“İranın xarici siyasətində buraxılan ciddi səhvlər yaxşı nəsə vəd etmir”

“İranın xarici siyasətində buraxılan ciddi səhvlər yaxşı nəsə vəd etmir”

İranda etiraz aksiyaları daha geniş vüsət almaqdadır. Artıq bu ölkənin elə bir bölgəsi yoxdur ki, son 56 gündə orada aksiyalar keçirilməsin. Buna nümunə kimi İranın Qum, Astara, Marağa, Kirman, İsfahan, Zəncan, Təbriz, Tehran, Sənəndəc, Şiraz, Məşhəd, Qəzvin, Amol, Elam, Gülüstan, Zahidan, Nouşəhr, Gilan, İranın Urmiya, Kərəc, Ekbatan, Rəşt, Naziabad, Fuladşəhr, Fəsa (Fars əyalətində) və bir sıra şəhərlərindəki etiraz aksiyalarını vurğulamaq mümkündür.

Aksiyalarda səslənən şüarlar təkcə İranda tədricən siyasi vəziyyətin gərginləşdiyini ortaya qoymur, eyni zamanda burada xalqın mövcud rejimə olan kəskin münasibətini və başqa məsələləri çılpaqlığı ilə nümayiş etdirir. Etirazçıların hökumət və rejim əleyhinə səsləndirdiyi şüarlara diqqət edək: “Top, tank, fisfişə, axunda gərək yox ola!”, “Xameneyi ölüm!”, “Bəsici, Sepahi, sən bizim İŞİD-miz sənsən!”,“Xameneyi İŞİD rəhbərinin yerinə keçib!”, “İŞİD, Bəsic birləşməyiniz mübarək!”, “Diktatora ölüm!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi”, Azərbaycan talandı, millət oyan! Amandır!”, “Azərbaycan milləti, çəkə bilməz bu zilləti!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “bəsiciyə ölüm!”, “Xameneyiyə ölüm!”, “Biz uşaq öldürən respublika olan istəmirik!” və s.

İranın gündəmini aksiyalarla yanaşı, edam xəbərləri, universitetlərdə tələbələrin tətil mitinqləri, yüzlərlə universitet müəlliminin, vəkilin, həkimin bəyanat imzalayaraq hökumətin repressiyalarını pisləməsi, həmçinin xeyli sayda jurnalistin birgə bəyanat yayaraq qadın jurnalistlər – Nilufər Hamidi və İlahə Məhəmmədinin həbsdə saxlanması və vəkillə əlaqələrinə imkan verilməməsi də daxil olmaqla, əsas hüquqlarının təmin olunmamasını tənqid etməsi kimi məsələlər zəbt edib.  Qısa haşiyə çıxıb qeyd edək ki, Nilufər Həmidi baş örtüyünü düzgün örtmədiyinə görə polis nəzarətində olan zaman komaya düşən Məhsa Əminin valideynlərinin Tehran xəstəxanasında qucaqlaşdıqlarını çəkən jurnalistdir. Məhz onun Twitter-dəki bu fotosu hadisə ilə bağlı ilk xəbər olub. Jurnalist İlahə Məhəmmədi Əmininin ölkəni bürümüş kütləvi etirazların başladığı doğma şəhəri olan Saqqızda dəfn mərasimini işıqlandırıb.

Narazı insanlar etirazlarını mollanın libasını yandırmaq, mollalarının əmmaməsini başından vurub tullamaq və digər yollarla bildirilər. Bu sırada, eyni zamanda Qumda narazı xalqın Xamneyi və Xomeyninin böyük şəklinə qanı simvolizə edən qırmızı rəng səpməsini, Astara və Rəşt şəhərlərində etirazçıların hökumət qüvvələrini meydandan qovub çıxarmasını, Təbriz İncəsənət Universitetində tələbələrin Xameneyinin adını tualetdəki unitazlara yazmasını, etiraz aksiyasının iştirakçılarının Bəlucistandakı tranzit yolunu bağlamasını, Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxanı isə məsciddən evinə qayıtdığı vaxt naməlum gənclər tərəfindən döyülməsini və s. qeyd etmək olar.

İrandakı vəziyyətin getdikcə gərginləşəcəyinin qaçılmaz şəkil alacağını proqnozlaşdırmaq mümkündür. Çünki hakimiyyətin günlərdir həyata keçirdiyi repressiyalar xalqın mübarizə əzmini qıra biməyib. Tam əksinə, hazırda İran hakimiyyəti bütün qüvvəsi ilə baş verənləri gizlətməyə çalışsa  da, tarixdə özünün ən gərgin dövrünə qədəm qoymaqda, aksiyaların isə bütün əyalətləri bürüməsi reallığı ilə baş-başa qalıb.

Beynəlxalq qurumların hesabatlarına, İranda sosial şəbəkələr vasitəsilə yayılan məlumatlarda bu ölkədəki insan haqlarının durumunu, həmçinin vəziyyətin necə vahiməli olduğunu aydın görmək mümkündür. Belə ki, son məlumatlara əsasən, İranda həbsdə olan jurnalistlərin sayı 43 nəfərə çatıb  (Sərhədsiz Reportyorlar Təşkilatı).

İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda 17 sentyabrdan davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 321 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü açıqlayıb. Məlumatda 14 823 nəfərin saxlanıldığı, bunlardan 429 nəfərinin tələbə olduğu və onlardan 1891-nin kimliyi, harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Həmçinin, bu müddət ərzində 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 135 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

BMT-nin İran İslam Respublikasında insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhman isə bildirib ki, uşaqlar etirazlardan qeyri-mütənasib şəkildə təsirlənib. Rəhmanın sözlərinə görə, indiyədək onlarla uşaq öldürülüb, məktəblərə hücum edilib və nümayişlərə qatılan uşaqlar həbs edilib.

Qeyd olunanlarla yanaşı, Sistan-Bəlucistanın polis komandiri Əhməd Tahiri əyalətdə baş verən qarşıdurmada xüsusi təyinatlı qüvvələrin zabiti Möhsün Rzayinin həlak olduğunu, daha 3 zabitin isə yaralandığını açıqlayıb. Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərinin  millət vəkili Cəlal Mahmudzadə 6 etirazçının güllələnərək öldürülməsi haqqında məlumat verib. İranın Kərəc şəhərində baş verən iğtişaşlar zamanı Bəsic könüllü dəstəsinin üzvü öldürülüb, 5 asayiş keşikçisi yaralanıb.

Rəsmi Tehran, İranın dini lideri isə baş verənləri “öz əmmamələri” ilə ört-basdır etmək niyyətlərinə sadiq qalıblar. İstər İranın dini lideri Əli Xameneyi,  istərsə də prezident İbrahim Rəisi həmişəki kimi günahı xarici qüvvələrdə, ABŞ-da axtarmaqla kifayətləniblər. İranın Müdafiə Nazirliyinin, SEPAH təmsilçiləri və digərləri xalqa hərbə-zorba gəliblər, xüsusilə gəncləri sakitliyə çağırıblar, onların aldanıldığını iddia ediblər.

İran rəsmilərinin açıqlamalarında İranın parçalanması planlarından da bəhs olunur ki, bu da diqqət çəkən məqamlar sırasındadır. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Rzayi noyabrın 9-da İRNA-ya müsahibəsində bildirib ki, son etirazların “qısamüddətli” məqsədlərindən biri “İslam Respublikasının dəhliz imkanlarına təsir etməkdir. Rzayi həmçinin iddia edib ki, İrandakı etirazların uzunmüddətli məqsədi ölkənin parçalanmasıdır. Daxili işlər naziri Əhməd Vahidi də oxşar fikirlər səsləndirib və “düşmənlərin öz məqsədlərinə çatmaq üçün son aksiyaları etnikləşdirmək istəyirlər”,-deyə, iddia edib. Oxşar açıqlama ilə İran ordusunun baş komandanı Əmir Seyid Əbdülrəhim Musəvi və başqaları da çıxış edib və etiraz aksiyalarının məqsədinin İranın parçalanmasına yönəlmiş hərəkət olduğu iddia edilib.

Görünən odur k, İrandakı rejim ölkədəki gərginliyi ənənəvi formada kənarda axtarmaqla əsl həqiqəti gizlətmək niyyəti güdür. Həqiqət budur ki, İran xalqı, buradakı digər xalqların nümyəndələri əvvəlki kimi yaşamaq istəmir…

Tutaq ki, aksiyalar İran rəsmilərinin iddia etdiyi kimi, hansısa qüvvə tərəfindən idarə olunur. Bəs, bu aksiyalara zəmin verən hadisəni kim törədib? İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümünə məgər xarici qüvvə bais olub? Məhz bu hadisədən sonra  qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırmayıbmı? İndiki aksiyalar bu hadisədən alovlanmayıbmı? İranda bütövlükdə insanların, eyni zamanda digər xalqların hüqüqlarını analoqu olmayan formada məhdudlaşdıran xarici qüvvədir? Deməli, əsl günahkarı İran xalqı artıq görməkdədir. 

Aksiyalardan öncə də İranda demokratiya və insan hüquqları ilə bağlı danışmağın yersiz olduğu məlum idi. Fəqət aksiyalar İranda bu sahədəki vəziyyəti daha da mürəkkəbləşdirib. Hər küncdə casus ovuna çıxan İranda 24 yaşlı İspaniya vətəndaşı Ana Banir İranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda qeyri-müəyyən şəraitdə saxlanılır. Bəluç fəalların yaydığı məlumata görə, Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində daha 5 etnik bəluç edam edilib. Azərbaycanlı vəkil Qasım Bodi həbsindən 4 həftə keçməsinə baxmayaraq, Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Ərdəbil, Şiraz və Bircənd şəhərlərinin zindanlarında 8 məhkum edam edilib. Onlar bilərəkdən adam öldürməkdə və narkotik maddələrin satışında ittiham olunduqları üçün edam cəzasına məhkum edilmişdilər. Siyahını daha da genişləndirmək mümkündür. Amma necə deyərlər görünən dağa bələdçi lazım deyil…

Qərb mətbuatında, nüfuzlu siyasi ekspertlərin İranla bağlı fikirlərinin ana xəttini Rusiyaya silah ixracına görə İran rejiminə qarşı yeni sanksiyaların tətbiqi, İran neftinin qara bazar vasitəsilə ixracının daha ciddi şəkildə qarşısının alınması və rejimin iqtisadi cəhətdən çökdürülməsi İran xalqına rejimi daha tez devirmək üçün mühüm yardımlar təşkil edir. 

İranın xarici siyasətində buraxılan ciddi səhvlər də molla rejiminə yaxşı nəsə vəd etmir. Və bu, nəticəsiz ötüşməyəcək. Əvvəllər İran özünün düşməni kimi ABŞ-ı və İsraili görürdüsə, indi bütün dünyaya o gözlə baxır, hətta öz yaxın qonşu ölkələri ilə belə münasibətləri pozan siyasət yürüdür. Bu isə molla rejimin affekt vəziyyətinə düşdüyünü isbatlayır…

Elman Babayev

Əməkdar jurnalist 


Share: