“İravunk” qəzeti Ermənistanın Tovuz təxribatını İFŞA ETDİ: “Azərbaycan hücum edib” və “yeni ərazi” YALANI

Erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumundan sonra Ermənistan hakimiyyətinin “Azərbaycan hücuma keçdi”, “Azərbaycan ərazilərini tutmuşuq” kimi gülünc iddiaları “İravunk” qəzeti tərəfindən alt-üst edilib.

Müstəqil.Az publika.az-a istinadla erməni qəzetin Ermənistan hakimiyyətini ifşa edən məqaləsini təqdim edir:

Kerob Sarksyanın müəllifi olduğu “Tavuş münaqişəsindən kimlər fayda götürdü?” sərlövhəli məqalədə qeyd olunur ki, baş verənlərlə bağlı açıq qalan suallar var.

“Hər şey Azərbaycana məxsus UAZ-ının erməni mövqelərinə çatanda vurulduğu fərziyyəsi ilə başladı. Bu, ən azından Müdafiə Nazirliyi tərəfindən məntiqi izaha ehtiyac duyur, xüsusi bir epizod da bunu zəruri edir. Bazar günündən başlayaraq, internetdə erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərini tutması barədə şaiyələr yayılır. Dünən bu şaiyələr daha da çoxaldı və müxtəlif xəritələr yayıldı. Sonra foto ortaya çıxdı və iddia olundu ki, bu, Ermənistan silahlı qüvvələrin tərəfindən tutulmuş Azərbaycan mövqeyində çəkilib. Bu açıqlamalar qəribədir, xüsusilə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara da kəskin ziddir. Beləliklə, nazir Davud Tonoyan Azərbaycan UAZ-nın erməni mövqelərinə yaxınlaşması nəticəsində baş verən hadisələri hökumətin iclasında təqdim etdi. Üstəlik bildirildi ki, erməni qüvvələri hətta azərbaycanlılara geri qayıtmaları üçün xəbərdarlıq edib, lakin onlar mövqeyimizi atəşə tutub, bizimkilər də cavab verib. Başqa sözlə, nazir əslində qüvvələrimizin yalnız müdafiə olunduğunu bildirdi. Həm də Azərbaycanın mövqelərini götürdüyümüz deyilir. Müdafiə olunan zaman bunu necə etmək mümkündür? Axı əraziləri tutmaq üçün hücum etməlisən”, – qəzet yazır.

Məqalədə vurğulanır ki, nazirin iddiaları ilə azərbaycanlıların dedikləri arasında da uyğunsuzluq var: “ Əvvəlcə bu, Azərbaycanın təbliğat maşını kimi görünürdü, lakin sonradan bunların təbliğat olmasına şübhələr yarandı. Xüsusilə Paşinyanın Soros mediasında və pulla işləyən bu cür media orqanlarında “bizim hücuma keçdiyimiz, azərbaycanlıları əzdiyimiz” haqda deyilənlər təəccüblü idi. Aidiyəti qurumların Azərbaycanın dediklərini nə təkzib, nə də təsdiq etməməsi da diqqət çəkir. “Mənim addımım” fraksiyasının üzvü Sipan Paşinyan “Gardaş” adlı profilin paylaşdığı (Bu profil ermənilər tərəfindən yaradılıb-red) erməni hərbi birləşmələrin mövqelər əldə etdiyini əks etdirən fotonu yaydı. Ardınca “Erməni əsgərinin xeyrinə” adlı QHT-nin rəhbəri David Torosyan Feysbukda həmin fotonu “Ermənistan silahlı qüvvələri artıq yeni mövqelər ələ keçirib” qeydi ilə paylaşdı. Əgər belədirsə, Müdafiə Nazirliyi bunu rəsmi şəkildə açıqlamalıdır. Yox açıqlamırsa, onda sual yaranır: məqsəd nədir, bizim qüvvələr əvvəldən hazırlanmış hücumu reallaşdırıblar? Bu suallar hərbi və diplomatik aləmdə bizi çətin vəziyyətə sala bilər. Yalandırsa əgər, o zaman deputatın və hökumətyönümlü ekspertlərin bu cür iddialarını necə başa düşək? Populist hərəkət? Lakin belə bir addım dövlətə zərbə vurur”.

“İravunk” başqa bir məqama da diqqət çəkir.

“Başqa bir sual: Azərbaycan müharibəyə başlamağı düşünürdüsə, niyə Qarabağı yox, Tavuşu vurdu? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantı keçirəcəyi açıqlandı və tarix təyin olundu. Sonra məlum oldu ki, toplantı qeyri-müəyyən müddətə təxirə salınıb. Rəsmi izahat budur ki, KTMT baş verənləri öyrənmək istəyir. Daha dəqiq desək, Rusiyada sərhəddə baş verənlərlə bağlı bəzi suallar yaranıb. KTMT toplantısının təxirə salınmasının Ermənistanın müvafiq qurumları tərəfindən şərh edilmədiyi isə o deməkdir ki, bizin hökumət toqquşmaların mənşəyini izah edə bilməyib”, – qəzet qeyd edir.

Məqalədə hücumun əslində Ermənistan hakimiyyətinin daxili problemlərdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən qaynaqlanan planı olduğu təsdiqlənir.

“Nikol Paşinyanın daxili problemləri var. Fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı. Ancaq hakimiyyət başa düşür ki, dünya fövqəladə vəziyyətdən çıxmağa başladığı vaxtda Ermənistanda bunu davam etdirmək çətindir və sosial-iqtisadi problemləri olan minlərlə insan küçələrə çıxacaq. Bundan əlavə, Minsk qrupu həmsədrlərindən tutmuş beynəlxalq strukturlara qədər hamı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real və səmərəli danışıqlar tələb edir. Nikol da onu danışıqlar masasında nəyin gözlədiyini yaxşı bilir”- məqalədə vurğulanır.

Müstəqil.Az

Share: