İraq İranın qüvvələrinin Ərbil şəhərinə raket hücumunu pisləyib.
“Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraq xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, İraq hökuməti İraqın suverenliyinin və xalqının təhlükəsizliyinin pozulması hesab edilən bu hərəkətlərə qarşı bütün qanuni tədbirləri görəcək, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına şikayət edəcək.
Qeyd edək ki, ABŞ da bu zərbələri pisləyib. ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, İranın İraqın şimalındakı Ərbil şəhəri yaxınlığındakı hücumu “İraqın sabitliyini pozur”.
“Biz İranın məsuliyyətsiz raket zərbələrinə qarşıyıq”, – Metyu Miller deyib.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Ərbil şəhərinə zərbələr endirib və bəyan edib ki, hücumun məqsədi casus mərkəzlərini məhv etməkdir. Xəstəxana və səlahiyyətli mənbələrə görə, hücumlar nəticəsində 4 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb.