Ağrıyan gecə…
Hamı tərəfindən unudulmaqdı
ağrılarına bürünüb gecəni
sübhə daşımaq.
Pəncərəni döyəcləyən küləyin
vahiməli səsindən,
xəstə uşaq kimi zarıyan pişiyin
iniltisindən gizlətdiyin qulaqların
səhərə kar doğular.
Yumulmayan kirpiklərini
qucaqlayan barmaqların kor olar,
yuvasını tapmaz.
Saçların balışla savaşar,
məğlub olmaz,
bir-birinə dolaşıb boğular.
Şirin yuxu diləməz,
“gecən xeyrə qalsın” deməz,
ömrünə yazılan o adam da.
Bədbəxt görünər gözünə narahat
yatağının adamsız tərəfi.
Divarları cırmaqlayan kölgənin
qanayan dırnaqlarından
ölüm qoxusu gələr.
Fikrin ruhuna sədd çəkirmiş kimi
duman şəkli cızar
baxışlarınla yorduğun tavanda.
Ay nə qədər hüznlü,
ulduzların işıq libası oğurlanıb.
Qaranlıq rəngində kədər yağır
əyinlərindən.
Göy üzü ikiqatdı, sancı-sancı,
göynək-göynək doğranır…
Tanrı mələklərinin dərslərini yoxlayır,
nə gecənin, nə sənin dərdin
vecinə deyil,
Sabahkı tapşırıqları yerbəyer
edir beynində…
Yetim qalmaq
qismətidir bu eşqin…
Bilirəm, ömrünə kədər gətirdim,
Ayrılaq, taleyin hirsi soyusun.
Mən özümü həsrətəcən ötürdüm,
Sən də çıx get, artıq təməl qoyulsun.
Nə gördük ki, göz yaşından savayı,
Qısır oldu bu sevdanın sevinci.
Təkcə dərddi bizə düşən havayı,
Hara getsək tapdı bizi birinci.
Arzularım qundağında boğulur,
Vüsalını dadmadı heç əllərim.
Duyğuların yad adamda doğulur,
Sığalını yadırğayır tellərim.
İnanmıram fələk bizi qarğıya,
Bədxahların nəfsi kəsdi bu eşqi.
Məhəl qoyma sinəmdəki ağrıya,
Yetim qalmaq qismətidi bu eşqin.
Nəm gözlərim yollarına yıxılsın,
İntizarın dara çəksin ruhumu.
Bu sevgidən sən-mən adı çıxılsın,
Kiridərəm için-için ahımı…
Ayrılığın mürgü vursun gözümdə,
Qollarıma yiyə dursun sənsizlik.
Mən birtəhər güc taparam özümdə
Təki səni ağrıtmasın mənsizlik…
Get, sevincin qucaqlasın boynunu,
İşıq bitsin yollarında, izində.
Uduzanı mən olum bu “oyunun”,
Gedişinə yas tutaram gizlində…
Nahaq öldürdün məni…
İşığın izinə düşmüşdüm,
sərmişdim əllərimi qaranlığın
üstünə,
günəş kimi gülümsəyirdi içim.
Qoymuşdum buludları yerinə,
sevinc ələnirdi baxışlarımdan.
Az qalırdı ümidlərimi qovan
ayrılığı keçim,
nahaq öldürdün məni…
Təzədən uşaq olmuşdum
yaşamadıqlarını yaşayan,
harda bir sevinc görsə
ürəyinə daşıyan.
Rənglərə boyanmışdı dünyam,
sənin yuva əllərinlə,
bir az ərköyün olmuşdum,
bir az dəcəl qız kimi…
elə öyünürdüm ki, sevdiyin
tellərimlə
nahaq öldürdün məni…
Şeirlərim əlçim-əlçim
arzuya dönürdü,
Duaya sarılırdı dilim,
şükran diləklərim xoşuna
gəlirdi Tanrının.
Könül evimdə qəm çırağı
sönürdü,
sətir-sətir sənə köçürdüm,
heca-heca nur hörürdü
barmaqlarım,
nahaq öldürdün məni…
Qu quşu nəğməsiydi
dodaqlarımdan qopan ah,
söz dadında öpüşlərin
süzülürdü gözlərimdən
eşq adına.
Ən gözəl musiqi idi səsin,
xoşbəxt olurdu qulaqlarım
pıçıltılarınla,
nahaq öldürdün məni…
Vida məktubuydu üzündən
oxuduqlarım,
çəkdi məni xatirələrin qoynuna.
Qarlı gündə qismətin “toruna”
düşmüşdük,
tapılmayan nemət kimi
görüşmüşdük.
O qar bizi isitmişdi,
bu qar üşütdü məni.
Uddum qəhərimi,
asdım soyuqluğundan
son kəlməmi:
nahaq öldürdün məni.
Ölürdü, vallah, ağrılar ölürdü,
nahaq öldürdün məni…
Ana oluram misralarıma
Yollar çox yordu məni,
and içdim ayaqlarıma
daha qəmə bulaşdırmayacam
izlərimi.
Köçürəm kədərin villasından,
bir sevinc daxması tikdim ruhuma.
Qollarımı boşluq zindanından azad edirəm,
qucaqlayıram özümü.
Ölməkmi?
Nə ölməsi, yaşamaq lazım, yaşamaq!
Ulduzların öpüşünü təbəssüm
edirəm dodaqlarıma,
bu gecə ay da eşqlə baxır gözümə,
göy üzü ritmini tutur xoşbəxtliyin.
Bəyaz gəlinlik geyinir hisslərim,
duyğularımdan sevgi doğulur,
bətni sevinir ruhumun,
ana oluram misralarıma…
Sən ey, ilahi adam…
Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,
əllərini arayıb boşa çıxmaq zülümdü.
Bu kədərlə nə etsəm olmur “diri” dayanmaq,
bu ayrılıq deyil ki, bu bildiyin ölümdü…
Yolları yadırğayan izə dönüb gözlərim,
çəkilib uzaqlara su səpir yanağıma.
Elə taqətdən düşüb qollarınsız dizlərim,
cavab verə bilmirəm özümün qınağına.
Qorxuram son nəfəsdə adını sayıqlayam,
diksinib xatirələr dualara qarışa.
Yalanları adlayıb, gerçəyi ayaqlayam,
əcəlin barmaqları xəyalınla yarışa.
Yaddaşına sığal çək, gözləyənin var burda,
ruhum əsir üstünə, duymursanmı, sevdiyim?
Qübarında boğulan bu ürək qalıb darda,
Sən ey, ilahi adam, sən ey evim dediyim!..
Barmaqlarımın
matəm səsi…
Ən çox barmaqlarım ağladı
yazılmayan misralara.
Qəfil yaxalandı rütubətin
analıq bəxş etdiyi hüceyrələrə.
Dərd süzülən ovcumda
ağrısını ovudardı bəlkə də,
ruhumda qırılan səs öldürdü
şeirini itirən barmaqlarımı.
Kötük yükü çəkir indi
qələmə yadlaşan barmaqlarım.
Duyğularım havada asılı qalır,
ağ vərəq kəfən olur çiliklənən hecalara.
“Toppuşluq yaraşır əllərimə” təsəllisi,
bir dəqiqəyə məğlub olur gözlərimə.
Göyərmiş dırnaqlarımın rəng boyası
su dəyənəcəndi əllərimə.
Ümidlərin “bəlkə” qışqırığı
bətninə inam salır çarəsizliyin,
susur gecənin üzünə
barmaqlarımın matəm səsi…
Bilməzsən…
Bir az unutqanlıq səpələnər çiyinlərinə,
unudarsan saçlarımın döyüş bölgəsində olduğunu,
xatırlamazsan ayaqlarımın yerimədiyini.
Əllərində aha çevrilər dilində susan kəlmələr…
gözlərindən gilə-gilə ayrılıq tökülər.
Bir az sıyrılmış dizimin qanı qorxudar səni,
heyfin gələr göyərmiş dodaqlarıma.
Köz arayarsan atəşin söndüyü yerdə,
qığılcıma sarılan hisslərin yaddaşsız doğular,
bilməzsən ocaq öpüşündən alovlanar…
Bir az yağışa düşər baxışların,
yanaqlarımın yaşında isladarsan kirpiklərini.
İtirərsən qollarını boynumda,
sığınar köksünə ürək döyüntülərim,
unudarsan bunun qucaqlamaq olduğunu…
Bir az aynalarda əksini axtararsan,
üşüdər könlünü yoxluq havası…
Hənirti arayarsan sükut notunda
pıçıltılar aldadar qulaqlarını…
Duymazsan ruhumun “əlvidasını”,
bilməzsən getdiyimi, bilməzsən öldüyümü…
Yoxa, məchula çıxacam
Qapına gələn yorğunam,
Hanı qapının açarı?
Yüz yalanda bir doğrunam,
Al evinə bu naçarı.
Aç uyuyum dizlərində,
Dizlərin savaba batsın.
Hicran gəlib izlərində,
Qoyma diləyinə çatsın…
Alım gözümün ağrısın,
Sonra xəyala dönəcəm.
Lap əzab məni doğrasın,
Könül taxtından enəcəm.
Yox olacam dumanlarda,
Gözümdə bulud bitəcək.
Bəlkələr də, gümanlar da
Düşüb yollarda itəcək.
Varıb qeyblərin göyünə,
Yoxa, məchula çıxacam.
Kilidlənib bir düyünə,
Kəndirə boyun sıxacam.
Bircə gecə…
İnsafın olsun göy üzü
bir gecəlik
zülmətini çək içinə.
Bir ulduzu pay ver mənə
yastığımda rəqs eləsin
saçlarımın havasına.
Bir az nurundan götürüm
pərdə tutum qaranlığın
yuvasına…
Buz donunda təklik ruhu
var-gəl edir otağımda,
ayı ver çəkim üstümə
örtüyüm olsun bu gecə.
Qucaqlasın işıq məni,
qaranlığın canı çıxsın
yatağımda…
Həsrətin yorduğu ömür kimidi
qaranlıqdan doyan gözüm,
bir az yuxu umacağı,
bir az işıq istəyi var.
İnsafın olsun göy üzü,
bircə gecə
zülmətini çək içinə…
“Ədəbiyyat qəzeti”
26.01. 2024