İsa Qəmbərin oğlu niyə ermənilərə yarınmaq istəyir?

İsa Qəmbərin oğlu niyə ermənilərə yarınmaq istəyir?

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Robert de Nironun “Bir Bronks əhvalatı” filmi kinoda “atalar və oğullar” mövzusuna ən möhtəşəm örnəklərdən biridir. Filmdə Kalocera adlı bir uşaq yaşadığı məhəllənin mafiya başçılarından olan Sonninin bir nəfəri öldürməsinə şahidlik edir. Polis soruşanda isə yalan deyir və Sonnini həbsxanaya düşməkdən xilas eləyir.

Sonninin atası sadə avtobus sürücüsüdür. Oğlunu dəfələrlə çəkindirməyə çalışsa da, buna mane ola bilmir. Çünki artıq zəhər oğlunun qanına nüfuz eləmişdi. Ardını yazmıram, özünüz axtarıb baxarsınız.

Dünən sosial şəbəkələr bir xəbərlə çalxalanırdı. İsa Qəmbərin oğlu İlkin Qəmbərin qondarma erməni soyqırımı ilə bağlı paylaşımı. Bu paylaşım onun da üstünü açdı ki, sən demə, İlkin Qəmbər “Ermənistan Krallığı – Roma ilə Parfiya arasında – Qədim tarix” adlı sənədli film də çəkibmiş. Filmi ərsəyə gətirənlərin arasında başqa azərbaycanlılar da var.

Erməni soyqırımı erməni lobbisini ayaq üstə saxlayan ən böyük mövzu, daha doğrusu, ən böyük yalandır. Varlıqları birbaşa bu yalana və onun isbatı cəhdlərinə bağlıdır. Bu barədə onlarla bədii və sənədli film çəkilib, dünyanın tanınmış incəsənət adamları bununla bağlı paylaşımlar eləyib, “soyqırım günü” dünyanın neçə ölkəsində yüksək səviyyədə qeyd olunur.

Bu mövzuya təkcə erməni rejissorlar yox, türk rejissorları da dəfələrlə toxunublar. Götürək elə Fatih Akının “The Cut” filmini… Film məlum hadisələr zamanı təsadüfən sağ qalan, yoldaşını və əkiz qızlarını itirən və məcburən Mardini tərk eləmək məcburiyyətində qalan Nazaret Manukyanın ətrafında cərəyan edir.

Nümunələri artırmaq olar, amma yetərlidir. Türkiyə ədəbiyyatında da belə nümunələr yetərincədir.

Burda əsas məsələ obyektivlikdir. İlkin Qəmbərlinin filmində Azərbaycana aid heç nə yoxdur. Azərbaycan tamamilə inkar olunur. Elə bil, biz heç buralarda olmamışıq, bura göydən düşmüşük.

Bizim ən böyük problemimiz də budur. Həmişə düşünmüşəm ki, görəsən, biz özümüzə niyə bu qədər qəddarıq? Məsələn, hansısa erməni belə bir film çəkərmi? Xalqını, millətini inkar eləyən, görməzdən gələn bir video… Qətiyyən! Biz isə öz insanımızdan adicə obyektivliyi belə görmürük.

Yuxarıda filmdən misalı boş yerə çəkmədim. Bildiyiniz kimi İlkin Qəmbər bir zamanlar ölkə siyasətinin bayraqdarlarından olan İsa Qəmbərin oğludur. Başqa da heç nə ilə tanınmır.

– İlkin Qəmbər kimdir?

– İsa Qəmbərin oğlu.

Vəssalam! Adamın ölkədəki tanınmışlığı, nüfuzu bundan ibarətdir.

Təbii ki, övladlara görə atalara, atalara görə övladlara yüklənməyin qəti şəkildə əleyhinəyəm. Sivil cəmiyyətlərdə bu tip məsələlər “sabun köpüyü”dür. Hə, insanlar tum çırtlaya-çırtlaya müzakirə eləyə bilər. Necə ki, sulu türk seriallarını müzakirə eləyir…

Məlum şəxsin “soyqırım”la bağlı paylaşımına, “böyük ermənistan”la bağlı film çəkməyinə loyal yanaşmağa çalışanlar da oldu. Loyal yanaşmaq deyəndə ki, loru dildə desək, malalamağa çalışanlar. Səbəb məlumdur.

İstər-istəməz insanı bir sual düşündürür. Görəsən, bu hərəkəti bir deputat və ya nazir oğlu, müxalif cəbhədə olmayan birinin oğlu eləsəydi, buna münasibət necə olardı? O deputatın, nazirin nəslində nə ki adam var, məmə yeyənindən pəpə yeyəninə qədər hər kəsi çıxarıb qoymuşdular Alov qüllələrinin tən ortasına… Arada Prometey kimi ətindən bir az qoparıb çəkirdilər dişlərinə… Laborotoriya şəraitində qanında erməni qanı da axtarırdılar indi.

Demirəm ki, nazir və ya deputat övladları peyğəmbər övladıdır. Onların da elədikləri göz qabağındadır. Məsələ ikili standartlardır. Dəyərlərin aşınmasıdır. Pisdirsə, qınanmalıdır, vəssalam!

Ta oturub düşünməməlisən ki, görən nə yazım ki, filankəs müəllimin “çest” inə dəyməyim? Bunu dediyin an hər şey darmadağın olur. Min hərəkət bir hərəkətdən başlayır. Gərək əvvəldən ipdən bərk yapışasan.

Böyük xalqlar ona görə böyükdürlər ki, onlar onlara qarşı olan mövzuları içlərində əridə bilirlər. Kiçik millətlər isə aqressiv olurlar. Keçmişin acısı onları rahat olmağa qoymur. Həm monoetnik olduğu ilə fəxr eləyən, həm də imperiya qurduğunu iddia eləyən, iynə ucu boyda tənqiddə söyüşlər, təhqirlər, təhdidlər yağdıran şovinist qonşularımız kimi.

Ermənilər xalqdan çox icmadırlar. Çünki əks fikir yoxdur. Əks fikirləri daha çox erməni dilində deyirlər. İngilis, rus və başqa dillərdə ya bizi söyürlər, ya da özlərini “ən qədim xalq” çıxarırlar. Əgər ermənisənsə, mütləq bu qızıl qaydaya riayət eləməlisən. Əks halda, səni “satqın” damğası yapışdırıb icmadan rədd eləyəklər.

Xalq olmağın ən böyük məziyyəti fikir ayrılığıdır. Fikir ayrılığı yoxdur, xalq da yoxdur. Bir ölkədə sağçısı da, solçusu da, dindarı da, millətçisi də sərbəst dolana, fəaliyyət göstərə bilmirsə, deməli, orda xalq yoxdur, cəmiyyət formalaşmayıb.

Azərbaycanda müxtəlif fikirli adamlar vaxtaşırı sıxışdırılsa da, qonşularımızdan daha dözümlü olduğumuz dəqiqdir. Səbəbləri çoxdur. Əsas səbəbi budur ki, Azərbaycan onlarla millətin bir yerdə dil tapdığı, dost, qardaş, ailə olduğu bir ölkədir. Ölkənin multikultural bünövrəsi, ənənəsi var.

Həmçinin müxtəlif dindən olan adamlar da bu ölkədə son dərəcə rahat şəkildə dinini yaşayır. Hərçənd ki, cənub qonşularımız vaxtaşırı barmaq eləyib çarxı tərsinə döndərmək istəyir, ancaq hələ ki, proses bir nəticə vermir. Çünki o qədər də böyük ölkədə yaşamırıq. Çox adam bir-birini tanıyır, bir-birinin üzünə baxır. Dostudur, iş yoldaşıdır, qonşusudur və s. Artıq sağlam təməllər atılıb.

Bacardığımız qədər bu məsələləri görməzdən gəlməli, tarixin kanalizasiyasına axıtmalıyıq. Yadınıza salın, əvvəllər kimlər var idi? Nələr-nələr danışırdılar. İndi izləri-tozları yoxdur, ya da alverlə-filan başlarını qatırlar. Hərçənd bu filmin özü də bir alverdir. Özü də insan alveri.

Söhbət təkcə İsa Qəmbərin oğlu İlkindən getmir. Bir qrup azərbaycanlı ölkədən çıxan kimi özünü, sözünü, düşüncəsini – hər şeyini belə satışa qoyur və elə bununla da dolanır. Nə deyək, Allah bazar versin!

Share: