarın “Heydər babaya salam” şeirini oxudum. Dedim, gör bizim dildə nə böyük zərafət, səmimiyyət və incəlik var. O vaxtdan bu günədək şeirlərimin dili ana türkcəmizdədir.

– Öncə şeiriniz doğulur, yoxsa bəstəniz?

– Əkiz dünyaya gəlirlər. Amma yenə də deyirəm, şeir daha təsirli olmalıdır…

– Dünya pop ifaçıları mahnılarının sözlərinə dərin məna yükü qoymurlar. Siz isə əksini deyirsiniz…

– Səhv etmirəmsə, “İncil”də buyrulub ki, hər şeydən öncə kəlam gəlir. Çünki Allah hər şeyi kəlamla yaradıb. İnsana “insan”, ağaca “ağac” adı qoyub. Ona görə anlamsız söz toplusundan ibarət mahnıları mənəviyyatsızlıq sayıram. Belə mahnılar bir neçə aydan sonra unudulur.

– Xanəndələrmizi dinləyirsiniz?

– Əlbəttə, dinləyirəm. Böyük xanəndələrimiz var. Ümumiyyətlə, sənətkarın səsi ruhundan gəlir. Kuzəsindəki saf su da, şərab da mütləq üzə vurur. Yaradıcı insan zalım ola bilməz.

– Amma şəxsiyyəti qəpiklə ölçülən böyük sənətkarlar da var. Bu da dünya təcrübəsidir…

– Axı insan mələk doğulur. Şərait, əsən rüzgar onu qəddarlaşdıra bilər. Yediyi zərbələr, namərdliklər ətrafından soyudar.

– Çox namərdlik görmüsünüz?

– O qədər… Gənc musiqiçi gəlib tanış olub, sizin vurğununuzam deyib. Birgə əyləşmişik, hələ üzərində çalışdığım mahnımı gitarada çalıb, zümzümə etmişəm. 1 həftə sonra görmüşəm ki, ilk 15 saniyəsini oğurlayıb, mahnı bəstələyib. Yaşayırıqsa, belə nadanlıqlar görməliyik.

– İran və Azərbaycan mətbəxlərinin müqaisəsində öz yeməklərimizi üstün tutmağınızı gözləyirəm.

– Təbii ki, plovumuz da, kabablarımız da dünyanın ən dadlı damaq dadıdır. Hər dəfə Azərbaycandan İrana dönəndə 2-3 kilo kökəlirəm.

– Son günlər güneyli quzeyli xalqımızı həmrəy edən “Səni deyirlər” mahnısı haqda nə deyə bilərsiniz?

– Nə deyə bilərəm, adi toy mahnısıdır.

– Amma bu toy mahnısı ürəklərimizdə birlik qığılcımı oyatdı. Suallarımı cavablandırdığınız üçün minnətdaram.

– Mən təşəkkür edirəm.

Müstəqil.Az

Share: