İSGƏNDƏR FƏRHADOĞLUNUN TƏMSİLLƏRİ…

İSGƏNDƏR FƏRHADOĞLUNUN TƏMSİLLƏRİ…

KİRKİRƏ İŞTAHASI

 

– Ehtiyacım yox suya,

Ehtiyacım yox pərə.

Daşı da üyüdərəm! –

Söyləyirdi Kirkirə…

 

Bu lovğa Kirkirənin,

Böyük idi istəyi.

Etibarlı əldəydi,

Çünki onun dəstəyi…

 

 

MİŞAR

 

Mişar çoxlu Taxtanı,

Kəsmişdi neçə kərə.

Bitili Palıdı da

Kəsib yıxmışdı yerə…

Köhnə taxtanı isə,

Görüb, geri durmuşdu.

…Bir vaxt mismarlı Taxta,

Dişini sındırmışdı!..

 

RƏQABƏT

 

İki Qoç yerli-yersiz,

Toqquşurdu hər zaman.

 

 

Bir-birini yıxmağa,

Can atırdı durmadan…

 

…Buynuzlar tab etmədi,

Buynuzlar qopub düşdü, –

Onlar yenə doymadı.

Uzun sözün qısası,

Bu iki Qoçun başı,

Bir qazanda qaynadı…

 

KƏRTƏNKƏLƏ

 

Çəmənliyə göndərdilər,

Çəmənliyə uyğunlaşdı –

yaşıllaşdı.

Çınqıllıqda iş verdilər,

Boz don geydi –

uyğunlaşdı.

Gah ağaca dırmandı,

Gah ilan tək süründü.

Məqsədinə çatmaq üçün,

Yüz kələyə büründü…

 

Fəqət, bir gün keçdi ələ,

Quyruğunu qoyub, qaçdı

Kərtənkələ, Kərtənkələ…

 

 

SAC

 

Sac hər zaman deyirdi:

– Bilin, “Bala Günəşəm!”

Hərarət mənbəyiyəm, –

Şəfa yaymaqdır peşəm…

 

…Kimə gərək olsaydı,

Sac dayaq axtarırdı.

Hey düşüb əl-ayaqdan,

Sacayaq axtarırdı…

 

 

 

 

DÖRD RƏNGLİ QƏLƏM

 

O, istəsə yüz sözü,

Bir ahənglə yazırdı.

İstəsə bir kəlməni,

Düz dörd rənglə yazırdı…

Sən demə yalanları,

Qırmızı yazan oymuş.

Düzü göyə, yaşıla,

Qaraya yozan oymuş.

Arxada böhtan yazıb,

Üzlərə gülən imiş.

Dörd sözlü, dörd sifətli,

Dörd rəngli Qələm imiş…

 

MALA VƏ DİVAR

 

Əyri Divar

Malanın,

Yolunu gözləyirdi…

Çünki bu Mala onun Eybini gizləyirdi!..

 

 

QANQAL

 

Güllərin cərgəsində,

Bircüt Qanqal bitmişdi.

Güllərin cərgəsində,

Bir cüt Qanqal itmişdi!..

 

 

 

 

TÜL PƏRDƏ

 

Ömrü boy pərdəlik

Etməsə də Tül Pərdə –

Pərddən də qabaqda,

Asılırdı

hər yerdə…

 

 

TOP

 

Atsalar da Divara,

Vursalar da Dirəyə, –

Onlardan üz çevirib

Topdönürdü geriyə…

 

XƏLBİR

 

Taxıla qarışmışdı

Alaqotu toxumu.

Hamı elə bilirdi,

O, Taxılın doğmaca,

Qohumudur, qohumu.

Tezliklə o, çuvalda,

Taxılla dilbir oldu…

(Yaxşı ki Xəlbir varmış!..)

O xəbisi axtaran,

Arıyan Xəlbir oldu,

Onu təmiz taxıldan,

Ayıran Xəlbir oldu!..

 

FIRÇA

 

Fırça Daşa, Divara

İncə naxış vururdu.

Adi, cansız Kağıza,

Yeni həyat verirdi.

 

Ancaq hamı qorxurdu,

Onun bir əməlindən;

(Ləkə yaxmaq gəlirdi,

Axı həm də əlindən!..)

 

ƏRKÖYÜN BALA

 

Bir Kenduru balası,

Keçdi qlın kollardan.

Enli yarağanlardan,

Təhlükəli yollardan…

 

…Ancaq bunun səbəbi,

Sirr deyil bir kəsə də.

Axı, anası onu,

Gəzdirirdi kisədə!..

 

CİB FƏNƏRİ

 

Qaranlıq bir gecədə,

Söylədi Cib Fənəri:

-Məni əvəz etməyə,

Kimin çatar hünəri?!

Heç Ay da məmim qədər,

Şəfəqlər saça bilməz.

Ulduzlar yüz il yansa,

Səhəri aça bilməz…

 

…Özünün aləmində,

O, sönməz Günə döndü.

Gecə yarı olmamış,

Zəiflədi və… söndü.

 

BIÇAQLAR

 

Bıçaq dedi Bıçağa:

-Tək əldən də səs çıxar?!

Gəl birləşək,

birləşsək,

Gücümüz lap dağ yıxar.

 

Birləşdilər…

Onların

Taleyi acı oldu.

İki Bıçaq bir anda,

Çevrilib, Qayçı oldu…

 

ÇƏRPƏLƏNG

 

Yerdən azca qalxaraq,

Belə dedi Çərpələng:

-Yerlərə sığışarmı,

Mənim kimi bir nəhəng?!

İstəsəm, gecə-gündüz,

Səmalarda süzərəm.

İstəsəm, lap Günəşin

Qarşısını kəsərəm.

Bulud tək boşalaram,

Bulud kimi dolaram

Mən öz sərin kölgəmi,

Səhralara salaram.

Uca-uca dağları,

Saxlayaram kölgədə.

Mən olmasam quruyar,

Göllər, çaylar, bəlkə də…

 

Özündən razı-razı,

Öyünsə də bu “nəhəng”,

Bircə sapla torpağa

Bağlı idi Çərpələng !..

 

MƏQALƏ

 

Çil Toyuğun haqqında,

Bir məqalə yazdı Qaz:

– Dolaşsanız dünyanı,

Belə Toyuq tapılmaz.

Yoxdur ona bərabər,

Nə fermada, nə hində.

İldə dörd yüz yumurta,

Yumurtlayır bu sində…

 

…Müəllif əsas mətləbi,

Heç salmırdı yadına.

Üç fərə işləyirdi,

Çil Toyuğun adına!..

 

İSGƏNDƏR FƏRHADOĞLU

Müstəqil.Az

Share: