İrland tarixçi: Arxivlər Zəngəzuru bu ölkəyə aid edir – Foto

İrland tarixçi: Arxivlər Zəngəzuru bu ölkəyə aid edir – Foto

Britaniya arxivlərindən əldə edilmiş dörd xəritənin ardıcıllığı həm Zəngəzur, həm də Qarabağın demokratik Qərb tərəfindən Azərbaycanın bir hissəsi kimi qəbul edildiyini açıq şəkildə göstərir.

Müstəqil.Az  xəbər verir ki, bunu irlandiyalı tarixçi Patrik Uolş deyib.

Tarixçi Cənubi Qafqazın İngiltərə arxivlərində mövcud olan ötən əsrin əvvəllərinə aid xəritələrinə diqqət çəkib:

“Britaniya arxivlərində Cənubi Qafqazın XX əsrinin əvvəllərinə aid dörd xəritəsi var. Birincisi, 1907-ci il 3 aprel, ikincisi, 1919 və ya 1920-ci illər, üçüncüsü, 1922-ci il 17 iyul, dördüncüsü isə 1923-cü il 25 may tarixlərinə aiddir. İngilislər və müttəfiq dövlətlər tərəfindən qəbul edilən bu xəritələr Cənubi Qafqazdakı milli dövlət sərhədlərini göstərir. Həm Qarabağ, həm də Zəngəzur bu xəritələrdə Azərbaycanın sərhədləri daxilindədir.

Qafqazın ilk xəritəsi bölgənin Çar Rusiyasının işğalı altında olduğu 1907-ci ilə aiddir. Qafqaz Hərbi Qərargahının Topoqrafik Bölməsi tərəfindən hazırlanıb. Bu xəritə həmin dövrdə Türkiyədə olan görkəmli kartoqraf, mayor F. R. Maunsell tərəfindən qeydə alınıb. Bu, eyni zamanda, sonrakı xəritələrin əsas götürüldüyü orijinal sənəddir. Bunun üzərinə Çar administrasiyasının Bakıdakı inzibati əraziləri, Zaqatala, Yelizavetpol, İrəvan və digərləri qeyd edilib.

İkinci xəritə əvvəlcə “Məxfi”, daha sonra isə “Təsnifləndirilməmiş” olaraq möhürlənib. Tarixsizdir, amma 1919 və ya 1920-ci illərə aiddir. Gürcüstan, Ermənistan və Azərbaycan dövlət olaraq mövcuddur. Çünki 1918-ci il mayın 28-dən sonra hazırlanıb. Qarabağ, Zəngəzur və Naxçıvan bölgələri də bu xəritədə Azərbaycanın milli sərhədləri daxilindədir. Ermənilərin “Sevan” adlandırdığı gölə ingilislərin xəritəsində tarixi Azərbaycan adı olan “Göyçə gölü” deyilir”.

Patrik Uolş bildirib ki, ingilislər 1918-ci ilin sonundan 1919-cu ilin avqustuna qədər bütün səlahiyyətləri Azərbaycan Xalq Cümhuriyyətinə təhvil verməzdən əvvəl Azərbaycanı ələ keçirmişdilər:

“Bu müddət ərzində ərazilərin sərhədlərinin 1919-cu ildə Paris Sülh Konfransında nəhayət həll ediləcəyi bildirilsə də, Böyük Müharibənin qalibləri tərəfindən heç vaxt son qərar verilmədi. Nəticədə dövlət sərhədlərinin müəyyənləşdirilməsi 1920-1921-ci illərdə Cənubi Qafqazı ələ keçirən bolşeviklərə verildi.

Xəritələr göstərir ki, Paris Sülh Konfransı Azərbaycanın hər hansı bir ərazisini Ermənistana vermiş olsaydı, bu, Böyük Britaniyanın Ermənistanın bir hissəsi olduğuna inandığı üçün deyil, ermənilərin Birinci Dünya Müharibəsi dövründə “göstərdikləri xidmətlər” əsasında olmalıydı. Bunlar ayrı-ayrı kartoqrafların işi deyil, rəsmi müttəfiqlərin (İngiltərə, Fransa və İtaliya) nəzarətinin və Türkiyə ilə Rusiya arasındakı rəsmi beynəlxalq müqavilənin və s. nəticəsidir.

İngilislərin 1922-ci il tarixli Qafqaz xəritəsində bu qeydlər var: “Bu xəritədə göstərilən sərhədlər müttəfiqlərin qərargahı tərəfindən əllərində olan məlumatlarla yoxlanılıb, bu məlumatlara uyğun gəlir”.

1923-cü il xəritəsi Baş Qərargahın Coğrafi Bölməsi və Britaniya Hərb İdarəsi tərəfindən hazırlanıb. Muxtar Naxçıvanın sərhədləri ilə əlaqədar mənbə olaraq 1921-ci ilin martında imzalanmış Moskva, 1921-ci ilin oktyabrında imzalanmış Qars müqavilələri göstərilir. İngilis kartoqrafları bu məqsədlə Qars müqaviləsinə daxil olan rus xəritələrindən istifadə ediblər. Xatırladaq ki, qeyd olunan Sevr müqaviləsi tezliklə İngiltərə və Türkiyə arasında son danışıqlar prosesində olan Lozanna müqaviləsi ilə əvəz ediləcək.

7 nömrəli bir qeyd var: “Yuxarıda göstərilənlərdən başqa digər sərhədlər dəqiqliyi hələ şübhə altında olan hesabatlardan tərtib edilib”. Ehtimal olunur ki, bunun səbəbi Cənubi Qafqazdakı digər ərazilər və sərhədlərin o dövrdə Sovet İttifaqının tam nəzarətinə və qərar qəbuluna tabe olmalarıdır.

İrland tarixçi məlum xəritələrdə ermənilərin qondarma iddialarına dair heç bir dəlilin olmadığını söyləyib:

“Beləliklə, ingilislər Qarabağ, Zəngəzur və Zaqatalanın Azərbaycanın bir hissəsi olduğu dəlilləri, məlumatları və təcrübələrinə əsaslanaraq, Cənubi Qafqazın Sovet Rusiyasının işğalında qalacağı təqdirdə, bolşeviklərin nə edə biləcəyindən əmin ola bilmədilər.

Bu xəritələr qəti şəkildə ermənilərin “Stalin heç vaxt Qarabağı Azərbaycana vermədi” iddiasının üstündən xətt çəkir. Əslində, bu xəritələr Qarabağın Azərbaycanın bir hissəsi olduğunu göstərən Sovet sənədlərini də dəstəkləyir. Xəritələrin göstərdiyi budur ki, bolşeviklər ingilislər və müttəfiqlərin Azərbaycanın ayrılmaz hissəsi kimi gördükləri Zəngəzuru əsasən geosiyasi səbəblərdən ermənilərə veriblər.

Britaniya arxivlərindən əldə edilmiş dörd xəritənin ardıcıllığı da həm Zəngəzur, həm də Qarabağın demokratik Qərb tərəfindən Azərbaycanın bir hissəsi kimi qəbul edildiyini açıq şəkildə göstərir”.

Müstəqil.Az 

Share: